Tehran və Ər- Riyad arasında münaqişə. Regiondakı “yanğın”ın qarşısını almaq mümkündürmü?
İran və Səudiyyə Ərəbistanı arasında münaqişə kəskinləşib. Şiə din xadimi Nimr ən- Nimrin edamı isə Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumun həyata keçirilməsi və bu ölkələr arasında diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxardı.
Sual doğuran əsas məqam odur ki, bu hadisə niyə baş verib, bunun ardıyca daha nələr baş verə bilər və münaqişənin genişlənməsini necə əngəlləmək olar?
Mənə elə gəlir ki, hadisələrin belə inkişafı gözlənilən idi. Belə ki, bu hadisələr Yaxın Şərqdə son illər baş verən geosiyasi qarşıdurmanın bir növ davamıdır.
Xatırladaq ki, hər iki dövlət Yaxın Şərq regionunda təsir dairəsini gücləndirmər uğrunda rəqabət aparır. Suriya münaqişəsində də Tehran və Ər-Riyad barrikadaların əks tərəflərində yer alıb. Siə təriqətli İran Bəşər Əsəd rejiiminə tərfədar çıxır. Sünnilərin üstün olduğu Səudiyyə Ərəbistanı isə suriyalı liderə qarşı cəbhədə yer alıb.
Səudiyyə Ərəbistanı və İran arasındakı münasibətlər bu dövlətlər arasındakı gərginliyin açıq –aydın ifadəsidir. Onlar arasın qarşıdurma ilk dəfə deyil və müxtəlif məsələlərdə- yaxın Şərqdə və Suriyadakı vəziyyətin tənzimlənməsində özünü göstərir.
Məsələnin ciddiliyi həm də ondan ibarətdir ki, bu ölkələr arasındakı siyasi qarşıdurma dini məcraya keçərsə, bir sıra Yaxın Şərq ölkələri də bu münaqişəyə cəlb oluna bilər.
Hər iki ölkə paytaxtlarından qarşılıqlı təhdidlər səslənir. Şiə din xadiminin qətlinə görə İranın dini lideri ayətullah Əli Xamneyi səudiyyə hakimiyyətinə “ilahi cəza” vəd edib.
Bu qətl hadisəsi Tehranda Səudiyyə Ərəbistanı səfirliyinin dağıdılmasına səbəb oldu. Cavabında isə Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin pozulduğunu bəyan etdi.
Lakin məsələ bəyanatlarla bitmədi. Bir müddət sonra yayılan xəbərə görə, iranlı tələbələr SƏ Krallığının səfirliyinə hücum edərək səfirlik binasını darmadağın edib və yandırıb.
Bunlar ötən əsrin 70-ci illərində baş verən hadisələri xatırladır. O zaman da məhz belə tələbələr Tehrandakı ABŞ səfirliyinə hücum edib 444 gün ərzində səfirlik əməkdaşlarını girov saxlamışdılar.
Aydındır ki, vəziyyətlə əlaqədar aparıcı dövlətlər və təşkilatların rəhbərləri rəy bildirməli idi. ABŞ hadisə ilə bağlı bəyanat verdi ki, din xadiminin qətli regionda dinlərarası gərginliyi artırmağa xidmət edir. Halbuki, “ hazırda bu gərginliyi aradan qaldırmaq lazımdır”. Təxminən buna yaxın fikir Aİ-nin Xarici işlər üzrə ali təmsilçisi Fedeka Mogerini tərəfindən səsləndirilib. “Bu hadisə sünni və şiə təriqətləri arasında gərginliyin artmasına səbəb olar və nəticəsi təhlükəli ola bilər”.
Heç bir öhdəlik daşımayan belə bəyanatları biz eşitməyə öyrənmişik. Əminəm ki, belə bəyanatlar nə problemləri, nə də münaqişələri həll etmək imkanına malik deyil.
Hadisənin əsas təhlükəli məqamı odur ki, münaqişə getdikcə daha çox dini xarakter alır və sünnilərlə şiələrin müharibəsinə çevrilir. Bu isə artıq orta əsrlərə qayıtmaqdır və buna imkan vermək olmaz.
Əlbəttə, yaranan vəziyyətlə bağlı optimist proqnozlar vermək və yaxın zamanlarda münaqişənin həll olunduğunu gözləməyə əsas yoxdur.
Göründüyü kimi, aktiv diplomatik və siyasi cəhdlər reallaşdırılmalıdır ki, bu münaqişə bütövlükdə Yaxın Şərqi bürüyən genişmiqyaslı yanğına cevrilməsin. Bu konfliktin həllində regional beynəlxalq strukturların- Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatlarının maraqlı olması da az rol oynamır.
Həmçinin,hər iki tərəfin güvəninə sahib olan müsəlman dünyasının həqiqi hüfuz sahiblərinin rolu da münaqişənin həllində mühüm əhəmiyyətə malikdir.
Fikrət Sadıqov
Politoloq, Qərb Universitetinin professoru