Ramil Usubov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb
Daxili işlər naziri Ramil Usubov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-ın məlumatına görə, qonağı səmimiyyətlə salamlayan nazir strateji müttəfiqlər olan iki dövlət arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu münasibətlərin möhkəm təməllər üzərində qurulmasına hər zaman xüsusi önəm verdiklərini, Pakistanın müstəqilliyimizi tanıyan ilk ölkələrdən biri olduğunu, beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində hər zaman Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini vurğulayıb.
Daha sonra cənab R.Usubov qonağa ölkəmizdə mövcud kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən islahatlar, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının önə çəkildiyi yeni qanunların qəbulundan danışıb, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində ötən illər ərzində uğurlu nəticələrin əldə edildiyini, sabitliyin, əmin-amanlığın etibarlı şəkildə qorunduğunu, belə təhlükəsiz şəraitdən vətəndaşlarımız kimi ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin də yararlandıqlarını diqqətə çatdırıb.
Dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında da əlaqələrin genişləndirilməsində beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıqla, həmçinin, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində əməkdaşlığa dair imzalanmış hökumətlərarası iki sazişin əhəmiyyətini vurğulayıb.
Dövlətlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edən R.Usubov 2012-ci ilin noyabrında İslamabadda keçirilmiş “Narkotiklərlə mübarizə üzrə strategiyalar” adlı regional konfransda iştirakını, Pakistanın rəsmi şəxsləri, o cümlədən daxili işlər naziri ilə görüşlərini məmnunluqla xatırladıb.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi qeyd olunub.
Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən general R.Mahmud dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son iki il ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan məmnunluğunu bildirib.
Transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, dini ekstremizmə qarşı birgə mübarizənin zəruriliyini nəzərə çatdıran R.Mahmud hər iki tərəfdən müsbət təcrübənin öyrənilərək fəaliyyətdə tətbiqinin, Azərbaycanla Pakistan arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
1news.az