Azərbaycanlı nazir Sivilizasiyalar Alyansının Qlobal Forumu barədə müsahibə verib
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT Radiosuna verdiyi müsahibədə BMT-nin Sivilizasiyalar Alyansının bu il aprelin axırlarında Bakıda keçiriləcək VII Qlobal Forumuna hazırlıq barədə danışıb.
Nazir qeyd edib ki, bu forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, İSESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir. Bu fakt müasir Azərbaycanın mədəniyyətlər arasında körpü salmaq, müxtəlif mədəni ənənələr arasında qarşılıqlı anlaşma səviyyəsini yaxşılaşdırmaq ənənələrinə və imkanlarına pozitiv baxışa dəlalət edir.
Ə.Qarayev vurğulayıb:
“Sivilizasiyalar Alyansı Forumunun keçirilməsi bu gün dünyada baş verən bütün prosesləri qiymətləndirməyimiz üçün daha bir addım, daha bir imkandır. Təəssüf ki, bu proseslər heç də həmişə pozitiv xarakter daşımır. Zənnimcə bu gün dünyada gedən proseslərin çoxu mədəni ənənələri, baxışları, həyat tərzini, hər bir xalqa xas olan və əsrlər boyu formalaşmış müəyyən dini postulatları yetərincə düzgün başa düşməməyin nəticəsidir. Belə ünsiyyət bir-birimizi daha yaxşı anlamağa, münaqişələrin səbəblərini və köklərini təhlil etməyə, bu gün dünyada yaranmış mürəkkəb vəziyyətdən çıxış yolları tapmağa imkan verir”.
Nazir bildirib ki, ilkin məlumata görə bir sıra beynəlxalq təşkilatların rəhbərləri həmin forumda iştirak etməyə maraq göstəriblər. BMT-nin Baş katibi Pan Gi Mun həmin forumda iştirak etmək arzusunu bildirib. Ə.Qarayev deyib: “Biz digər nüfuzlu nümayəndə heyətlərinin gəlişini də gözləyirik. Azərbaycan Prezidenti İlham Əliyev prezident həmkarlarının çoxuna dəvətnamələr göndərib”.
Nazirin sözlərinə görə, Qlobal Forum çərçivəsində gənclər üçün də beynəlxalq tədbir keçirilməsi nəzərdə tutulur. Bunun üçün bütün dünyadan həmin tədbirə qoşulmaq arzusunu bildirmiş 7 min nəfər arasından 250 iştirakçı seçilib. Bu işə BMT-nin tərəfdaşları olan biznes strukturlarının, mədəniyyət və mədəniyyətlərarası dialoq sahəsində layihələrin həyata keçirilməsinə kömək edən şirkətlərin də qoşulması gözlənilir.
Ə.Qarayev vurğulayıb ki, mətbuat üçün proqram çərçivəsində çox ciddi müzakirələr gözlənilir. Nazir deyib: “Söhbət həm forumun işıqlandırılması, bu tədbir barədə materialların təqdim edilməsi, həm də mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət məsələlərində beynəlxalq informasiya agentliklərinin rolunun müzakirəsinə həsr edilmiş seksiyaların işindən gedir. Yəqin ki, bu da indiki vəziyyətin anlaşılmasına layiqli töhfə və yeni, daha etibarlı və sabit dünya yaratmaq cəhdi olacaq”.
AZƏRTAC