Faşizmi qəhrəmanlaşdıran Ermənistanın Almaniyanın radikal sağçı partiyası ilə əməkdaşlığı | 1news.az | Xəbərlər
Siyasət

Faşizmi qəhrəmanlaşdıran Ermənistanın Almaniyanın radikal sağçı partiyası ilə əməkdaşlığı

10:13 - 16 / 12 / 2019
Faşizmi qəhrəmanlaşdıran Ermənistanın Almaniyanın radikal sağçı partiyası ilə əməkdaşlığı

Son illər Almaniyadan ölkəmizin işğal olunmuş ərazilərinə səfərlərin sayının artması müşahidə edilir. Bunun əsas səbəblərindən biri Ermənistanın Almaniyanın radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilə fəal əməkdaşlıq etməsidir.

2017-ci ildən etibarən Almaniyanın Baden-Vürttemberq, Türinqen, Meklenburq-Forpommern və Brandenburq federal torpaqlarının landtaqları, eləcə də Bundestaqın və Avropa Parlamentinin AfD-çi deputatlarının sırasından işğal altında olan torpaqlarımıza bir neçə qanunsuz səfər qeydə alınıb. Bu şəxslərin adları (Tomas Rudi - Thomas Rudy, Enriko Komninq - Enrico Komning, Holqer Aeppe - Holger Arppe, Lars Patrik Berqin - Lars Patrik Berqin, Manuel Oksenrayterin - Manuel Ochsenreiter) XİN-in “qara siyahı”sına daxil edilib.

Bundan əlavə, Bundestaqın AfD fraksiyasının nümayəndələri 2018-ci ildə Almaniyaya səfər etmiş işğal altında olan ərazilərimizdə yaradılmış qanunsuz rejimin “parlament deputatlarını” Bundestaqda qəbul etmiş, eləcə də onları Brandenburq federal torpağının Landtaqına 01.09.2019 tarixində keçirilmiş seçkilərə dəvət etmiş və erməni mətbuatı bunu “Artsax” nümayəndələrinin həmin seçkilərdə müşahidəçi qismində iştirakı kimi təqdim etmişdir (halbuki AFR XİN-in məlumatına görə, landtaq seçkilərinə bir qayda olaraq xarici müşahidəçilər dəvət olunmurlar). 

AfD Almaniyada olduqca mənfi imicə sahibdir. Partiyanın əsas mövzuları, o cümlədən Almaniyanı “islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaq, Avropa İttifaqının səlahiyyətlərini azaltmaq kimi məsələlər daxildir. AfD-ni islamafob, anti-semitist, irqçi, anti-demokratik və “BREXİT partiyası” adlandırırlar və Almaniyanın konstitusion quruluşuna zidd siyasət yürütməkdə ittiham edirlər.

Almaniyada həm federal hökumət, həm də federal torpaqların hökumətlərinin qurulması prosesində AfD ilə koalisiya qurulması və ümumiyyətlə bu partiya ilə hər hansı formada əməkdaşlıq edilməsi digər bütün siyasi qüvvələr tərəfindən birmənalı olaraq istisna edilir. Bundestaqda hər fraksiya üçün bir vitse-prezident vəzifəsi nəzərdə tutulsa da, 2017-ci ildə seçilmiş Bundestaqın cari çağırışında AfD fraksiyası bu vəzifəyə 4 müxtəlif namizədini plenar iclasda indiyədək keçirilmiş 10 səsvermədə seçdirə bilməmişdir. Almaniyanın əks-kəşfiyyat qurumu olan Federal Konstitusiyanı Müdafiə İdarəsi sağçı ekstremist mövqeyinə görə AfD-ni müşahidəyə götürmüşdür. Həmçinin Federal Konstitusiyanın Mühafizəsi İdarəsinin keçmiş direktoru Hans-Qeorq Maassen AfD rəhbərliyi ilə keçirdiyi xidməti görüşlərinə görə ictimai qınaqlara davam gətirməyərək (tabe olduğu federal daxili işlər nazirinin ciddi müqavimətinə baxmayaraq) istefa verməli olmuşdur. Avstriyada video qalmaqalı ilə hökumət böhranı yaratmış Avstriya Azadlıq Partiyası (FPÖ) ilə AfD-nin sıx tərəfdaşlıq etməsi və sözügedən qalmaqaldan sonra belə FPÖ-yə dəstəyini ifadə etməsi də AfD-nin mənfi imicini şərtləndirən faktlardan biridir.

AfD-çilərin sağçı populist, irqçi, anti-semitist və islamafob qüvvə olmasına dəlalət edən çoxlu sayda fakt məlumdur.

Bundestaqın hazırki çağırışında 3 komitənin (büdcə, turizm, hüquq) rəhbərliyinə AfD-çi deputatlar gəlsələr də, yaxınlarda Hüquq komitəsinin sədri Ştefan Brandner (Stephan Brandner) özünün anti-semitist və sağçı ekstremist çıxışlarına görə komitə üzvləri tərəfindən vəzifədən uzaqlaşdırılmışdır.

2019-cu ildə işğal altında olan torpaqlarımıza qanunsuz səfər etmiş Bundestaqın deputatı Ştefan Koyter (Stefan Keuter) Almaniya ictimaiyyətində nasist və anti-semitist şüarlardan həvəslə istifadə etdiyinə görə ad qazanıb (bax: https://vestnikkavkaza.net/analysis/Fascist-disgraced-himself-in-Germany-becomes-honorary-guest-in-NKR.html). O cümlədən onunla səfər yoldaşı olmuş Brandenburq Landtaqının deputatı Andreas Kalbits (Andreas Kalbitz) AfD-nin sağçı ekstremist qanadını təmsil edir və onun müxtəlif sağçı ekstremist və neonasist təşkilatlarla əməkdaşlıq etdiyi məlumdur (https://de.wikipedia.org/wiki/Andreas_Kalbitz).

Sağçı milliyyətçi AfD-çilər öz proqramlarını o cümlədən islamafob çalarlar üzərində qururlar. Onlar müsəlman miqrantları Almaniya və Avropa üçün təhlükə adlandırırlar və bu baxımdan norveçli terrorist Anders Breyviklə eyni fəlsəfəni bölüşürlər. AfD-çilər işğal altındakı torpaqlarımıza qanunsuz səfərlərini, eləcə də işğalçı rejimlə əlaqələrini Dağlıq Qarabağın guya xristian mədəniyyətinin tərkib hissəsi olması ilə əsaslandırmağa çalışırlar. Məsələn, Baden-Vürttemberq Landtaqının üzvü kimi hələ 2017-ci ildə Dağlıq Qarabağa qanunsuz səfər etmiş və hazırda Avropa Parlamentinin deputatı olan Lars Patrik Berq (Lars Patrick Berg) yaxınlarda Ermənistan səfəri zamanı armenpress.am saytına verdiyi müsahibəsində (https://armenpress.am/eng/news/996741) Dağlıq Qarabağı “xristianlığın beşiyi” və “xristian inancının qalası” adlandırır.

AfD-çilərin Azərbaycanın işğal altında olan torpaqlarına səfərləri həm də bu partiyanın təmsilçilərinin post-sovet məkanında olan digər münaqişə bölgələrinə həvəslə səfərlər etməsi kontekstində baxılmalıdır. Bu xüsusda, mətbuatda AfD-nin Rusiya tərəfindən saxlanılan şəbəkənin bir hissəsi olmasına dair çoxlu xəbərlər dərc olunmuşdur. Belə ki, bu səfərlərin əsas təşkilatçıları və təşviqatçılarının Rusiya xüsusi xidmət orqanları və rəsmilərilə əlaqələrinə dair müxtəlif faktları təqdim olunmuşdur. Bu mənada, AfD Rusiyanın Avropanı və Almaniyanı daxildən zəiflətmək hədəflərinə xidmət edən ünsür kimi təqdim edilir.

Belə ki, cari ilin aprel ayında ZDF televiziyası və Der Spiegel jurnalının araşdırmaları nəticəsində Rusiya dövlət qurumlarının 2017-ci ilə aid ələ keçirilmiş daxili elektron yazışmalarında hazırda Bundestaqın AfD fraksiyasının deputatı olan Markus Fronmayerə (Markus Frohnmaier) “maddi və mənəvi yardım göstərilməsi” təklif olunduğu və onun Bundestaqa seçilməsindən sonra “tam nəzarətdə olan deputat” olacağına dair ümid ifadə olunduğu üzə çıxarılır.

