1news.az

İnsanlığa dəyər verən millətlərin seçimi terrorçuluq ola bilməz!

12 Avqust saat 10:51 ~ 11 dəqiqəlik oxu 3880
İnsanlığa dəyər verən millətlərin seçimi terrorçuluq ola bilməz!

Terrorizm müasir dövrün ən təhlükəli, çətin proqnozlaşdırılan və daha hədələyici miqyaslar alan təzahürlərdən biridir.  XXI əsrdə isə terrorizm bir hadisə kimi əhəmiyyətli dərəcədə dəyişib.

Təşkilatlanma xarakterindən və miqyasından asılı olaraq, terrorizmi “hər hansı bir məqsəd uğrunda mübarizənin davamlı və dağıdıcı taktiki forması” kimi də adlandırmaq olar.

Bu gün dünyada təqribən 500-dən çox qeyri-qanuni terrorçu təşkilatlarının olması bildirilir. Artıq müasir dövrümüzdə terrorizm beynəlxalq və qlobal xarakter alıb.

Terrorizm və terror nədir?

Terrorizmi digər cinayətlərdən fərqləndirən əsas cəhəti onun siyasi motivlər güdməsi, yaxud da bilavasitə dövlətlərə təsir göstərməsidir. Terror ictimai şəkildə həyata keçirilən, əhaliyə və sosial qruplara qarşı yönələn bir hadisədir. Biz buna, həmçinin hər hansı bir qərarın qəbul olunması və ya olunmaması üçün dövlətlərə terroristlərin maraqlarından irəli gələn qeyri-qanuni yollarla təsir forması kimi də qiymət verə bilərik. Bəzən bu mübarizə kiçik müharibələrə dönür. Eyni zamanda əhatə dairəsindən asılı olmayaraq bütün dövlətlər üçün eyni dərəcədə təhlükəli ola bilir.

Təəssüflər olsun ki, bu gün bütün dünyada beynəlxalq terrorizm inkişaf etmə tempinə, təşkilati səviyyəsinə, maddi-texniki və maliyyə təminatına, miqyasına və ağırlılıq dərəcəsinə görə bəşəriyyəti təhlükə altına alan qlobal bir təhlükəyə çevrilib. Buna görə də müasir dünyamızda beynəlxalq terrorçuluq problemi xüsusi əhəmiyyətə malikdir. Beynəlxalq terrorçuluq eyni zamanda beynəlxalq münasibətlərin normal gedişinə təhlükə yaradır, beynəlxalq hüquq qaydalarına dağıdıcı təsir göstərir.

Dünyanın müxtəlif yerlərində həyata keçirilən və başlıca məqsədində siyasi motivlər dayanan bu vəhşilik, eyni zamanda iqtisadi, sosial, psixoloji və digər xarakterli tələbləri yerinə yetirmək məqsədilə planlaşdırılır.

Müasir dövrdə törədilən terror aktlarının bir sıra növləri mövcuddur. Bunlara siyasi, iqtisadi, dini, ideoloji, irqi, kimyəvi, sosial, etnik və ya milli terrorizmi, kiberterrorizmi və s.  aid etmək olar.  Dünyada bir çox terror təşkilatları təşkilatlanmasına, törətdiyi terror aktlarının sayına, böyük və güclü olması ilə xarakterizə olunur. Bunlara:  PKK – Partiya Karkaren Kürdistan (Kürdistan Fəhlə Partiyası), Əl-Qaidə, Hizbullah, Taliban, ASALA, Boko Haram, İŞİD və s misal göstərmək olar.

Azərbaycan terrorizmin qurbanı kimi

Müxtəlif dövrlərdə Azərbaycan da ən vəhşi terror aktlarının qurbanı olub. Bu terrorlar zamanı minlərlə yaşayış evi, şəhər, qəsəbə, tarixi abidə və tikililər məhv edilib, eyni zamanda on minlərlə insan öz həyatını itirib, daha dəqiq desək kütləvi qırğına, soqırıma məruz qalıb.  1980-ci illərdən başlayaraq  mənfur qonşumuz Ermənistan və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi ardıcıl xarakter alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan həlak olub. Təkcə 1989-1994-cü illərdə ermənilər azərbaycanlılara qarşı 30-dan çox terror aktı törədiblər. 

Bunlardan: 16 sentyabr 1989-cu il, “Tbilisi-Bakı” marşrutu ilə hərəkət edən sərnişin avtobusunun partladılması (5 nəfər həlak olub, 25 nəfər yaralanıb), 9 yanvar 1991-ci il, “Molodyoj Azerbaycana” (“Azərbaycan gəncliyi”) qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı (nəticədə 4 nəfər qətlə yetirilib), 20 noyabr 1991-ci il, Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8” vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilərin - 22 nəfərin həlak olmasını misal göstərə bilərik.

