Dizayner Elnur Babayev: “Son illərdə süni intellekt yaradıcılıq və dizayn dünyasını sürətlə dəyişir” - FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Dizayner Elnur Babayev: “Son illərdə süni intellekt yaradıcılıq və dizayn dünyasını sürətlə dəyişir” - FOTO

17:37 - 11 / 06 / 2025
Dizayner Elnur Babayev: “Son illərdə süni intellekt yaradıcılıq və dizayn dünyasını sürətlə dəyişir” - FOTO

Son illərdə süni intellektin təsiri yaradıcılıq və dizayn dünyasını sürətlə dəyişir.

Azərbaycanın aparıcı dizaynerlərindən biri, uzun illər təcrübəsi olan Elnur Babayev bu günlərdə peşəsini dəyişmək qərarından ictimaiyyət qarşısında danışıb. Onun sözlərinə görə, bütün sənayeni dəyişdirən süni intellektdən geniş istifadə olunduğu üçün dizayn sahəsində imkanlar indi xeyli azalıb.

Bu müsahibə Elnurun şəxsi seçimi və dizayn sahəsindəki peşəkar yolu haqqında deyil, həm də bu gün yaradıcı mütəxəssislərin üzləşdiyi çətinliklərdən bəhs edir.

1news.az onunla yeni texnologiyalar dövründə dizaynın necə dəyişdiyi, istedadlı mütəxəssislərin qarşısında hansı maneələrin durduğu və onlar üçün hansı perspektivlərin açıldığı barədə danışıb.

- Dizaynın sizin işiniz olduğunu ilk dəfə nə zaman anladığınızı xatırlayırsınızmı? Hər şey necə başladı?

- Mənim uşaqlıqdan rənglərə, əşyalara, əşyaların formalarına və s. marağım olub. Özüm də lap uşaqlıqdan rəssamlıq ilə məşğul olmuşam. Hobbi olaraq da avtomobil dizaynı ilə. 1999-da orta məktəbi bitirdikdə Türkiyədə top universitetlərin birində (ODTU) İnşaat mühəndisliyinə qəbul oldum. Sonra biləndə ki, eyni universitetdə dizayn fakultəsi var, daha doğrusu sənaye-məhsul dizaynı, yenidən imtihan verib o fakültəyə keçdim. Sənaye dizaynı gündəlik həyatımızda istifadə etdiyimiz hərşeyi əhatə edir, avtomobildən tutmuş işlətdiyimiz telefona qədər. Fakültə dəyişdirdiyimə görə bir il itirdim amma dəydi.

- Sizcə, dizayner hansı əsas keyfiyyətlərə sahib olmalıdır?

- Dizayn dedikdə, əlbəttə ki, ilk ağla gələn şey zövqdür və təbii ki, zövqlər subyektivdir. Çünki sənətin özünün, əsl sənətin nə olduğu həmişə müzakirə mövzusu olub. Amma hər bir halda ortaq bir anlayış, zövq var. Mənim sahəmdə yaxşı, zövqlü dizayn ilə yanaşı ergonomik tərəfləri də önəmlidir. Rahat funksional olması vs. Əslində qrafik dizaynda da eyni şəkildə, funksionallıq önəmlidir.

- İlk sifarişləriniz və ya layihələriniz nələr olub? Erkən işləriniz arasında sizin üçün hələ də dəyərli olan varmı?

- Universitet zamanı mən paralel olaraq bir dizayn studiyada işə başladım. Həm universitet xərclərimi qarşılamaq üçün, həm də qrafik dizayn tərəfimi də inkişaf etdirmək üçün. İlk kommersiya, yəni real layihələr də həmin dizayn studiyada olub. Sonra isə elə universitet zamanı təcrübə topladığım "Man", "Fiat", "Otokar" kimi şirkətlərdə real layihələrin bir hissəsi olmuşam.

- Sizi peşəkar kimi qəbul etməyə başladıqlarını nə zaman hiss etdiniz?

- Universitet zamanı Almaniyanın məşhur "Man! şirkəti hansı ki, avtobus, yük maşınları və s. istehsal edir, bizim universitetdən təcrübəyə ödənişli tələbə götürməli idilər. Müraciət edənlərdən məni və biri yoldaşı seçmişdilər. Artıq orada özümə güvənim artmışdı. Daha sonra bir yarışmada birincilik əldə etdim və yavaş-yavaş uğurlar başladı.

- Yolun əvvəlində sizi nə və ya kim ruhlandırırdı - kumirləriniz, vizual üslublar, mədəni hadisələr olubmu?

- Unversitetimizin böyük kitanxanası var idi. Asudə vaxtlarımı orada keçirirdim. Dizayn jurnallarındakı işlərə baxdıqca həvəslənirdim və bir gün mən də belə dizaynlar edəcəyimi xəyal edirdim. Beləcə ruhdan düşmürdüm və öz üzərimdə işləyirdim.

- Sizin kifayət qədər beynəlxalq mükafatlarınız var - bunlardan hansı sizin üçün xüsusilə önəmlidir və niyə?

Bəli, həm sənaye, həm də qrafik dizayn sahəsində çoxlu beynəlxalq mükafatların var. Təbii ki önəmli olanları prestijinə görədir. Misal üçün, məhsul dizaynında, yəni sənaye dizaynında "Red Dot!", "A’design award", "International design award" vs. almışam. Qrafik dizaynında isə əsas da poster, plakat dizaynında prestijli mükafatlarım var və işlərim "Lublin Biennial", "Dubai Design Week!" və s. kimi nüfuzlu sərgilərdə nümayiş etdirilib.

- Ən güclü layihəniz və ya ən çətin peşəkar tapşırığınız hansı olub?

- Azərbaycan üçün 2018-ci ildə bir avtopilot elektrikli avtomobil layihəsində iştirak etmişdim. "IDRAK Technology" şirkətinin layihəsidir. Çox məsuliyyətli iş olduğu üçün azca stressli olmuşdu amma uğurlu alındı. İki beynəlxalq nüfuzlu mükafat aldıq və 2019-da Baku Expo mərkəzində real məhsul ilə də sərgidə iştirak etdik. Ən önəmli lahiyələrdən biri budur.

- Hansı yerli və xarici sifarişçilərlə və ya studiyalarla əməkdaşlıq təcrübəniz yaddaşınızda xüsusi yer tutub?

- Reklam agentliklərində işləyərkən yerli və xarici bir çox brendlər ilə işləmişəm. Məhsul dizaynında da ölkənin bir sıra həm dövlət qurumları üçün, həm özəl qurumları üçün işlər görmüşəm. Məşhur şirkətlərin işləri, sifarişləri yadda qalan olur.

- Son 10 ildə Azərbaycanda qrafik dizaynın inkişafını necə qiymətləndirirsiniz?

- Son 10 ildə deməyək, ümumiyyətlə müstəqillik qazandığımızdan bu tərəfə inkişaf yaxşıya doğru gedib. Artıq ölkədə yetəri qədər peşəkar dizaynerlər var. Peşəkar dizayn təhsili verən yerli mütəxəssislər var. Əslində, Azərbaycanda dizayn sahəsi müstəqillikdən öncə də, yəni sovetlər vaxtında da var idi. Həmkarım Rəsul Həsən keçən əsrə aid yerli dizaynlardan ibarət dəyərli bir kitab da çap edib. Geniş araşdırmanın və zəhmətin nəticəsidir.

- Bizdə müəllif və qeyri-adi dizayna maraq varmı, yoxsa hələ də əsas prinsip "işləsin, bəsdir" yanaşmasıdır?

- Bəli, hər yerdə olduğu kimi bizdə də qeyri-adi dizaynlara maraq var və həmişə olub. Sadəcə marketinqin bəzi prinsipləri var. Dizayn ticari sifarişdirsə sifarişçinin məqsədi satışı artırmaqdır. Ona görə də peşəkər yanaşdıqda işin sənət tərəfini kənara qoyub satışa fokuslanmaq lazımdır. İdeal iş isə odur ki, həm ortada qeyri-adi sənət əsəri var həm də sata bilir.

- Milli ənənələrimiz, naxışlarımız və şriftlərimiz müasir dizaynda öz yerini tapa bilir? Yoxsa hamı "Avropa üslubunda" işləməyə çalışır?

- Ölkəmizin üstün tərəfi odur ki biz şərq ilə qərbin birləşdiyi yerdəyik. Qərb üslubları ilə öz milli üslublarımızı sintez edəndə çox yaxşı nəticələr ortaya çıxır. Bu təkçə dizaynda deyil, musiqidə və digər sənət sahələrində də belədir.

- Süni intellektin sizin sahəni dəyişməyə başladığını ilk dəfə nə vaxt hiss etdiniz?

- Süni intellekt dəstəkli dizayn alətləri ilk dəfə çıxanda hamı onsuz da təxmin edirdi ki, belə bir proses baş verəcək. Təkcə dizaynerlər deyil, bir çox sahə işsizlə doğru gedir və özüm də bir müddət işsiz qaldıqtan sonra qərar verdim sahə dəyişdirməyə.

