9 aylıq körpəsini öldürən ana ilə bağlı yeni faktlar – FOTO – YENİLƏNİB
Gəncədə 9 aylıq körpəsi Elmir Hüseynovu quyuya ataraq boğan ana- Mətanət Hüseynova haqqında yeni faktlar aşkarlanıb.
1news.az-a Gəncə şəhəri Baş Polis İdarəsindən verilən məlumata görə fakt üzrə açılan cinayət işində aydınlaşdırılıb ki, 43 yaşlı M. Hüseynova gec və ağır doğumlardan sonra ciddi psixoloji problemlər yaşayıb.
18 fevral tarixində Gəncə Nevroloji Dispanserindəki müayinədə həkimlər müəyyən edib ki, qadın psixi xəstə olub, həkim qəbulu zamanı o açıq şəkildə uşağını istəmədiyini deyib, uşağı vurmağa çalışıb, mənasız və əlaqəsiz sözlər danışıb. Bunları nəzərə alaraq həkimlər qadına Psixonevroloji xəstəxabada müalicə yazıb və yoldaşı Telman Hüseynovu xəbərdar ediblər ki, qadın körpə üçün təhlükə yaradır.
Təəssüf ki, M.Hüseynovanın yaxınları tərəfindən lazım olan nəticələr çıxarılmadığına görə, sonra ananın öz övladını quyuya atdığının şahidi oldular.
Fakt üzrə Gəncə prokurorluğunda AR Cinayət Məcəlləsinin 120.1 maddəsi (“Qəsdən adam öldürmə”) üzrə cinayət işi açılıb. M. Hüseynova həbs olunub, araşdırma aparılır.
Qeyd edək ki, Hüseynovların iki başqa övladları- əsgərlikdə olan oğlu və tələbə qızı da var.
22 fevral, 12:15
Gəncədə dəhşətli qətl hadisəsi törədilib.
1news.az-ın verdiyi xəbərə görə, Gəncə Şəhər Prokurorluğundan APA-ya bildiriblər ki, hadisə fevralın 19-da şəhərin Kəpəz rayonunda qeydə alınıb.
Rayon sakini, 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova 9 aylıq oğlu Elmir Telman oğlu Hüseynovu həyətdəki su quyusuna atıb. Nəticədə uşaq boğularaq ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən M. Hüseynova həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Verilən məlumata görə, M.Hüseynova psixi xəstə olub.
1news.az