Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi | 1news.az | Xəbərlər
Siyasət

Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

13:24 - 17 / 02 / 2020
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. 1988-ci il fevralın 8-də ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər.

1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib. O qeyd edib ki, sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kompaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar.

“SSRİ rəhbərliyinin himayədarlığı sayəsində Ermənistan Dağlıq Qarabağ regionunda hərbi əməliyyatları genişləndirməklə yanaşı, 1988-ci ildən - 1991-ci ilin sonunadək Azərbaycanın Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarına 304 dəfə silahlı hücum etmiş, 1249 dəfə kütləvi artilleriya atəşinə tutmuş, nəticədə 411 nəfər öldürülmüşdü. Hücumlar Naxçıvan, Sədərək və Ordubad istiqamətlərində də edilmişdi. Halbuki, adı çəkilən və Ermənistanla sərhəddə yerləşən bu rayonların ermənilərin ərazi iddiası olan Dağlıq Qarabağa aidiyyəti yox idi. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün təkcə Dağlıq Qarabağla məhdudlaşmadığını göstərirdi” , - deyə Elçin Əhmədov vurğulayıb.

Onun sözlərinə görə, 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, Salakətin, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik, azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı.

Bununla yanaşı, 1988-1991-ci illərdə etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 350 min nəfərə qədər azərbaycanlı təcavüzə məruz qalaraq qovuldu. Ermənilər tərəfindən 217 azərbaycanlı qətlə yetirildi. Bu illərdə 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncələr verildiyini deyən E.Əhmədov əlavə edib ki, qeyd olunan illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşətutma halları qeydə alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır. 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər keçən dövr ərzində get-gedə kəskinləşən münaqişəni nizama salmaq mümkün olmadı. Əksinə, İttifaqın müəyyən dairələri tərəfindən himayə edilən ermənilər Azərbaycana qarşı ərazi iddialarını irəli sürərək açıq-aşkar işğalçılıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər həlak olmuş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.

28 il əvvəl - 1992-ci il fevralın 17-də erməni millətçiləri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi, Ermənistanın silahlı qüvvələrinin və erməni terror təşkilatlarının iştirakı ilə Xocavənd rayonunun Qaradağlı kəndində dəhşətli soyqırımı törətdilər. Ancaq Qaradağlının qara günləri hələ bir qədər əvvəl başlamışdı. 1990-cı il noyabrın 24-də 3 nəfər Qaradağlı kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən hadisələrin gərginliyi get-gedə artırdı. Artıq baş verən hadisələr böyük fəlakətin yaxınlaşmasından xəbər verirdi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, 1 nəfər öldürüldü, 4 nəfər yaralandı, sonradan onlardan 2-si aldığı yaralardan dünyasını dəyişdi. Daha sonra ermənilər martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini qeyd edib ki, 1991-ci il iyunun 27-28-də Xocavənd rayonunda ermənilərin “Qarabağ” terror təşkilatının üzvləri Qaradağlı kəndinə hücum edərək Vərəndəli fermasında 6 nəfər kənd sakinini (3 nəfər qadın olmaqla) diri-diri yandırmışdılar. Bunun ardınca isə, sentyabrın 8-də ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, 2 nəfərin isə başını kəsmişlər. Elə həmin gün “Ağdam-Qaradağlı” marşrutu ilə işləyən avtobusun ermənilər tərəfindən atəşə tutulması nəticəsində 8 nəfər həlak olmuş, 42 nəfər yaralanmışdı. Ümumilikdə, 1991-ci ilin iyun-dekabr aylarında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak olmuş, 90 nəfərə qədər azərbaycanlı yaralanmışdı.

1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. 1992-ci il fevralın 11-12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Hücum zamanı 30-dan çox azərbaycanlı öldürülmüş, 100-dən çoxu yaralanmış və ya əsir götürülmüşdü. Bu qanlı hadisələr Xankəndində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı və 81-ci alayının iştirakı ilə həyata keçirilmişdi. Fevralın 13-17-də isə erməni silahlı dəstələrinin Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, kəndin Bəylik bağı adlanan yerində 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülmüş və hamının gözü qarşısında güllələnmişdi. Daha sonra isə 2 nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Əsirlikdə olan 68 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 54 nəfərdən 18-i əsirlikdən qayıtdıqdan sonra ermənilərin verdikləri ağır işgəncə və əzabların nəticəsi olaraq vəfat etdi. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxardılması, ac-susuz saxlanılması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi. Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. Ümumilikdə, əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca , 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur.

Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Qeyri-bərabər döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak oldu. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşdü. İşğal nəticəsində Qaradağlıda 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər sosial obyektlər dağıdılmışdır.

Qeyd etmək vacibdir ki, Dağlıq Qarabağ bölgəsinin Xocavənd rayonunun ən çox itki verən və böyük döyüş yolu keçən kəndlərindən biri məhz Qaradağlıdır. Bütövlükdə 20-yə yaxın erməni kəndinin əhatəsində olan Qaradağlı kəndi Xankəndi yolunun üstündə yerləşirdi. 1988-1992-ci illərdə erməni silahlı dəstələri bu yoldan keçməyə cürət etməyərək digər erməni kəndlərindən keçib getməli olurdular. Qeyd etmək vacibdir ki, qaradağlılar doğma yurdun hər daşı, hər qayası uğrunda sonadək mübarizə apardılar.

Ümumilikdə, XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzünün genişlənməsi, xüsusilə Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi. Qaradağlıda və Dağlıq Qarabağın digər yaşayış məntəqələrində erməni vandallarının törətdikləri soyqırımı və dağıntılar xalqımızın qan yaddaşına əbədi yazılaraq hər bir azərbaycanlı tərəfindən heç vaxt unudulmamalı, haqq mübarizəmizdə bizdə vətənpərvərlik ruhunu daim yüksəltməyə və vətən yolunda qeyri-bərabər döyüşlərdə şəhid olanları hər zaman qəhrəman kimi xatırlamağa səsləyir. Qaradağlıda və Dağlıq Qarabağın digər yaşayış məntəqələrində erməni vandallarının törətdikləri soyqırımı və dağıntılar xalqımızın qan yaddaşına əbədi yazılaraq heç vaxt unudulmamalıdır.

2008-ci il oktyabrın 4-də Beyləqan rayonunda xocavəndlilər üçün salınan qəsəbənin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, bu faciə haqqında hamı bilməli, dəhşətli soyqırımı dünya ictimaiyyətinə çatdırılmalıdır. Prezident İlham Əliyevin tapşırığı ilə Qaradağlı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində son illər xeyli iş görülmüş, şahid ifadələri əsasında Qaradağlı faciəsindən bəhs edən filmlər çəkilmiş, müxtəlif dillərə tərcümə edilmiş və yayılmışdır.

Hazırda təkcə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın deyil, eləcə də digər ərazilərimizin işğal altında olması Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində ərazi iddiasında olduğunu təsdiq edir. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almalı, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

1news.az

Paylaş:
845

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər