İlham Əliyev: Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb
Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb.
1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, bu gün qarşıda duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarını genişləndirməkdir:
"Prinsip etibarilə buna hər zaman ehtiyac var. Çünki ölkələrimizdən keçən Orta Dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır. Yəqin ki, bu gün Azərbaycan tərəfi bu məsələ ilə bağlı məlumat verəcək. Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı Ticarət Limanı, bizim avtomobil yollarımız, hava limanlarımız - bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib. O ki qaldı, Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun təqribən 90 %-i, dəmir yolunun isə təxminən 70 %-i hazırdır. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə tam icra ediləcəkdir".
İlham Əliyev həmçinin Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilməsindən şad olduqlarını söyləyib:
"Bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilmişdir. Beləliklə, bu layihələrin uzlaşdırılması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaqdır. Bu, Orta Dəhlizin bir qolu olacaq və bizim inşa etdiyimiz dəmir yolu infrastrukturu birinci mərhələdə 15 milyon ton yükün daşınmasına hesablanıb. Amma gələcəkdə bu arta da bilər və yəqin ki, artacaq. Amma hər halda 15 milyon tonluq yeni bir dəhlizin açılması həm ölkələrimiz, həm də geniş coğrafiya üçün böyük önəm daşıyır. Biz yenə də burada çox ciddi və məsuliyyətli mövqe sərgiləyirik - həm öz maraqlarımızı təmin edirik, həm də dünya üçün yeni nəqliyyat yollarını təqdim edirik. Yəni bu, bir daha göstərir ki, bizim ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlibdir".












