Mərkəzi Asiyada terror dalğası: ekspertlərin proqnozları
Yaxın Şərqdən sonra radikal qrupların əsas fəaliyyət məkanının Mərkəzi Asiya olacağı haqqında informasiyalar yayılır. Siyasətçilər sırasında da bununla bağlı narahat olanlar az deyil. Artıq İŞİD-in Əfqanıstanda əraziləri zəbt etməyə başlamasından söhbət gedir. Ona qarşı hər hansı beynəlxalq koalisiya yaradılmayıb.
Qərb və Rusiyanın başı Suriyaya qarışdığından Əfqanıstan istiqamətində boşluqlar yaranır. Mütəxəssislər isə həyəcan təbili çalırlar. Onlar yaxın vaxtlarda regionun olduqca təhlükəli proseslər məkanı ola biləcəyi barədə xəbərdarlıq edirlər. Bunu təsdiqləyən faktlar da vardır. Bu yaxınlarda Rusiyanın Xarici İşlər Nazirliyi həmin məsələ ilə əlaqədar xüsusi bəyanat da verib. Terrorçuların Rusiya və Mərkəzi Asiya ölkələrinə nüfuz etmək üçün hazırlıqlar apardığı haqqında məlumatlar yayıb.
Gizli təhlükə: zərbə anı məlum deyil
Hələ bir neçə ay əvvəl İŞİD-in Mərkəzi Asiyaya nüfuz edə biləcəyi ilə bağlı xəbərdaredici proqnozlar verilirdi. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktorunun birinci müavini Sergey Smirnov isə ötən ilin sentyabr ayında bildirmişdi ki, hazırda əsas təhlükə bu terror qruplaşmasının insanları ələ alması, onlara təlim keçərək hərbi əməliyyatlara cəlb etməsi və sonrakı mərhələdə geri öz ölkələrinə (S.Smirnov Rusiya və Mərkəzi Asiya dövlətlərini nəzərdə tutur – Newtimes.az) qaytarmasından ibarətdir. Yayılan informasiyalara görə, Rusiya və Mərkəzi Asiya ölkələrindən 5 mindən çox insan İŞİD-ə qoşulub. Daha maraqlısı odur ki, bu proses indi də davam edir. Bəzi mənbələr son aylar bu göstəricinin 3 dəfədən çox artdığını qeyd edirlər. Dəqiq rəqəmlər söyləmək çətin olsa da, böyük dövlətlərin (o cümlədən ABŞ və Rusiyanın) rəhbərlərinin bəyanatlarında İŞİD-ə getdikcə daha çox adamın üzv olduğu ilə bağlı narahatlıqlar ifadə olunub.
Uzun illərdir ki, terrorun qurbanı olan Əfqanıstan da bu təhlükədən yan keçə bilməyib. İndi rəsmi dairələrin yaydığı informasiyaya görə, İŞİD bu ölkədə 1 il əvvəl strukturlaşmağa başlayıb. Artıq bu təşkilat Əfqanıstanın bir neçə əyalətini ələ keçirib. Buna o, həm dövlətin hüquq-mühafizə orqanları, həm də "əl-Qaidə" ilə döyüşlərdə nail olub. Ekspertlər bu gedişatın çox təhlükəli nəticələr verə biləcəyini açıq deyirlər. Rusiya XİN-in yaydığı informasiyada isə yaranmış vəziyyətin kifayət qədər təhlükəli olduğu bildirilir.
Belə ki, İŞİD Əfqanıstanda "ikinci cəbhə aça bilər". Rusiya XİN sözçüsü Mariya Zaxarova bu bağlılıqda bildirib ki, "radikal islamçılar çoxdan sübut ediblər ki, onlar istənilən böhranlı vəziyyətdən öz xeyirləri üçün istifadə edə bilirlər, köhnə ixtilafları dərinləşdirir, yeni ziddiyyətlər və ...gərginlik ocağı yaradırlar..."
Mariya Zaxarova fikirlərini inkişaf etdirərək, belə bir qənaətə gəldiklərini açıq söyləyib – İŞİD bir neçə dəfə bəyan edib ki, bütün regionda "sabitlik yaratmaq üçün" Əfqanıstandan meydan kimi istifadə edəcək. Təşkilat artıq bu vədlərinə əməl etməyə başlayıb. Belə ki, "indi müşahidə edilən tendensiyalar göstərir ki, bu təhdidlər real cizgilər kəsb etməkdədir".
Burada ekspertlərin vurğuladığı bir məqamı xatırlamağa ehtiyac vardır. Belə ki, ekspertlər yuxarıda qeyd edilən tendensiyanın güclənməsində Rusiyanın Suriyada hərbi əməliyyatlara start verməsinin müəyyən rol oynadığını bildirirlər. Oradan sıxışdırılıb çıxarılan terrorçular başqa ərazilərdə möhkəmlənməyə çalışırlar. Bu sırada məhz Əfqanıstan daha həssas yer sayılır. Bu ölkənin əyalətlərini zəbt etməklə yanaşı, İŞİD ona qonşu olan dövlətlərə də nüfuz etmək strategiyasını həyata keçirir.
Buradan Mərkəzi Asiyada yeni terror dalğasının meydana gələ bilməsi haqqında proqnozlara yol açılır. Qazaxıstan Riski Qiymətləndirmə Qrupunun direktoru Dosım Satpayev hesab edir ki, Mərkəzi Asiya və Qafqaz üçün terror riskinin artmasına Rusiyanın Suriya böhranına birbaşa müdaxiləsi ciddi təsir göstərib.
Növbəti qurban Mərkəzi Asiyadır?
