Azərbaycan Xalq Cümhuriyyəti – istiqlaliyyət dastanı! | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Xalq Cümhuriyyəti – istiqlaliyyət dastanı!

10:45 - 28 / 05 / 2020
Azərbaycan Xalq Cümhuriyyəti – istiqlaliyyət dastanı!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi
İstəyirəm SƏMA kimi!
GÜNƏŞ kimi!
CAHAN kimi! 

(Xəlil Rza Ulutürk)

Tarixdə dərin iz buraxmış o şanlı  istiqlalımızdan 102 il ötür. Məhz 102 il əvvəl, 1918-ci il mayın 28-də istiqlal mücahidilərimizin parlaq siması Məmməd Əmin Rəsulzadənin öndərliyi ilə müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində silinməz iz buraxdı, sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə və yaşatmağa qadir xalqdır. Müstəqilliyi nail olmaq üçünsə çox çətin sınaqlardan çıxmadan, qurbanlar vermədən mümkün deyil.

İstiqlala aparan yol

1914-cü ildə başlayan Birinci Dünya Müharibəsi çar Rusiyasında daxili gərginliyi daha da artırmış, hakimiyyətdən narazılıq pik həddinə çatmışdı. Bunun nəticəsi olaraq 1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar.

Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

1918-ci il mayın 27-də müsəlman fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu.

Mayın 28-də Milli Şura 6 maddədən ibarət İstiqlal bəyannaməsini qəbul etdi. Bununla da müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbayan Xalq Cümhuriyyətinin bünövrəsi qoyuldu.

Fikrimcə hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Ona gedən yol böyük mübarizələrdən keçir. Azadlığı qazanmaq və qoruyub saxlamaq qurban tələb edir.

Yarandığı andan başlayaraq müstəqilliyimizi qoruyub saxlamaq üçün ciddi tədbirlər görüldü. Baş nazir Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbərini elan etdi. İyun ayının 4-də qardaş Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağlanaraq hərbi yardım alındı. İyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli – göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçki hüququ verildi.

Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları, türk olmayan xalqlar üçün türk dilli kurslar açıldı. 1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı Dövlət Universiteti açıldı. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz – “İstiqlal” muzeyi yaradıldı.

Bütün bunlara baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. 1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildi. 

Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox böyük işlər gördü, sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, demokratik prinsiplərə əsaslanan sivil dövlət qurmağa qadir bir xalqdır.

Xalqımızın istiqlal ideyası yenilmədi  və M.Ə.Rəsulzadənin  “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ,  BİR DAHA ENMƏZ!” şüarı cümhuriyyətdən sonra da fəaliyyətini davam etdirən mühacirət hökmətinin qəlbində əbədi yaşadı, sonadək mübarizə aparıldı.

Sovet Rusiyasının imperializm siyasəti

İmperializm qonşu dövlətlərə və bölgələrə öz hakimliyini genişləndirməyi hədəfləyən qanadlarını digər bölgələrə yaymağa başlayan siyasətdir..! Digər formada desək, imperializm tamamilə başqa bir əraziyə və ya ölkəyə və ya qonşu əraziyə total nəzarət etmək deməkdir.  Bu münasibətlər həmin dövür Azərbaycan xalqına qarşı da bəslənilirdi.

Artıq şimaldan gələn külək müstəqilliyimizi təhlükə altında qoydu. Azərbaycanın müstəqillik qazanması ilə barışa bilməyən Sovet Rusiyası 1920-ci il aprelin 27-də 11-ci ordunu ölkəmizə yeridərək müstəqilliyimizə son qoydu! Uzun mübarizdən sonra bərpa edilmiş müstəqillik tezliklə itirildi. Onun süqutundan sonra Sovet imperiyasının 70 illik əsarət dövrü başladı...!

Bir çox dünya xalqları kimi azərbaycanlılar da tarixin müxtəlif mərhələlərində ağır sınaqlarla üzləşiblər. Bu dövr milli adət-ənənələrə və dini dəyərlərə qarşı ciddi qadağaların tətbiq edilməsi, Azərbaycan ziyalılarının və din xadimlərinin repressiyalara məruz qalması, sürgün edilməsi və qətlə yetirilməsi ilə yadda qalıb. Mədəniyyət, təhsil və səhiyyə sahələrində bir sıra nailiyyətlərin əldə olunduğu həmin dövrdə bir çox maddi-mədəniyyət abidələri, məscid və kilsələr dağıdılıb.

Sovet hökuməti açıq-aşkar Azərbaycanda ruslaşdırma və erməniləşdirmə siyasəti yeridirdi. Bu siyasət ölkənin paytaxtında – “beynəlmiləl” şəhər kimi təbliğ olunan Bakıda daha sürətlə gedirdi. Rus dili Azərbaycan dilini sıxışdırmış, dövlət dilinə çevrilmişdi. Sovet hakimiyyəti illərində Azərbaycan ərazisinin qonşulara paylanması siyasəti məqsədyönlü surətdə davam etdirilib.

Yenidən müstəqilliyin əldə olunması..!

Xalq öz azadlığını və müstəqilliyini qoruyub saxlamağı bacarmalıdır. Bunun üçün də hər bir insan üzərinə düşən vətəndaş borcunu layiqincə yerinə yetirməlidir. Məhşur filosof  Benedikt Spinozanın dili ilə desək:  “Azadlıq dərk olunmuş zərurətdir..!”

Sovet əsarətində olan zaman belə xalqımızın müstəqillik, istiqlaliyyət arzusu alovlanmaqda davam edirdi və sonda bu arzu reallığa çevrildi, 1991-ci ildə dövlətimiz bir əsrdə ikinci dəfə müstəqilliyini elan etdi.

Uğurlu dövlət quruculuğu Azərbaycanın müstəqilliyini möhkəmləndirdi

Xalqımızın başına gəlmiş hadisələr, tarix bir daha göstərir ki, xalqın azadlıq əldə etməsilə iş qurtarmır. Daha vacib olanı bu azadlığı qorumaq, onu yaşatmaqdır.

Hər kəs yaxşı bilir ki, ümummilli lider Heydər Əliyev müstəqil müasir Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. 

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxışı zamanı 1993-cü ilin tariximizdə dönüş nöqtəsi olduğunu vurğulayıb: “Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan, demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.

Qeyd edək ki, İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü - Respublika Günü kimi qeyd edilir.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Son illər Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi nailiyyətləri beynəlxalq miqyasda da təqdir olunur, yüksək qiymətləndirilir.

Bu gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulayıram.

Min bir əziyyətlə əldə etdiyimiz müstəqilliyimiz əbədi olsun!

Respublika Günümüz mübarək!

Aydın Tağıyev

 

Paylaş:
615

Son xəbərlər

Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09
Bütün xəbərlər