Tufan Axundov: “Soyumun görkəmli şəxsiyyətlərinin ruhu qarşısında borcumu mən yalnız tədqiqat və nəşrlərlə ödəyə bilərəm” | 1news.az | Xəbərlər
Müsahibə

Tufan Axundov: “Soyumun görkəmli şəxsiyyətlərinin ruhu qarşısında borcumu mən yalnız tədqiqat və nəşrlərlə ödəyə bilərəm”

15:24 - 23 / 01 / 2019
Tufan Axundov: “Soyumun görkəmli şəxsiyyətlərinin ruhu qarşısında borcumu mən yalnız tədqiqat və nəşrlərlə ödəyə bilərəm”

Bu günlərdə görkəmli Azərbaycan arxeoloqu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Tufan Axundovun 70 yaşı tamam olub.

T.Axundovun tədqiqatları həm Azərbaycan, həm də onun hüdudlarından uzaq elmi dairələrdə yaxşı məlumdur. Mütəxəssislər bütün dünyada onun əsərlərinə istinad edirlər.

Alimimizin yubileyi ilə bağlı ona bir neçə sualla müraciət etdik.

- Tufan müəllim, lütfən tərcümeyi-halınız haqqında danışın.

- Mənim tərcümeyi-halım xüsusi nə iləsə seçilmir. 70 il əvvəl Bakıda anadan olmuşam. Atam – geoloq, Azərbaycan dilində təhsil almış ilk geoloqlardan idi. Anam – pedaqoq idi, 6  övladının tərbiyəsi xatirinə sənətini tərk etmişdi. Mən, evimizdə deyilən kimi, bu altılıqda beşinci nömrə ilə gedirdim.  Onunla seçilirdim ki, hər zaman etmək istəmədiyimi etməməyə çalışmışam. Düzdür, hər zaman alınmırdı, lakin buna görə tərs tanınmışam. Körpə vaxtımdan rəsm çəkməyi, yapmağı, müxtəlif əşyalar düzəltməyi sevmişəm. Məktəbdə mənim əmək dərslərində hazırladığım işlər dəfələrlə  nümayiş lövhələrində sərgilənmişdir.

İntizamlı şagird olmağımı desəm, doğru olmaz. Xoşuma gələnləri öyrənirdim, mənim üçün maraqsız olan fənnlərə məhəl qoymurdum. Buna görə məni, 15 yaşım tamam olan gündə, cəzalandıraraq axşam məktəbinə keçirdilər və fəhlə işləməyə göndərdilər. Akademiyaya gələnə qədər çox iş yeri dəyişmişəm. Satıcı, inşaatda fəhlə, xəritəçəkən, modelçi, rəssam və s. işləmişəm.  Memarlıq fakültəsinə daxil olandan sonra texnik-memar, memar işləmişəm. Amma sonra yenə də ara qarışdı...

Şərqşünas olmağa qərar verərək İnstitutu atdım, zavoda işləməyə getdim, adım ya çilingər, ya da tornaçı  getsə də, faktiki olaraq rəssam işləyirdim. Qırmızı çalarlarda zavodun sexlərində asılmaq üçün nəhəng tablolarda fəhlələri, Lenini, bayraqları, sənaye mənzərələri çəkirdim. Moskva Şərqşünaslıq İnstitutuna sovet fəhləsinin göndərilməsi haqqında arayış lazım idi. Arayışı aldım, getdim, lakin hərbi mükəlləfiyyətim olmadığına görə şərgşünaslıq təhsilinə məni yaxın qoymadılar. Sağ olsunlar mənim müəllimlərim, onların sayəsində mən yenə də Memarlıq fakültəsini bitirdim. Onlar -  adları böyük hərflə yazılan pedaqoqlar idi ki, onlara  mən və təkçə mən yox, bu günümüzlə borcluyuq. Onlar məni tərbiyə etdilər, daha düzgün desək, mənim daxili azadlıq nüvəmi formalaşdırdılar.

Əlbəttə, mənim haqqımda müxtəlif, bəzən bir-birinə zidd fikirlər ola bilər. Lakin bunlar məni heç narahat etmir, mən həmin azad insan nüvəsi ilə qorunuram. Fikirlər müxtəlif ola bilər, əsas odur ki, mən özüm özlüyümdə olum, bütün işlərim və hərəkətlərimdə daxili azadlıq nüvəmi, insafımı və şərəfimi itirməyim.