Hazırda terrorçular üçün "rahat loxma" (Mariya Zaxarova) Mərkəzi Asiyadır. Çünki buradan minlərlə insan İŞİD-ə qoşulub. Əlavə olaraq, region dövlətləri arasında müxtəlif xarakterli potensial ixtilaf mənbələri mövcuddur. Qırğızıstanda "Hizbut əl-Təhrir" qruplaşmasının mövqeləri də möhkəmdir. Baxmayaraq ki, bu təşkilatın fəaliyyəti bir sıra ölkələrdə, o cümlədən Rusiya və Qazaxıstanda qadağan edilib. Terrorçular üçün ən asan keçid isə Türkmənistan sərhədi hesab olunur.
Bundan başqa, Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun direktoru Yerlan Karin hesab edir ki, türkmən sərhədinin müdafiəsi yaxşı səviyyədə deyil. Bunu rəsmi Aşxabad da bilir və son zamanlar oraya əlavə hərbi qüvvələr göndərib (bax: əvvəlki mənbəyə). Lakin bu kimi tədbirlərin İŞİD-ə Mərkəzi Asiyada terror aktları törətməyə mane ola biləcəyinə əminlik yoxdur. Y.Karinin fikrinə görə, vəziyyəti böyük güclərin Yaxın Şərqdə daha amansız mübarizəyə başlaması mürəkkəbləşdirir. Çünki orada məğlub olanlar "kompensasiyanı Mərkəzi Asiyada axtara bilərlər" (bax: əvvəlki mənbəyə).
Onu demək olar ki, bu cür proseslərin fonunda İŞİD Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanda öz təmsilçilərini müəyyənləşdirib, yəni artıq regionun böyük bir ərazisində özünün ocaqlarını yaradıb və onların yaxın zamanlarda fəallaşmayacağına təminat yoxdur. Üstəlik, təşkilatın Əfqanıstanda bir-birinin ardınca hərbi uğurlar əldə etməyə başlaması hansısa proseslərdən xəbər verir.
Maraqlıdır ki, terrorun Mərkəzi Asiya üçün partlayış mənbəyinə çevrilməkdə olmasına paralel olaraq böyük dövlətlərin həmin regiona iddiaları da artır. ABŞ-ın dövlət katibi Con Kerri bu ilin ortalarında Mərkəzi Asiya ölkələrinə səfəri zamanı tərəflər arasında əməkdaşlığın təhlükəsizlik çərçivəsini aşdığını və Vaşinqtonun oradan çəkilmək fikrində olmadığını vurğulayıb.
Pekin də region dövlətləri ilə müxtəlif sahələrdə əlaqələrini gücləndirir. Hətta bir sıra aspektlərdə onun Rusiyanı "sıxışdırdığı" da bildirilir. Təbii ki, hadisələrin axarına passiv müşahidəçi olmayan Moskva da Mərkəzi Asiya ölkələri ilə iqtisadi və hərbi əməkdaşlığı gücləndirməyə çalışır.
Ekspertlər hesab edirlər ki, böyük dövlətlərin regiondakı maraqları uğrunda kəskin mübarizəyə girişməsi terrorçular üçün əlavə imkanlar yarada bilər. Çünki İŞİD adətən belə hallarda bu və ya digər tərəflərin maraqlarından istifadə edərək fəallığını artırır. Heç kəs təminat verə bilməz ki, bu terror qrupu Mərkəzi Asiyada həmin taktikadan istifadə etməyəcək. Silahların sayının artdığı bir regionda terror üçün daha münbit şəraitin yaranmaqda olduğu açıq görünür.
Qeyd edilən faktorlardan ekspertlər belə nəticə çıxarırlar ki, radikal qruplar "Mərkəzi Asiyanı partladacaqlar". Buna qarşı isə səmərəli mexanizm yoxdur. Hər şeydən öncə, region dövlətləri arasında koordinasiyalı fəaliyyət planı mövcud deyil. Onlar ayrı-ayrılıqda mübarizə aparmağa kökləniblər. Əslində, bölgə dövlətlərinin bu məsələdə birləşməsinə mane olan onların fərqli geosiyasi mövqelərdə olması, habelə bəzi hallarda terror təhlükəsini real qiymətləndirə bilməməsidir. Bütün bunlar, təbii ki, çox təhlükəli tendensiyadır.
Terror dalğasının Mərkəzi Asiyaya sıçraması özlüyündə böyük bir geosiyasi məkanda vəziyyəti gərginləşdirə, o cümlədən perspektivli beynəlxalq layihələrin reallaşması məsələsini şübhə altına ala bilər. Təcrübə belə hallarda bir sıra dairələrin xeyli fəallaşdığını da göstərir.
Deyək ki, "Yeni İpək Yolu" layihəsi həyata keçmək üzrədir. Artıq ilk yük qatarı Çindən Gürcüstana çatıb və oradan da Avropaya istiqamətlənib. Yaxın vaxtlarda Mərkəzi Asiyada kimlərinsə bu layihənin reallaşması yolunda problem yaratmayacağına inam yoxdur. Vəziyyətin yaxın perspektivdə dəyişə biləcəyini də gözləmək risklidir.
Hər bir halda, yuxarıda aparılan təhlil göstərir ki, İŞİD Mərkəzi Asiyaya nüfuz etmək üçün müəyyən hazırlıqlar görüb. Oradan Rusiya ərazisinə hərəkət imkanlarının axtarışını da dayandırmayacaq. Bütövlükdə dünya üçün yeni münaqişə məkanının meydana gəlməsi təhlükəsi getdikcə böyüyür. Bunun qarşısını kimin ala biləcəyini isə demək çətindir.
Newtimes.az