Bakıda ağacları kəsən vəzifəli şəxs cərimə olunub
Bakıda qanunsuz olaraq ağacları kəsən vəzifəli şəxs cəzalandırılıb.
Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, fevralın 20-də ETSN-in “Qaynar Xətt”inə Binəqədi rayonu Mir Cəlal küçəsi 41 saylı binanın yaxınlığında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.
Şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda 3 ədəd şam ağacının Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin Binəqədi rayon Yaşıllaşdırma Sahəsi rəisinin göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə müvafiq olaraq Binəqədi rayon Yaşıllaşdırma sahəsinin rəisi Maşallah Məmmədov vəzifəli şəxs qismində 6000 manat məbləğində cərimə edilib.
1news.az