“Şəhərlər təhlükəsizlik məkanı olmalıdır” – Bahar Muradova WUF13-də çıxış edib
WUF13 çərçivəsində Bakıda keçirilən Qadınlar Assambleyasında Bahar Muradova giriş nitqi ilə çıxış edib.
1news.az xəbər verir ki, o, çıxışının əvvəlində forum iştirakçılarını salamlayaraq qadın inklüzivliyi, şəhər inkişafı və əlçatan mənzil məsələlərinin beynəlxalq gündəliyə daxil edilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib.
Bahar Muradovanın sözlərinə görə, müasir şəhərlər yalnız iqtisadi mərkəzlər kimi deyil, həm də təhlükəsizlik, əlçatanlıq və yüksək həyat keyfiyyəti təmin edən məkanlar kimi qiymətləndirilməlidir.
O vurğulayıb ki, qadınlar və qızlar təhlükəsiz və layiqli mənzilə çıxış baxımından, xüsusilə silahlı münaqişələr, humanitar böhranlar və iqlim dəyişiklikləri fonunda ciddi çətinliklərlə üzləşirlər.
“İnsanların həyatı yalnız iqtisadi imkanlardan deyil, həm də şəhərlərdə təhlükəsiz, əlçatan və insan yönümlü məkanların mövcudluğundan asılıdır”, — deyə o bildirib.
Komitə sədri qeyd edib ki, gender yönümlü yanaşmalar “Hamı üçün mənzil” strategiyasının əsasını təşkil edir və mülkiyyət hüquqlarına, iqtisadi imkanlara və sosial müdafiə mexanizmlərinə bərabər çıxış gender bərabərliyinin möhkəmlənməsinə xidmət etməlidir.
Çıxışda Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma və şəhərsalma siyasətinə də xüsusi diqqət ayrılıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə “ağıllı” və dayanıqlı şəhər modelləri yaşıl inkişaf, sosial inteqrasiya və təhlükəsiz şəhər mühiti prinsipləri əsasında qurulur.
Bahar Muradova əlavə edib ki, bu yanaşmalar Bakı şəhərinin baş planında da öz əksini tapıb və burada ictimai məkanların inkişafı, mobillik, yaşıl infrastruktur və sosial xidmətlər prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
O, həmçinin memarlıq və şəhərsalma proseslərində qadınların iştirakının vacibliyini vurğulayaraq dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti arasında koordinasiyanın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Sonda komitə sədri bildirib ki, WUF13-ün nəticələri daha inklüziv, təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşmasına töhfə verməli, Azərbaycan isə bu sahədə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsini davam etdirəcək.