- Sizin, həyatı Azərbaycan xalqının 19 və 20-ci əsrlər tarixi ilə sıx bağlı olan Azərbaycan ziyalıları soyunun nümayəndəsi olmağınız məlumdur. Soyunuzun görkəmli nümayəndələri haqqında, lütfən, bir neçə söz.

- Bu, elə bil sadə görünən suala, cavab vermək asan deyil. Bu məsuliyyətdir.  Mənim mənsub olduğum nəsillərin bir çox nümayəndəsi həqiqətən də Azərbaycana müxtəlif sahələrdə layiqincə xidmət ediblər. Belə ki, 19-cu əsrin lap başlanğıcında onlardan biri, Şirvanlı Mustafa xanın böyük hörmət bəslədiyi, Kərbəlada parlaq təhsil almış Axund Mir Səlim Cavad mahalında mədrəsə açmış və tədris etmişdir. Onun qardaşı, Məşədi Əzim bəy bu xanlığın suvarilərinin bir hissəsinə başçılıq etmişdir. Axund Mir Səlimin oğlu Mirzə İsmayıl Qasir 19-cu əsrin ortalarında Lənkəranda dünyəvi yönümlü Üsuli-cədid (yeni üsul) məktəbi açmış və məktəb üçün özü orijinal dərsliklər yazmışdır. Eyni zamanda o, 19-cu əsr poeziyasının klassiklərindən biri olmaqla Lənkəranda “Fövcül füsəha” (gözəl  natiqlər) şairlər məclisi yaradaraq, ona rəhbərlik etmişdir.  Mirzə İsmayılın  Nəcəfdə ali dini təhsil almış böyük oğlu Hacı Axund Mirzə Səlim, 20-ci əsrin 17-ci ilində Azərbaycanın milli müstəqilliyi uğrunda mübarizənin ilk günündən əlində silahla və sözlə bu ideyanın müdafiəsinə duraraq, Zaqafqaziya Seyminin, Milli Şuranın, Azərbaycan Parlamentinin üzvü olmuşdur. Milli Şura üzvü kimi imzası 28 may 1918-ci ildə Tiflisdə elan edilmiş “Müstəqillik bəyannaməsinin” üzərində olanlardan biri olmuşdur. Onun qardaşı, mənim ata babam Mirzə Səbi 1937-ci ildə “Əksinqilabi təbliğat”a görə repressiya olunub və həbs düşərgəsində rəhmətə gedib.

Mənim təmsil etdiyim digər nəslin nümayəndələri hələ 19-cu əsrin əvvəllərində Rus-Qacar müharibəsi zamanı Azərbaycanın bölünməsi haqqında müqavilənin, müharibənin 1826-cı ildə qurtarmasına baxmayaraq, yalnız 1828-ci ildə imzalanmasının “günahkarları” idilər. Onlar Həsən xana Lənkəran xanlığının Rusiyanın ixtiyarına buraxıb, İrana köçməyə imkan vermədilər. Şahverdi bəy Kələntərli xana dedi ki, “Ata-babalarımız bizə vəsiyyət etmişlər ki, belə hallarda Talışdan çıxmayın”. Nəticədə, Rusiya təcavüzünə qarşı müqavimət daha iki il uzandı. Şura hökumətinin ilk illərində, 1926-cı ildə “Musavat və əksinqilabi fəaliyyətinə” görə anamın atası Heybət bəy Kələntərli həbs edilərək, Solovets düşərgəsinə sürgün edildi və orada da rəhmətə getdi.

Çox ad çəkmək olar, mən yalnız bəzilərini qeyd etdim. Əlbəttə, mən “təvazökarlıq” edib, bunlar haqda susa bilərdim. Lakin, əvvəla  onlar ilk növbədə Azərbaycan xalqının nümayəndələridir və bütün güclərini və hətta həyatlarını Azərbaycan yolunda fəda etmiş bir çox digərləri kimi onların adlarını hər kəsin və hər zaman tanımağı lazımdır. İkincisi, onların fəaliyyətində mənim cüzi də olsa, xidmətim yoxdur ki, mən “təvazökarlıq” edim. Eyni zamanda, bu əcdadların “yükü” mənim üzərimdə olmuşdu, bu isə, bugün olanlar və Azərbaycanı sabah nə gözlədiyinin mənəvi məsuliyyətini də üzərimə qoyur. Bu məsuliyyətin öhdəsindən necə gəlməyimi, mən qiymətləndirə bilmərəm.

