Şarl Mişel: Aİ beynəlxalq hüquqda “ikili standartlar”a qarşı dayanmalıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şarl Mişel: Aİ beynəlxalq hüquqda “ikili standartlar”a qarşı dayanmalıdır

Qafar Ağayev13:26 - Bu gün
Şarl Mişel: Aİ beynəlxalq hüquqda “ikili standartlar”a qarşı dayanmalıdır

Avropa İttifaqı öz strateji muxtariyyətini inkişaf etdirməli, beynəlxalq hüququ və demokratik prinsipləri qorumalıdır.

1news.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel XIII Qlobal Bakı Forumunda çıxışında deyib.

Ş.Mişel bildirib ki, müasir dünyada həm Aİ daxilində, həm də ondan kənarda beynəlxalq hüquqa qarşı “ikili standartlar”ın yayılması mövcud sistemi zəiflədir. Onun sözlərinə görə, bu tendensiya qlobal nizam üçün ciddi təhlükə yaradır.

Sabiq prezident çıxışında Aİ ilə ABŞ arasındakı ənənəvi müttəfiqlik münasibətlərinin dəyişdiyini də vurğulayıb. O qeyd edib ki, tərəflər arasında iqlim dəyişikliyi, beynəlxalq hüquq normaları, Yaxın Şərq və Venesuela ilə bağlı məsələlərdə getdikcə daha çox fikir ayrılıqları müşahidə olunur.

“Bu reallıq Avropanın öz strateji qərarlarını daha müstəqil şəkildə verməsini zəruri edir”, – deyə Ş.Mişel əlavə edib.

O, Avropanın gələcək inkişafı üçün üç əsas prioritet istiqaməti də qeyd edib. Bunlar rəqabətqabiliyyətliliyin artırılması, təhlükəsizliyin gücləndirilməsi və strateji asılılıqların azaldılmasıdır.

Ş.Mişelin sözlərinə görə, Avropa iqtisadi bazasını gücləndirməli, innovasiyaları dəstəkləyən “ağıllı” tənzimləmə mexanizmləri formalaşdırmalıdır. Eyni zamanda Avropa müdafiəsinin gücləndirilməsi artıq sadəcə şüar deyil, real və təxirəsalınmaz ehtiyacdır.

Sabiq prezident əlavə edib ki, Rusiya qalıq yanacaqlarından və Çin təchizat zəncirlərindən asılılıq dövrü başa çatmalı, tədarük mənbələri isə diversifikasiya edilməlidir.

Sonda o vurğulayıb ki, Avropa İttifaqı ABŞ-dən təhlükəsizlik asılılığını azaltmalı və öz taleyinin tam sahibi olmalıdır.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər