Nizami Cəfərov: “Azərbaycan dilinin qrammatikası möhkəmdir, amma dilin müəyyən sahələri var ki, ora diqqəti artırmaq lazımdır ”
“AMEA Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı "Beynəlxaq Ana dili" konfransı keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə millət vəkili Nizami Cəfərov, institutun direktoru Möhsüm Nağısoylu, institutun əməkdaşları, dilçi professor və alimlər iştirak edib. Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən professor Möhsün Nağısoylu bildirib ki, Azərbaycan dilinə daxil olan yeni sözlərin lüğəti hazırlanmalıdır.
AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov qeyd edib ki, müstəqil olmayan xalqın dili bərbad olur: “Dil həmişə siyasi məsələ kimi ortaya atılıb. Azərbaycan dilinin statusu ölkədə referenduma çıxarılıb. Millət öz dilinin adını özü müəyyənləşdirib. Ana dilinin adının Azərbaycan dili kimi müəyyən edilməsi multikultural dəyərlərin bariz göstəricisidir”.
N. Cəfərovun sözlərinə görə, bu gün Azərbaycan dilinin qrammatikası ilə bağlı hər hansı problem yoxdur: “Azərbaycan dilinin lüğət tərkibində həmişə problem olub”.
Professor Buludxan Xəlilov deyib ki, Azərbaycan dili millətin özü qədər əzab çəkib: “Azərbaycan dili millətin ruhudur. Həm də Azərbaycan dili müqavimət gücü yüksək bir dildir”.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli qeyd edib ki, bu gün qədim dillərin öyrənilməsinə, Azərbaycan dilinin etimoloji lüğətinin hazırlanmasına ehtiyac var.
İnstitutun əməkdaşı İsmayıl Məmmədli bildirib ki, Azərbaycan dili böyük söz ehtiyatına malikdir.
1news.az