Opera və Balet Teatrı işdən çıxarılmış xalq artisti Əvəz Abdullayevin ittihamlarına cavab verib
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Əvəz Abdullayev ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq müqaviləyə xitam verilmişdir.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından verilən məlumatda bildirilib.
Bununla yanaşı diqqətə çatdırırıq ki, adıçəkilən sənətçinin daimi yaşayış yerinin xarici ölkədə olması səbəbindən onun teatrın truppasında davamlı və ştat əsaslı fəaliyyəti mövcud olmamışdır. Beynəlxalq səhnə və teatr təcrübəsinə uyğun olaraq, ştatda təmsil olunmayan solistlərin səhnə fəaliyyətinə cəlb edilməsi əmək müqaviləsi çərçivəsində deyil, müvafiq müqavilələr əsasında həyata keçirilir.
Qeyd olunan yanaşma yaradıcı prosesin çevik təşkili, eləcə də peşəkar əməkdaşlıq imkanlarının səmərəli şəkildə təmin olunmasına xidmət edir.












