Cəlilabadda tütünçülüyün inkişaf etdirilməsinə maraq artıb
Azərbaycanda manatın devalvasiyası nəticəsində tütün məmulatlarının qiymətlərində baş verən artım bölgələrdə tütünçülüyün inkişaf etdirilməsinə marağı artırıb.
AZƏRTAC xəbər verir ki, ötən əsrin əvvəllərində Cəlilabad rayonunda əsas əkin sahələrindən biri də tütünçülük olub. Məhsul istehsalçıları dənli bitkilərlə yanaşı, tütün əkməklə həm öz tələbatlarını ödəyib, həm də istehsal olunan məhsuldan gəlir əldə ediblər.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdə Cəlilabadda tütünçlük daha da inkişaf etdirilib. Həyata keçirilən təbirlər nəticəsində rayonda tütün istehsalı ötən əsrin 80-ci illərinin sonlarında 25 min tondan 60 min tona çatdırılıb.
Amma indi rayonda tütün əkinindən əsər-əlamət belə qalmayıb. Mütəxəssislərin qənaətinə görə, tütün məhsullarını baha qiymətə xaricdən almaqdansa, ölkəmizdə onun əkinini həyata keçirmək daha məqsədəuyğundur. Onlar hesab edirlər ki, Cəlilabadda tütün yetişdirmək üçün münbit şərait var.
Bu sahənin becərilməsi çətin olduğundan əkinçilər tədricən daha asan əkin növünə üstünlük veriblər. Ona görə də rayonda tütünçülük tamamilə unudulub.
Cəlilabad Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rüstəm Rüstəmov bildirib ki, rayonun torpaq və iqlim şəraiti hər növ kənd təsərrüfatı bitkisini əkib-becərməyə imkan verir. Eyni zamanda, tütünçülüyü də gəlirli sahəyə çevirmək mümkündür. Bir hektar tütün sahəsindən orta hesabla 25,5-27,7 sentner məhsul götürmək olar. Bir ton yaşıl tütündən isə 180-200 kiloqram quru tütün çıxır.
Qeyd edək ki, sovet dönəmində əlverişli iqlim şəraitinə malik olan Şəki, Bərdə, Qax, Zaqatala, Lerik və Yardımlı rayonlarında da tütün istehsal edilib.