Bir müddət əvvəl isə deputat Fronmayerin əməkdaşı Manuel Oksenrayterin (Manuel Ochsenreiter) Polşanın hüquq-mühafizə orqanları tərəfindən Ukraynada Rusiyanın sifarişi ilə ukraynalılar və etnik macarlar arasında milli ədavət yaratmaq məqsədi ilə cinayət törədilməsi üçün sifariş verməkdə ittiham olunmuşdur. Oksenrayter həm də 20.02.2017 tarixində işğal altında olan torpaqlarımızda keçirilmiş qondarma “referendumda” AfD partiyasının Türinqen federal torpağının Landtaqının bir neçə deputatı ilə birlikdə müşahidəçi qismində iştirak etdiyi üçün Azərbaycanın “arzuedilməz şəxslər” siyahısına daxil edilmişdir. O zaman AfD partiyası Bundestaqda hələ təmsil olunmurdu və Oksenrayter radikal milliyyətçi “Zuerst!” jurnalının baş redaktoru vəzifəsində çalışırdı. 

Radikal sağçı, anti-Qərb, rusiyapərəst və anti-semitist publisist kimi tanınan Oksenrayter post-sovet məkanındakı separatçı bölgələrdə keçirilən qondarma seçkiləri izləmək üçün Polşa, Almaniya və Belçika siyasətçilərindən ibarət “müşahidəçi missiyaları” təşkil edən beynəlxalq şəbəkənin yaradıcılarından və əsas üzvlərindən biridir. Həmin şəbəkənin Rusiya xidmət orqanları ilə əməkdaşlıq etdiyinə dair xəbərlər mövcuddur. Şəbəkənin əsas fiqurlarından biri olan Polşadakı rusiyapərəst “Zmiana” partiyasının rəhbəri Mateuş Piskorski (Mateusz Piskorski) 2016-ci ildə Polşanın hüquq-mühafizə orqanları tərəfindən Rusiyanın xeyrinə casusluq etməkdə və Rusiyanın xüsusi xidmət qurumları ilə ödənişli əsaslarla əməkdaşlıq etməkdə şübhəli bilinərək həbs olunmuşdur.

Piskorski 2016-cı ilin əvvəllərində Berlində alman AfD-çilərlə birlikdə eyni məqsədlərə xidmət edən “Alman Avrasiya Araşdırmaları Mərkəzi”ni təsis etmiş, Oksenrayter həmin təşkilatın sədri, Piskorski isə sədr müavini olmuşdur. Təşkilatın daha bir təsisçisi o vaxtlar AfD-nin gənclər təşkilatının rəhbəri olmuş və sonradan Bundestaqın deputatı seçilmiş Markus Fronmayerdir. Bu təşkilatın da Rusiyanın sifarişi əsasında fəaliyyət göstərdiyi iddia olunur.

AfD partiyasının rəhbərliyinin yuxarıda sözügedən qalmaqalları qulaq ardına vurması və adları Rusiya ilə əlaqələrdə hallandırılan siyasətçilərə qarşı heç bir tədbir görməməsi alman ictimaiyyətində partiyanın həqiqətən Rusiya maraqlarının daşıyıcısı olduğuna dair şübhələri artırmış olur.

Maraqlı məqam həm də budur ki, müşahidələrimiz göstərir ki, ölkəmizə qarşı qərəzli mövqedə dayanan alman KİV-ləri belə Ermənistan-AfD əməkdaşlığına tənqidi mövqedən yanaşmış, o cümlədən AfD-çilərin qanunsuz səfərləri barədə Azərbaycanın maraqlarına xidmət edən xəbərlər yaymışlar. Halbuki digər hallarda alman mətbuatı işğal altında olan torpaqlarımıza qanunsuz səfərləri xüsusi şərh etmir və əksinə belə səfərlərin iştirakçılarının AR-in “arzuolunmaz şəxslər” siyahısına salınmasını “tənqidi əcnəbi səslərin” guya Azərbaycana buraxılmaması cəhdi kimi təqdim etməyə meyl göstərir. Amma AfD-çilərin beynəlxalq hüquqa hörmətsizlik etməsi, başqa ölkələrin qanunlarını pozması və onların ərazi bütövlüyünü şübhə altına alması alman mətbuatı tərəfindən həvəslə qabardılır və tənqid olunur.

Beləliklə də Qaregin Njde timsalında faşizmi qəhrəmanlaşdıran Ermənistanın Almaniyanın radikal sağçı, mənfi imicə malik olan AfD partiyası ilə əməkdaşlığı, bu ölkənin dövlət səviyyəsində faşizmin qəhrəmanlaşdırılması siyasəti yürütdüyünü və bu cəhdləri ilə Azərbaycanın işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi təbliğ etmək üçün istifadə etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir.

1news.az

Paylaş:
1025

Son xəbərlər

Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04
Bütün xəbərlər