- Bəs Siz arxeologiyaya necə gəlmisiniz? İlk tədqiqatlarınız?

- Bu, mənim işimi və  memarlıq fakültəsində təhsilimi atıb, Şərqşünaslıq fakültəsinə daxil olmayıb,  sərgərdan olduğum zaman baş verdi. Ruhuma uyğun, ola bilsin, memarlıq tarixi,  bəlkə də etnoqrafiya kimi iş axtarırdım. Arxeologiya haqqında mənim çox az təsəvvürüm vardı. Mənim Akademiya İnstitutlarına çoxsaylı səfərlərim vədlərdən başqa bir şey vermirdi. Hətta Ziya Bunyadovun zəngi də bu prosesi ölü nöqtədən tərpətmədi. Lakin bir gün mənim Memarlıq fakültəsindən olan keçmiş həmkurs qızın yanına, onda hələ Tarix İnstitutu nəzdində olan Arxeologiya və Etnoqrafiya sektoruna gəldikdə bildim ki, onlarda bərpaçı yeri boşalmışdır. Bu peşə ilə tanış deyildim, lakin özümün əl qabiliyyətimi bələd olduğumdan bərpaçı olmaq arzumu bildirdim. Rəhmətlik Sara xanım Əfəndiyeva məni şöbə rəhbəri mərhum Cabbar Xəlilova təqdim etdi. Qəbul oldum və həmin gün Quba rayonuna arxeoloji ekspedisiyaya yollandım.

Məlum olduğu kimi, arxeologiya müalicəolunmaz “yoluxucu xəstəlikmiş”. Mən, onunla üzləşərək “yoluxmayan” insanlara acıyıram. Mən dərhal və həmişəlik  “yoluxdum”. Mənim ilk qazıntı obyektim  Rustov kəndi yanında neft kəşfiyyatçıları tərəfindən təsadüfən aşkar edilmiş antik dövr nekropolu oldu. Ekspedisiya rəhbəri obyekti bizə göstərib, bizi  Quba şəhərinin özündə qədim ikimərtəbəli evdə yerləşdirdi. Ekpedisiya maşını yox idı. Biz üçümüz: mən, Roza Arazova və Leyla Əliyeva səhər tezdən avtovağzala qaçırdıq, Rustov avtobusuna minirdik və 20 km gedəndən sonra Rustov kəndinin mərkəzində düşürdük. Sonra 2 km ayaqla dağa, buruğa tərəf getməli idik.

Yolda qızlar kollara baş vurub, ildırım sürəti ilə paltarlarını dəyişirdilər. Mənim üçün bunlar yeni idi: skeletlər, saxsı qablar, silahlar, muncuqlar. İşin sonunu çatmalı olduğumuz növbəti avtobusun gəlməsi ilə uzlaşdırırdıq. Və, hər şey əks istiqamətdə başlayırdı. Bütün tapıntıları nəhəng arxa çantaya (rükzaka) yığıb və  kürəklərimə yükləyib  avtobusun keçdiyi yerə, qızlarla az qala qaça-qaça aşağı... Yolda qızlar yenə də kollarda paltar dəyişirdilər. Şəhərdə hələ bazara çatmalıydıq. Qızlar bişirmək, paltar yumaq, inventar siyahılarının tərtibi ilə məşgul olmağa başlayırdılar, mən isə öz otağımda gecə yarıya qədər tapıntıları yuyurdum, qurudurdum, rəsmlərini çəkirdim və bərpa edirdim. Bir gün qızlar bazara getdi, mən isə saxsıları yuyub onların nə vaxt quruyacagını gözləyirdim. Gözləyə bilmədim. Və mənə “vəh” gəldi. Qızların olmadığı vaxt saxsıları qazana yığıb plitənin üzərinə qoydum. Saxsılar göz qabağında quruyurdular ki, ən son məqamda qızlar qayıtdı. İlişdim. Demə, bu onların ən lazımlı qazanı imiş, mən isə “ağıllı olaraq” onu qəbirdən çıxmış saxsılarla korlamışdım. Bir neçə gün qazan istifadə edilmədi, sonra isə yenə də işə yaradı.