- Əvvəllər saatlarla vaxt ayırdığınız işlərin İİ alətləri ilə qısa zamanda görülə bildiyini anlayanda nə hiss etdiniz?

Bəli, süni intellektin üstün tərəfi də elə budur ki, əvvələr saatlarla, misal üçün montaj olsun və s. başqa işlər üçün ayırdığımız vaxtı artıq bir prompt ilə həll edirik. Bu təbii ki, müsbət bir şeydir. Özüm də artıq mütəmadi olaraq çox istifadə edirəm. Hətta mənə ünvanladığınız bu qədər suala ətraflı cavab yazmaq çox vaxt aparacağı üçün suallara səsli cavab verdim və sonra süni intellekt ilə (speech to text) mətnə çevirdim.

- Niyə dizaynı tərk edib kibertəhlükəsizliyə keçmək qərarı verdiniz? Bu bir etiraz, maraq, yoxsa rasional addım idi?

- Dizayn tərk etmə məsələsi tamamən peşəkarlılıqla əlaqəlidir. Emosional yanaşmaq, küsmək, vəya süni intellektə etiraz, protesto məqsədi daşımır. Hadisələrə emosional yanaşacaq yaşda deyiləm. Sadəcə olaraq dizayn sahəsində iş imkanları get-gedə daraldığı üçün hələlik yeni bir gəlir yeri olaraq başqa maraq sahəm olan kibertəhlükəsiziliyə yönəlmişəm. Bu sahədə önümüzdəki 4-5 il hələ iş olacaq. Sonrası da Allah kərimdir. Dizaynla həmişə məşğul olacağam. Həm şəxsi sənət işləri üçün hobbi kimi, həm də ticari sifarişlər olduqda peşəkar kimi.

- Sizcə, gələcəyin dizayneri yaradıcıdan çox süni intellekti idarə edən bir kurator olacaqmı?

- Bəli, süni intellekti idarə edən bir kurator, prompter olacaq bir müddət üçün. Yəni gedişat bunu göstərir. Ama təbii ki, çıxan nəticələrə qərar verməsi üçün prompterin da bir anlayışı, bir zövqü, bəlli bir təhsili, dünya görüşü olmalıdır. Çünki süni intellekt bir alətdir. Ona ideyanı, tapşırığı siz verirsiniz "belə bir şey hazırla" deyə.

Bir müddət sonra süni intellektin öz zövgü, öz dünya görüşü, öz peşəkarlığı olacaq, əlbəttə. O da özünü mütəmadi inkişaf etdirir. Hətta indidən bəzi etik məsələlərin müzakirəsi gedir. Gələcəkdə süni intellekt qərar vermə mərhələsinə gəldikdə qərarlarının məsuliyyətini kim daşıyacaq və lazım olsa kimə cəza veriləcək? Məsələ təkcə dizayn deyil. Hər hansı tibbi əməliyyat, müharibə vəziyyətində verilən qərarlar və s. Məsələn, hal-hazırda süni intellekt ilə işləyən dronların hədəfi vurma qərarını yenə insan özü verir, amma gələcəkdə özü qərar verib özü vurduqda və ortada hərbi cinayət varsa, məsuliyyət kimə aid olacağı böyük müzakirə mövzusudur. Ümumiyyətlə süni intellektin etik tərəfi müzakirəlidir…

- Süni intellektin sürətli inkişafını nəzərə alaraq, Azərbaycan və ümumilikdə dünya dizaynının gələcəyini necə görürsünüz?

- Azərbaycanda və ya dünyada, fərqi yoxdur, süni intellekt onsuz da insanların qabiliyyətini klonlayır. Ona görə də dizaynın kefiyyətində və s. hər hansı bir dəyişiklik olmayacaq. Sadəcə dizaynı edən artıq insan yox süni intelekt olacaq. Ortaya isə yenə də peşəkər iş çıxacaq. Əvvəl də qeyd etdiyim kimi süni intellekt bütün sahələrə təsirini göstərəcək və çox sahədə insanlar işsiz qalacaq amma ortaya daha peşəkar nəticə çıxacaq.

Dizayner Elnur Babayevin işləri haqqında daha ətraflı məlumatı onun Instagram səhifəsindən tapa bilərsiniz – @elnurbabayev_com.

Paylaş:
406

Son xəbərlər

Kəlbəcərə ilk köç olacaq

12 / 06 / 2025, 16:48
Bütün xəbərlər