Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda 22 medal qazanıblar
Təhsil Nazirliyi 2015-ci ilin təhsil xronikasını təqdim edib.
1news.az-ın məlumatına görə, xronikada cari ildə təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar və tədbirlərin qısa xülasəsi öz əksini tapıb.
2015-ci ilin təhsil xronikasını qısa olaraq diqqətinizə çatdırırıq:
Təhsil siyasəti
- Prezident İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına uyğun olaraq, müəllimlərin əmək haqqı və dərs yükü artırılıb.
- Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilib.
- Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılıb.
- Ölkə Prezidentinin fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilib, eyni zamanda digər sərəncamla Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılıb.
- Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.
- Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulub.
- Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazanmış 50 ümumtəhsil məktəbinin hər biri 10 000 (on min), “Ən yaxşı müəllim” müsabiqəsində qalib gəlmiş 100 müəllimin hər biri isə 5 000 (beş min) manat birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb.
- 2015-ci ildə ölkə Prezidentinin sərəncamlarına əsasən təhsilin inkişafında xüsusi xidmətlərinə görə 129 nəfər dövlət təltifləri ilə mükafatlandırılıb, o cümlədən 1 nəfərə “Şöhrət” ordeni, 62 nəfərə “Tərəqqi”, 2 nəfərə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib, 4 nəfər “Əməkdar elm xadimi”, 60 nəfər “Əməkdar müəllim” fəxri adı alıb. Eyni zamanda, 2015-ci il ərzində 105 nəfər təhsil işçisi Təhsil Nazirliyinin ”Qabaqcıl təhsil işçisi” döş nişanı və 304 nəfər Fəxri Fərmanla təltif edilib.
Ümumi təhsil
- 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 58 məktəbin 10-cu siniflərində 4 istiqamət üzrə 176 təmayül sinfi açılıb.
- Bakıda və Sumqayıtda beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzləri istifadəyə verilib.
- Bu il ilk dəfə olaraq Respublika fənn olimpiadalarının keçirilməsində yeni qaydalar tətbiq olunub. Belə ki, fənn olimpiadalarının şəhər mərhələsi test üsulu ilə keçirilib.
- Son 1 ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda yüksək nailiyyət əldə edərək 22 medal qazanıblar.
- 2015-2016-cı tədris ilindən etibarən ilk dəfə olaraq, Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsinə başlanılıb.
- 2015-ci ildə mərkəzləşmiş qaydada ümumi təhsil müəssisələrinə və peşə liseylərinə tam şəffaf və elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsində 3068 nəfər işlə təmin olunub, vakant yerlərin tutulma səviyyəsi 38 faiz artıb. Əgər iki il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min olduğu halda, cari ildə onların sayı 41 faiz artaraq 24 min nəfərə yüksəlib. Kənd məktəblərində işə qəbul olunmuş 1800 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin qərarına əsasən həvəsləndirmə tədbirləri tətbiq edilib ki, bu da kənd məktəblərini seçənlərin ötən dərs ilinə nisbətən 30 faiz artması deməkdir. Eyni zamanda kənd məktəblərində işləyən gənc müəllimlərə güzəştli şərtlərlə torpaq sahəsinin ayrılması və ipoteka kreditlərinin verilməsi ilə bağlı təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim edilib.
- Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. 357 ümumi təhsil məktəbinə yeni direktor təyin olunub.
- 2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrinin IX siniflərini 108138, XI siniflərini 87 714 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirib.
- 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlərin 131 nəfəri qızıl, 21 nəfəri gümüş medala layiq görülüb.
- 2015-2016-cı dərs ilində məktəblərdə tədris prosesi iyunun 14-dək davam edəcəkdir. Nəticədə 5 günlük tədris həftəsi ilə çalışan məktəblərdə dərs günlərinin sayı 172-ə, 6 günlük tədris həftəsi təbiq edilən məktəblərdə isə 209 günə çatacaqdır.
- 2015-2016-cı dərs ilində ümumi təhsil müəssisələrinin I sinfinə qəbul olan şagirdlərin sayı 157000-ə yüksəlib. Ölkəmizdə müsbət demoqrafik vəziyyət nəticəsində son illərdə I sinfə gələn şagirdlərin sayında əhəmiyyətli artım müşahidə edilir. Belə ki, 2013-cü ildə I sinif şagirdlərinin sayı 138 000, 2014-cü ildə isə 152 000 nəfər olub.
- 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində 1 359 173 şagird təhsil alır.
- 2015-2016-cı tədris ilinə ölkənin ümumi təhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün dövlət vəsaiti hesabına 141 adda 4 095 370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.
Məktəbdənkənar fəaliyyət
- Təhsil Nazirliyi tərəfindən “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, yüngül atletika, akrobatika və bədii gimnastika) məktəblilərarası zona yarışları keçirilib.
- Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin tabeliyində olan idman məktəblərinin yetirmələri boks, atletika, ağır atletika, yunan-roma güləşi, sambo, sərbast güləş, üzgüçülük, otüstü hokkey, futbol, mini futbol, kik-boksinq, bədii gimnastika, badminton və şahmat idman növləri üzrə 143 respublika birinciliyi, çempionat, turnir, festival və digər kütləvi idman yarışlarında iştirak edib. İdmançılar respublika yarışlarında 350 qızıl, 248 gümüş, 364 bürünc, beynəlxalq yarışlarda isə 87 qızıl, 76 gümüş, 141 bürünc medal qazanıblar. Beləliklə, idmançılar ümumilikdə 437 qızıl, 324 gümüş və 505 bürünc medal əldə ediblər.
Ali təhsil
- Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 2015-ci il 30 aprel tarixli qərarı ilə 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat, magistratura, rezidentura səviyyələrinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planları təsdiq edilib. Ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılaraq, 39 497 yer (onlardan 11 799 dövlət sifarişli) müəyyən olunub. Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb və bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb.
- 2015-2016-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul zamanı minimal keçid balı 200 bal həddində müəyyən edilib. İlk dəfə olaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə bir sıra ixtisaslara minimal keçid balları müəyyənləşdirilib və imtahanlardan sonra keçid balları aşağı salınmayıb. ali təhsil müəssisələrinə qəbul olan tələbələrin orta balı 11 faiz artıb, cari ilin məzunlarının orta balı isə əvvəlki ilə nisbətən 22 bal artaraq 250 bal təşkil edib. 500 və daha yuxarı bal toplayan abituriyentlərin xüsusi çəkisi 2012-ci ildə 4,8 faiz təşkil edirdisə, bu il həmin göstərici 7,6 faiz olub. Nəticə etibarilə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin keyfiyyət göstəriciləri artıb, qəbul planı 85 faiz yerinə yetirilib və ya 32 849 nəfər tələbə adı qazanıb.
Xaricdə Təhsil üzrə Dövlət Proqramı
- "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2015-2016-cı tədris ilində gənclərə dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı yaradılıb.
- 2015-2016-cı tədris ili üzrə seçimlərdə uğur qazanmış 373 nəfər Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün xaricə göndərilib. Onlardan 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfər isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb.
- Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb.
- Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.
- Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir.
Qeyd edək ki, xronika ilə daha geniş Təhsil Nazirliyinin saytında tanış ola bilərsiniz.
1news.az