Fəhlə qismində ekspedisiyaya qəbul edilmiş kənddən olan cavanları nə qədər acımasız işləməyə məcbur etdiyimə görə bu gün də xəcalət çəkirəm. Mən cavandım, fiziki cəhətdən pis deyildim, özüm belə işləyirdim və həmin zaman anlamırdım ki, onlar üçün nə qədər çətindir. Növbəti ekspedisiyalarda da bu hallar olurdu. Bəzi fəhlələr mənimlə işləyəndən sonra başqasının rəhbərliyi altına keçmək üçün bəhanə axtarırdı. Mənim “günahıma” yeganə bəraət qazandıran odur ki, mən özümü rəis göstərmədən onlarla bərabər, bəzən hətta artıq işləyirdim, gündən və soyuq havadan gizlənmirdim. Vaxt keçdikcə, ola bilsin, yaşla bağlı mənimlə işləyən insanların qiymətini bilməyin, yanında olan insanlara qayğı göstərməyin, imkan dairəsində onların zəhmətini yüngülləşdirməyin vacibliyini anladım. Bu gün, arabir mənə səmimi istiliklə yanaşan, çox zaman böyüdüklərindən mənim tanıya bilmədiyim keçmiş fəhlələrimə rast gəldikdə, bir daha  vəzifə və rütbədən asılı olmadan ünsiyyətdə insaniyyətin vacib olduğuna əmin oluram.

- Elmi məqalələrinizin birində deyilir ki, şərti olaraq “Leylatəpə” adlandırılan xalkolit dövrünün (və ya eneolit, mis-daş dövrü) son mərhələsi mədəniyyətinə aid qədim əhali, metallurgiya və saxsı istehsalının,  sonrakı  “Kür-Araz”mədəniyyətinə aid ilk tunc dövrü əhalisindən daha yüksək inkişaf etmişdir. Yəni, qədim dövrlərdə müasir dünyada da olduğu kimi müxtəlif xalqlar müxtəlif inkişaf səviyyəsində idilər. Bizim oxuculara bu çox maraqlıdır.

- İstənilən inkişaf – “mühum tələbatın” bəhrəsidir ki, onu doğuran “təzyiq presi” olmadan heç bir inkişafdan söhbət ola bilməz. Çox zaman həmin populyasiyanın tutduğu təbiət sahəsinin ekstremal iqlim şəraiti həmin pres rolunu oynayır. Lakin, güman ki, əlavə təzyiq presi  qismində digər səbəblər, məsələn demoqrafik “partlayış”, populyasiyalararası münasibətlər və bir çox digər səbəblər də təsir edir... Biz Qafqazda olmayan xalkolit anlayışını tanımayaraq, Leylatəpə ənənəsini Qafqazda Tunc dövrünə “ilk addım” kimi qəbul edirik. Leylatəpə ənənəsi tam formalaşmış, hələ öz ulu ana vətənlərində metallurgiya ilə yaxşı tanış olmuş Ön Asiyalı tayfaların Cənibi Qafqaza miqrasiyasının nəticəsidir.

Yeri gəlmişkən, onu Uruk ənənəsinin Leylatəpə variantı və yaxud Uruk ənənəsinin Cənubi Qafqaz variantı da adlandırmaq olar. O ki qaldı, Kür-Araz ənənəsinə, o Cənubi Qafqazda Leylatəpəlilərdən sonra peyda olmuş və metallurgiya ilə tanış olmuşsa da, metallurgiyası nisbətən az inkişaf etmiş ənənəni təmsil edirdi. Görünür, özlərinin ulu ana vətənlərində bu ənənəyə metallurgiyanın “mühüm ehtiyac” presi təzyiq göstərməmişdir. Kür-Arazlılar  Cənubi Qafqazda tunc dövrünə “ikinci addım” atmışlar, çiçəklənmələri bu ərazidə baş vermişdir. Bu ənənələrinin saxsı mədəniyyətlərini tutuşdursaq, mən deməzdim ki, Leylatəpə ənənəsinin saxsısı Kür-Arazlılarınkindən yaxşıdır. Hər birinin müsbət və mənfi xüsusiyyətləri var. Eyni zamanda, görünür, bu saxsıların keyfiyyəti və estetik xüsusiyyətləri onların sahiblərinin  ehtiyaclarını qane edirdi, onların estetik zövgü və məişət ehtiyaclarına uyğun idi.

