Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit c virusuna yoluxub - İTTİHAM AKTI | 1news.az | Xəbərlər
Cəmiyyət

Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit c virusuna yoluxub - İTTİHAM AKTI

11:24 - Bu gün
Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit c virusuna yoluxub - İTTİHAM AKTI

"UĞUR 777 estetik mərkəz"də yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevaya ilə bağlı açılan cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

1news.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxslərin ali və orta tibb təhsili yoxdur və onlar qanunsuz olaraq "Uğur 777" adı altında estetik əməliyyat mərkəzi yaradıb, orada fəaliyyət göstəriblər. Belə ki, mərkəzə esterik əməliyyat üçün müraciət edən Ləman Nəbiyevdam 600 manat ödəniş alınıb. Lakin qüsurlu əməliyyat baş tutub.

Həmçinin Ceyhunə Fərəcovanın əməliyyat olunması üçün 2400 manat ödəniş edilib, lakin qüsurlu əməliyyat həyata keçirib. Eyni zamanda zərərçəkmiş Hepatet C virusuna yoluxub.

Daha sonra Ləman Əhmədli 501 manat ödəniş edilib və qüsurlu əməliyyat həyata keçirilib. Tamara Səlimova qaş korreksiyası proseduru üçün müraciət edib 650 manat, Şamama Quliyeva da həmin proses üzrə 600 manat ödəniş edib, hər iki əməliyyat uğursuz keçib.

İttiham olunan hər üç şəxs özünü təqsirli bilməyib.

Qeyd edək ki, 2025-ci ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə məlumat və videogörüntülər yayılıb.

Sözügedən məlumatlarla bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, "UĞUR 777 estetik mərkəz"in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar zamanı onların müvafiq ali və ya orta ixtisas tibbi təhsili, "Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamələri"nin olmadığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilib.

Eyni zamanda, Xəyalə İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilib.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər