“Yumşaq güc”dən “sərt güc”ə - Diqtə edən ölkə prezidentinin xarici siyasət mesajları – Əziz Əlibəylidən ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Yumşaq güc”dən “sərt güc”ə - Diqtə edən ölkə prezidentinin xarici siyasət mesajları – Əziz Əlibəylidən ŞƏRH

Qafar Ağayev15:39 - Bu gün
“Yumşaq güc”dən “sərt güc”ə - Diqtə edən ölkə prezidentinin xarici siyasət mesajları – Əziz Əlibəylidən ŞƏRH

“Forumlar həm də beyin mərkəzlərinin və qlobal medianın diqqət yetirdiyi mühüm proseslərin dəyərləndirildiyi informasiya məkanıdır”.

Bunu 1news.az-a III Şuşa Qlobal Media Forumu ilə bağlı danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib.

Onun sözlərinə görə, bu forum çərçivəsində Azərbaycanın çoxvektorlu xarici siyasətinin əsas prinsipləri və dayaq nöqtələri ciddi şəkildə müzakirə olunub:
“Azərbaycan Respublikasının xarici siyasəti beynəlxalq arenada və intellektual platformalarda geniş dəyərləndirilən bir sıra prinsipial əsaslara söykənir. Əsas məqsəd informasiya məkanında Azərbaycanın mövqeyini gücləndirmək və strateji proseslərə təsir imkanlarını artırmaqdır”.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin xarici siyasət kursunda ilk mühüm addımlardan biri Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması idi:
“Bu hərəkat uzun illər qlobal sistemə alternativ olaraq formalaşıb. Azərbaycan isə bu çərçivədə neytral mövqeyini və müstəqil siyasətini qətiyyətlə qoruyur. Ölkəmiz heç vaxt ərazisindən başqa dövlətlərə qarşı istifadə olunmasına icazə verməyib. Bu, xüsusilə Rusiya və İran kontekstində aydın şəkildə özünü göstərdi”.

Əziz Əlibəyli

Əlibəylinin sözlərinə görə, Azərbaycanın enerji siyasəti də xarici siyasətin mühüm istiqamətlərindən biridir:
“Çox az ölkə var ki, enerji resurslarına sahib olsa da, onları qlobal siyasətə düzgün inteqrasiya edə bilsin. Azərbaycanın bu sahədə qazandığı uğurlar Nigeriya, İran və digər ölkələrlə müqayisədə fərqlənir”.

Ekspert vurğulayıb ki, beynəlxalq hüququn qorunması da Azərbaycan siyasətinin əsas dayaqlarındandır:
“Torpaqlarımız işğalda olduğu dövrdə belə Azərbaycan daim BMT qətnamələrinə istinad edirdi. Bu, ölkəmizin hüquqi əsaslara söykənən mövqeyini gücləndirdi”.

Əlibəyli həmçinin qeyd edib ki, 2020-ci il Vətən müharibəsi ilə “yumşaq güc” və “sərt güc” anlayışları yenidən gündəmə gəldi:
“Azərbaycan həm silahlı güc, həm də diplomatik və informasiya resursları ilə uğur qazandı. Avroviziya, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi tədbirlər ölkəmizin ‘yumşaq güc’ siyasətinin nümunələridir. Multikulturalizm isə Azərbaycanın dövlət siyasətinin prioritetinə çevrilib və bu yolla erməni təbliğatının qarşısı alınıb”.

Ekspert Azərbaycanın pandemiya dövründə və Qoşulmama Hərəkatına sədrliyi zamanı üçüncü dünya ölkələrinə göstərdiyi dəstəyi də yüksək qiymətləndirib:
“Bu sayədə BMT tribunasından çıxış edərkən Azərbaycanın Qarabağla bağlı mövqeyini 150-dən çox ölkə dəstəklədi”.

Əziz Əlibəyli bildirib ki, Prezident İlham Əliyevin fərqli siyasi lider olaraq Azərbaycanın geostrateji mövqeyini düzgün qiymətləndirməsi ölkəni beynəlxalq kommunikasiya xəritəsinin mərkəzinə yerləşdirib:
“Cənubda İran, şimalda isə Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan regionun strateji tranzit mərkəzinə çevrildi. Bu mənada Zəngəzur dəhlizi təkcə regional deyil, qlobal əhəmiyyətli bir layihədir”.

Ekspert deyib ki, Zəngəzur dəhlizi yeni dünya nizamının formalaşmasında mühüm rol oynayacaq:
“Süveyş və Bab-əl-Məndəb boğazları arasındakı qlobal nəqliyyat əlaqələrinə alternativ yol kimi Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Prezident bu layihəni həm hüquqi, həm də geosiyasi əsaslarla təqdim etdi”.

O, COP29-un da Azərbaycanın beynəlxalq əhəmiyyətini göstərən mühüm hadisə olduğunu bildirib:
“Bu tədbir bizi beynəlxalq ekologiya siyasətinin mərkəzinə gətirdi. Dünya bu gün ekoloqlar və anti-ekoloqlar, qlobalistlər və anti-qlobalistlər arasında bölünüb. Azərbaycan isə öz siyasi orbitini aydın şəkildə müəyyənləşdirərək, ‘yumşaq gücdən’ ‘sərt gücə’ keçid etmiş ölkə statusuna yüksəlib”.

Politoloq Türk Dövlətləri Təşkilatının rolunu da vurğulayıb:
“300 milyondan artıq əhalisi və böyük iqtisadi potensialı olan bu birlik Azərbaycanın yeni əməkdaşlıq və inkişaf imkanlarını artırır. Əgər bu təşkilat ardıcıl şəkildə dərinləşərsə, dünyada dördüncü böyük iqtisadi gücə çevrilə bilər”.

Əlibəyli bildirib ki, Zəngəzur dəhlizinin reallaşmasına qarşı Rusiya, ABŞ, İran və bəzi Avropa dairələri tərəfindən açıq və gizli müqavimət göstərilsə də, Azərbaycan diplomatik vasitələrlə öz məqsədlərinə doğru inamla irəliləyir:
“Artıq Azərbaycan lokal yox, regional və qlobal oyunçuya çevrilmək istiqamətində ciddi addımlar atır”.

Ekspert qeyd edib ki, Prezidentin III Şuşa Qlobal Media Forumundakı çıxışından belə nəticəyə gəlmək olar ki, Azərbaycan yeni beynəlxalq nizamın formalaşmasında aktiv rol oynamaq niyyətindədir:
“Ölkəmiz beynəlxalq hüququn güc deyil, ədalət üzərində qurulmasına töhfə vermək istəyir. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü müdafiə etməsi də bunun bariz nümunəsidir”.

Sonda o bildirib ki, İranla münasibətlərdə də Azərbaycan balanslı və strateji yanaşma sərgiləyir:
“İsraillə hərbi-strateji, İranla isə iqtisadi-strateji əməkdaşlıq paralel aparılır. Azərbaycan heç bir təxribat və təzyiqə uymadan, sabitlik və strateji tarazlıq siyasətini qoruyub saxlayır. İranın son ritorikasındakı dəyişikliklər də Azərbaycanın uğurlu siyasətindən xəbər verir”.

Qeyd edək ki, III Şuşa Qlobal Media Forumu 19–21 iyul tarixlərində keçirilib. Tədbirin birinci günündə Prezident İlham Əliyev Forum iştirakçıları ilə görüşüb, yerli və xarici media nümayəndələrinin suallarını cavablandırıb.

Paylaş:
195

Son xəbərlər

Bütün xəbərlər