- Arxeologiyada ehtimal var ki, neolitlə- xalkolitin arasında qırıqlıq, zaman boşluğu, yaxud elmi terminlə desək “hiatus” var.  Sadə desək, bu dövr əhalilərinin öz aralarında heç bir əlaqələri olmayıb. Bu ehtimal təsdiqlənirmi?

- Müəyyən zamana qədər mövcud təsəvvürlərə görə, hər şey elə bil rəflərə düzülmüşdü. Mütləq yerli olan və mütləq öncəkindən doğmuş ənənə, yəni, əsasından yerli olan digəri ilə əvəzlənir və beləcə bizim günümüzə qədər... Bu təsəvvürdə hər hansı xronoloji qırılmalar və gəlmələr istisna edilirdi. Və, kimisə az narahat edirdi ki, bir ənənənin digərinə keçidi (hətta güman etsək ki, yeni ənənə köhnəsindən doğmuşdu) ani, “ümumi iclasın qərarıyla” yarana bilməzdi. Bu keçid mərhələləri labud olan zaman prosesidir. Yaxşı halda əlaqə və təsir haqda danışılırdı. Lakin unudurdular ki, bu əlaqə və təsirlər üçün onları ötürən daşıyıcılar olmalıydı. Bu “stabil baxışları” yaran ilk “qaranquş” 1985-ci ildə Ümumittifaq konfransında İdeal Nərimanovun təqdim etdiyi “Mesopotamiyanın Obeyd tayfaları Azərbaycanda” çıxışı oldu. Burada açıq şəkildə, konkret material əsasında Azərbaycana,  bu əraziyə tam yabançı olan, özlərinin artıq yaxşı formalaşmış  ənənələrini özləri ilə gətirmiş tayfaların köçməsi göstərildi.

Bu məruzənin stimulu olmuş bir çox yeniliklərdən başqa, məlum oldu ki, onillərlə bəslənilmiş, necə deyirlər, “eneolit əhalisi və Kür-Araz ənənəsinin daşıyıcıları arasında fasiləsiz əlaqə” fikiri, yumşaq desək, əsassız imış. Onların arasında bu ərazidə İdeal Nərimanovun “Leylatəpəlilər” adlandırdığı gəlmə tayfalar sakin olmuşlar. Və ən əsası, yeni ənənə nə özündən öncə, nə də özündən sonrakı ənənələrlə keçid formalarına malik deyildi, onlarla toqquşmamışdı. Yəni, əvvəla, Azərbaycan ərazisinə özünün formalaşmış ənənəsi ilə insan kütlələrinin miqrasiyası faktdır, deməli bu kimi proseslər başqa dövrlərdə də baş verə bilərdi. İkincisi, bir-birini əvəz edən ənənələrin fiziki əlaqələri yoxdur, deməli, onların arasında zaman qırıqlığı – “hiatus” (boşluq) olmuşdur. Mövcud olan zaman çərçivələri və onların səbəbləri ayrıca tədqiqat tələb edir. “Hiatus” zamanı nələr olub, biz bilmirik. Lakin ərazilərin tam boş olmağına inanmaq çətindir.

- Sizin son tədqiqatlarınız Cəlilabad rayonundakı son Neolit abidələri Əliköməktəpə, Polutəpə və Alxantəpədə aparılmışdır. Bu regionun Neolit ənənələri şimal-qərb regionunun ənənələri ilə, məsələn Göytəpə ilə əlaqəlidir, ya yox? Onların Cənubi-Qafqazın Şomutəpə mədəniyyətində yeri?

- Mənim Müğanda tədqiqatlara başlamağıma  Əliköməktəpəni tədqiq etmiş, lakin, təəssüf ki, nə öz işlərinin nəticələrini, nə də bu abidənin unikal kompleksini tammənalı nəşr etməyə vaxtı çatmayan,  rəhmətlik arxeoloq Fərman Mahmudovun tədqiqatları təkan oldu. Arxeologiyada bu boşluğu doldurmaq istərkən, bir çox mənim anlaya bilmədiyim məqamlarla üzləşdim. Bu həmin faktdır ki, hətta ideal çöl sənədləri və hesabatın olduğu halda, tədqiqatın müəllifi hətta məqsədəyönlü olmadan özündə kifayət qədər yalnız  özünə məlum olanları saxlayır. Mən işlərimi  Polutəpədə yaşayış yerində  başladım ki, Əliköməktəpənin materiallarını  başa düşəm.   Əliköməktəpə və Polutəpə - bizim “Muğan Neoliti” adlandırdığımız vahid ənənənin abidələridir. Bu ənənə, ərazi uzaqlığından və etno-mədəni mənsubiyyəti baxımından, Şomutəpə ənənəsi, o cümlədən Göytəpə yaşayış yerindən xronoloji cəhətdən də uzaqdır.

