Əbülfəs Qarayev turizm sənayesinin aparıcı nümayəndələri ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan turizm sənayesinin aparıcı nümayəndələri ilə görüş keçirib.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən əmlumata görə, görüşdə Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək və Kənd Yaşıl Turizminin İnkişafına Dəstək ictimai birliklərinin rəhbərləri, aparıcı turizm şirkətləri və mehmanxana rəhbərləri iştirak edib.
Nazir çıxışında son illər turizm sahəsinin qeyri-enerji sektorunun inkişafında turizm sahəsinin prioritet olmasından söz açıb, növbəti illərdə də turizm sənayesinin yeni mərhələdə inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb. O, turizm sənayesi nümayəndələrinin assosiasiya rəhbərləri ilə yeni turizm məhsullarının yaradılması istiqamətində birgə işlər həyata keçirməsi ilə bağlı tapşırıqlar verib. Eyni zamanda hər 4 assosiasiyanın vahid, koordinasiya olunmuş qaydada turistlərin cəlb olunması üçün birgə fəaliyyət göstərmələrinin və fəaliyyət planlarının əhəmiyyəti də müzakirə edilib.
Ə.Qarayev kino sənayesinin turizmin inkişafındakı əhəmiyyətli rolundan danışaraq bildirib ki, bir sıra dünya ölkələrinin təcrübəsində olduğu kimi, Azərbaycanda da filmlərin çəkilişləri üçün təbiət, iqlim və bütün texniki baza imkanları mövcuddur. Bu istiqamətdə xarici ölkələrin kino sənayesi ilə məşğul olan şirkətlərinin filmlərinin Azərbaycanda çəkilişlərinin həyata keçirilməsi üçün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə turizm sənayesi nümayəndələrinin birgə əməkdaşlıq etməsinin vacib olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, turizm sahəsi müasir texnologiya dünyasından geri qalmamalıdır. Turizmin inkişafında elektron texnologiyalardan istifadə edilməli və bu sahədə yeni nəticələr əldə olunmalıdır.
1news.az