Samir Poladov: “2020-ci ilin noyabrından bəri Azərbaycanda mina terrorunun qurbanı 425 nəfər olub”
“Meşə massivlərində, o cümlədən ağacların üzərinə yerləşdirilmiş minalar da aşkarlamışıq. Mina və partlayıcı qurğular kommunal infrastruktur obyektlərinin — kabel xətlərinin və su quyularının ətrafında da basdırılıb”.
1news.az-ın müxbiri xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) altıncı günü çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhər bərpası: humanitar minatəmizləmə fəaliyyətinin həlledici rolu” adlı panel sessiyada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov səsləndirib.
S.Poladov bildirib ki, kəhrizlər qədim yeraltı suvarma sistemidir və bu gün də mövcudluğunu qoruyaraq öz unikallığını saxlayır. Bir çox ərazilərdə tarixən suvarma üçün yeganə su mənbəyi məhz bu sistem olub.
“Bu səbəbdən bərpa işləri belə infrastrukturu əhatə etdikdə, təhlükəsiz girişin və restavrasiyanın təmin olunması üçün ilk növbədə minatəmizləmə əməliyyatları həyata keçirilməlidir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, 2020-ci ildə müharibənin başlanmasından bu günədək partlayıcı qurğuların qurbanı olanların sayı 425 nəfər təşkil edib. Onlardan 73 nəfər həlak olub, 352 nəfər isə ağır yaralanıb. Zərərçəkənlərin əksəriyyəti müxtəlif yaş qruplarından olan mülki şəxslərdir. Təəssüf ki, mina partlayışları nəticəsində uşaqlar da həyatını itirib.
“Qeyd edilməlidir ki, 2020-ci illə müqayisədə mülki əhali arasında baş verən mina insidentlərinin sayı azalıb. Bu, əsasən ölkə üzrə həyata keçirdiyimiz genişmiqyaslı mina təhlükəsinə dair maarifləndirmə və məlumatlandırma proqramlarının nəticəsidir. Bununla belə, təəssüf ki, belə hallar hələ də zaman-zaman baş verir”, - deyə Samir Poladov bildirib.