Lakin bəzi elementlər var ki, Şomutəpə və Muğan neolit mədəniyyətlərini vasitəli bağlayır. Əgər Muğan və Qarabağ neolitinin, mənim baxışımda, hər iki ənənə üçün ümumi etno-mədəni aləmdə kökləri varsa, Şomutəpə (yenə də mənim baxışımla, digər fikirlər də ola bilər) iki tam fərqli, kökləri tam fərqli etno-mədəni aləmlərdən olmuş etno-mədəniyyətlərin vəhdətindən yaranıb. İstəyirəm yada salım ki, etno-mədəni  törəmələr heçdən yaranmır və yoxa çıxmırlar (ikinci halda, güman ki, populyasiyanın fəlakət nəticəsində sona yetməsi mümkündür). Onlar azı iki başlanğıc vəhdətindən formalaşır və əksinə, yəni, pay,  komponent kimi digər törəmələrə daxil olaraq, tarix səhnəsindən çıxırlar. Variasiyalar sonsuz çox ola bilər. Şomutəpə mədəniyyətinin formalaşmasında bir tərəfdən, kökləri Müğan neoliti ilə ümumi etno-mədəni aləmə gedən, Qarabağ neoliti etno-mədəniyyətinin daşıyıcıları iştirak edib. Şomutəpə və Muğan neolit ənənələrindəki bəzi elementlərin paralellərinin kökləri, Qarabaq və Muğan üçün ümumi olan etno-mədəni aləmə gedir və oradan onlar Qarabağ vasitəsi ilə Şomutəpə ənənəsinə keçir.

- Polutəpədə aşkar edilmiş son neolit dövrü ibadətgahı, ona analogiyalar varmı?

- Mənə hələlik Polutəpədə aşkar edilmiş ibadətgaha sinxron analogiyalar məlum deyil. Güman ki, var.  Lakin sonra gələn  dövr üçün  Alxantəpə yaşayış yerində və bəzi Leylatəpə ənənəsi abidələrində  aşkar edilmiş, daha kompakt, güman ki, ailəvi ibadətgahları göstərə bilərəm. Bunlarda da suvanmış səkinin mərkəzində ritual atəşin yandırıldığı dəlik açılmış, və yaxud saxsı qabın ağzı yerləşdirilmişdir. Analoji ibadətgahlar Orta Asiyanın xronoloji yaxın abidələrində də mövcuddur.

- Hal-hazırda Siz hansı mövzu üzərində işləyirsiniz, Sizin elmi planlarınız?

- İstəklər imkanlardan çoxdur. Lakin 70 yaş o yaş deyil ki, işi sonraya saxlamaq imkani olsun; tədqiqat yekunlarının  toplanmasının zəruri olduğu zamandır. İlk növbədə Alxantəpə yaşayış yerindəki tədqiqatların materiallarını nəşr etmək lazımdır. Alxantəpə üzrə işlərin çoxu görülüb. Polutəpə üzrə də az edilməyib. Mən bu abidəni, bü gun işlərin başlanğıcında olan Əliköməktəpə ilə bir yerdə nəşr etdirmək istəyirəm. İnşaallah, materiallar «Muğan neoliti ənənəsinin abidələri»  adı altında, «Qafqaz sivilizasiyasının qaynaqları» seriyasının üçüncü, axırıncı kitabına daxil ediləcəklər. Bunun üzərində də az iş görülməyib.

Bundan əlavə, nəslimin görkəmli şəxsiyyətlərinin ruhu qarşısında ödəməli olduğum borcum var, bu borcu da mən yalnız tədqiqat və nəşrlərlə ödəyə bilərəm. Bu da bütün planlar. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. İnşaallah, yaşayarıq, görərik.

- İntervyüya görə təşəkkür edirəm, bir daha Sizi yubileylə təbrik edirik, Azərbaycan elmi naminə can sağlığı və gələcək uğurlar arzulayırıq.

- Baxışlarımla bölüşməyə imkan verdiyinizə görə Siz sağ olun.

1news.az

Paylaş:
3524

Son xəbərlər

Bütün xəbərlər