Xüsusi amansızlıq və vəhşiliklə törədilən terrorlardan danışarkən Xocavənd, Xocalı və “20 Yanvar” hadisələrini qeyd etmək lazımdır. Belə ki, 1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirib, 650 nəfəri isə yaralayıb.

19 mart 1994-cü il Bakı metropolitenin “20 Yanvar” stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Məhkəmə sübut edib ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilib. Müəyyən olunub ki, “Sadval” separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib. “20 Yanvar” metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.

Qloballaşma dövrünün terrorizm probleminin əsasında başqa təhlükələrlə yanaşı, təcavüzkar separatizm də dayanır. Dağlıq Qarabağ separatçılarının terror fəaliyyətinin Ermənistan Respublikası və digər xarici qüvvələr tərəfindən dəstəklənməsi Azərbaycan torpaqlarının işğalı, minlərlə dinc sakinin məhvi, yüz minlərlə soydaşımızın yurd-yuvalarından didərgin düşməsi, minlərlə vətəndaşımızın əsir və girov götürülməsi, amansız işgəncələrə məruz qalması ilə nəticələnib.

Beynəxalq terrorizmə qarşı birgə mübarizə

Müasir beynəlxalq münasibətlər sistemində beynəlxalq sülh və təhlükəsizliyin, dövlətlərarası və beynəlxalq münasibətlərin pozulmasına səbəb olan separatizm, beynəlxalq terrorizm, dini ekstremizm, kütləvi silahlanma kimi problemlərin müzakirəsi və bu problemlərə qarşı birgə mübarizə zərurəti getdikcə daha geniş xarakter alaraq intensivləşməyə başlayıb. Çünki terrorizmin təhlükəli xarakteri artan xətlə getdiyi üçün bu problem ayrı-ayrı dövlətlərin gücü ilə yox, beynəlxalq əməkdaşlıq nəticəsində həll edilə bilər.

Bildiyimiz kimi, hazırda terrorçuların səyləri yalnız stabilliyin pozulmasına və ya hansısa qısamüddətli planların həyata keçirilməsinə deyil, mahiyyətcə daha ciddi və genişmiqyaslı siyasi məqsədlərə - siyasi hakimiyyətin ələ keçirilməsinə və yenidən bölüşdürülməsinə, suveren dövlətin ərazisinin zəbt olunmasına, yerli əhalinin oradan zorla çıxarılmasına, dini, irqi, etnik, sosial-siyasi konfrantasiyanın gücləndirilməsinə və s. yönəlib.  Müasir terror təşkilatları həm də elmi-texniki tərəqqinin nailiyyətlərindən yararlanaraq öz məkrli niyyətlərini daha təminatlı şəkildə həyata keçirirlər. Onlar müasir kompyuter və İKT nailiyyətlərindən istifadə etməklə geniş, mütəşəkkil, mobil terror şəbəkələri yaradırlar. Hazırda terrorizmlə mübarizədə BMT ilə yanaşı, digər beynəlxalq və regional təşkilatlar - İnterpol, ATƏT, NATO, MDB, Ərəb Dövlətləri Liqası və s. kimi iri qurumlar da iştirak edir. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərinin terrorizmə qarşı birgə mübarizəsi isə hadisənin ümumbəşəri əhəmiyyətinin göstəricisidir.   

Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə rolu

Ölkəmiz terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini həmişə müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı barışmaz mövqe tutub. Azərbaycan terrorizmə qarşı əməli mübarizəni dəstəkləmək üçün öz hava məkanını və hava limanlarını açıq elan edib. Ölkəmiz həmçinin qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilən bütün konvensiyalara qoşulub. Vurğulamaq lazımdır ki, bu cür fəaliyyət strategiyasının banisi ulu öndər Heydər Əliyevdir. Ümummilli lider Heydər Əliyev 1999-cu ildə “Terrorizmlə mübarizə haqqında” Qanunu imzalayıb.  Onun səyləri nəticəsində Azərbaycan beynəlxalq antiterror koalisiyasının fəal iştirakçılarından birinə çevrilib. Ölkəmizin İraq, Əfqanıstan və Kosovada sülhməramlı missiyası bunun bariz nümunəsidir.

