Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Qafar Ağayev16:01 - 23 / 07 / 2025
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq.

1news.az "Report"a istinadən xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, fərman 2015-ci ildə qəbul edilmiş 439 nömrəli sənədə əlavə və dəyişiklikləri nəzərdə tutur:

“Bu sənəd əslində amnistiya xarakteri daşıyır. Əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə bu status verilməklə, vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradılır. Proqnozlara əsasən, bu dəyişikliklər 100 minə yaxın ailəyə hüquqi qeydiyyatla bağlı imkanlar təqdim edəcək”.

N. Alimova qeyd edib ki, bu fərman ölkədə sənədsiz evlərlə bağlı məsələnin həllinə mühüm töhfə verir və onilliklərdir mübahisəli vəziyyətdə qalan əmlakların statusunu hüquqi müstəviyə çıxarır.

O əlavə edib ki, keçmiş kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin əmrləri ilə vətəndaşlara verilmiş torpaq sahələri də hüquqi qeydiyyata alınacaq: "Bu tip sənədlər torpaq mülkiyyətinin tanınması üçün hüquqi əsas hesab olunacaq. Əgər vətəndaşın əlində bu cür əmr varsa, o, müvafiq qurumlara müraciət edərək torpaq sahəsinin mülkiyyət hüququnu rəsmiləşdirə bilər”.

Xatırladaq ki, ölkə başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edib.

Fərmana əsasən, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə səlahiyyətli orqanların yaşayış və bağ evi tikintisi üçün ayırdığı torpaq sahələrinin qeydiyyatına dair tələblər yumşaldılıb. Belə ki, həmin əmlaklar üzərində hüquqların təmin edilməsi zamanı şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı tələb edilməyəcək.

Bundan başqa, qeydiyyat zamanı sovxoz və yaxud dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış da nəzərə alınacaq.

Paylaş:
201

Son xəbərlər

DSX-nin hərbçisi vəfat edib

23 / 07 / 2025, 15:08
Bütün xəbərlər