Azərbaycan Respublikası beynəlxalq əməkdaşlığı terrorçuluğa qarşı mübarizədə ən mühüm komponentlərdən biri olaraq qəbul edir. Digər ölkələrlə imzalanan ikitərəfli, üçtərəfli və çoxtərəfli sazişlərlə yanaşı, Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlıq mexanizmlərində fəal iştirak edir. Bu istiqamətdə xüsusilə BMT-nin Terrorçuluğa qarşı mübarizə üzrə Ofisi, ATƏT-in Transmilli Təhdidlər Departamenti, Avropa Şurasının Terrorçuluğa qarşı mübarizə üzrə Ekspertlər Qrupu (CODEXTER), eləcə də GUAM, Avropa İttifaqı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və digərlərini qeyd etmək lazımdır.

Təəssüflər olsun ki, indi həm də bəziləri İslam dinini terrorla əlaqələndirirlər. Hətta “İslam terroru” deyə bir ifadə də formalaşıb və  bir sıra dövlətlərdə islamafobiya yaranıb. Bu,  İslamdan və müsəlmanlardan qorxmanı, çəkinməni ifadə edir, həmçinin qorxudan doğan və bütün müsəlmanlara qarşı yaranan nifrət hissidir. Əfsuslar olsun ki, zaman-zaman bir sıra müsəlman ölkələrində müharibələr gedir və yeni münaqişələr yaranır, buna görə də İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Lakin İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz. Din özü-üzlüyündə terroru rədd edən amildir, İslam dini isə sülh, mərhəmət dinidir.

Bununla bağlı Prezident İlham Əliyev də hər zaman çıxışları zamanı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Dövlət başçısı çıxışı zamanı bildirib ki, İslamı terrorla eyniləşdirmək cəhdləri sivilizasiyalararası problemlərə gətirib çıxara bilər və artıq çıxarır. Eyni zamanda Preziden İlham Əliyev bir çıxışı zamanı bildirib ki, Türkiyə və Azərbaycanın dünya mədəniyyətinə verdikləri töhfə dünyada yüksək qiymətləndirilir: “Biz bərabər, birgə səylərlə islamofobiyaya qarşı mübarizə aparırıq. Bu gün islamofobiya bəzi ölkələrdə dövlət siyasətinə çevrilib. Əfsuslar olsun ki, bir çox media qurumları İslama qarşı, İslam mədəniyyətinə qarşı, bizim adət-ənənələrimizə qarşı məqsədyönlü şəkildə kampaniya aparırlar. İslamı ləkələmək, qaralamaq, İslamı terrrorla eyniləşdirmək cəhdləri gözümüzün önündədir. Bu dözülməzdir. Bu, dünyada sivilizasiyalararası problemlərə gətirib çıxara bilər və artıq çıxarır. Qaçqınlar böhranını biz bu gün görürük. Və yenə də burada əsas yük Türkiyənin üzərinə düşür. Türkiyə təmənnasız olaraq, artıq aylarla milyonlarla qaçqını öz ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Biz də humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi bilirik ki, bu, nə qədər ağır məsələdir”.  

Eyni zamanda vətəndaş cəmiyyəti də terror təhlükələrinin qarşısını almaqda fəal rol oynamalı və dövlətə dəstək olmalıdır. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində bunun üçün xüsusi təcrübələr, proqramlar həyata keçirilir. Burada ABŞ təcrübəsini misal göstərə bilərik.

ABŞ-da bütün dövlət strukturlarının, xüsusilə də hüquq-mühafizə və xüsusi xidmət orqanlarının terrorizmə qarşı mübarizə fəaliyyəti çərçivəsində vətəndaş cəmiyyəti ilə əməkdaşlıq münasibətlərini özündə təsbit edən xüsusi qərarlar, sənədlər, qanunvericilik aktları mövcuddur.

Azərbaycan terrorçuluğa qarşı beynəlxalq mübarizə sahəsində qlobal səylərə fəal töhfə verməyə davam edir. Terrorçuluğa qarşı milli səviyyədə həyata keçirilən tədbirlər hüquq-mühafizə fəaliyyəti ilə yanaşı terrorçuluğa gətirib çıxaran ekstremist və radikal ideologiyanın yayılmasına qarşı qabaqlayıcı strategiyaları da əhatə edir. Bundan əlavə, mövzunun sosial aspektlərini nəzərə alaraq, potensial terrorçuların və onların ailə üzvlərinin sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası sahəsində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq işlər görülür.

Qeyd etdiyim kimi, 1980-ci illərdən etibarən terrora məruz qalmış bir ölkə olaraq terrorçuluq problemi Azərbaycan üçün yeni bir anlayış deyil. İnanıram ki, bundan sonra da ölkəmiz terrorla mübarizənin istər beynəlxalq, istərsə də milli səviyyədə daha yüksək formada təşkilinə nail olacaq, terrorçuluğa qarşı mübarizəsini qətiyyətlə davam etdirəcək!

Aydın Tağıyev

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net