8 Noyabr - Zəfər Günü: hərbi qələbədən yeni geosiyasi reallıqlara - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

8 Noyabr - Zəfər Günü: hərbi qələbədən yeni geosiyasi reallıqlara - ŞƏRH

Ayşən Salehli17:11 - Bu gün
8 Noyabr - Zəfər Günü: hərbi qələbədən yeni geosiyasi reallıqlara - ŞƏRH

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixində milli qürur, birlik və dövlətçilik iradəsinin təcəssümünə çevrilən ən mühüm günlərdən biridir.

Bu tarixi qələbə illərlə davam edən Qarabağ həsrətinə son qoymaqla yanaşı, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi. Zəfərə aparan yol güclü siyasi strategiyanın, iqtisadi inkişafın, müasir ordu quruculuğunun və xalqın sarsılmaz birliyinin nəticəsi oldu. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan tarixində yeni mərhələnin əsasını qoydu. Bu gün Zəfər yalnız keçmişin qəhrəmanlıq salnaməsi deyil, həm də gələcəyə inamın və milli iradənin rəmzidir.

1news.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva bildirib ki, 8 Noyabrı yalnız 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir dövlətçilik tarixində uzun illər ərzində formalaşmış siyasi, hərbi və iqtisadi strategiyanın konkret nəticəyə çevrildiyi mühüm mərhələ idi.

“30 ilə yaxın davam edən işğal dövrü Azərbaycanın qarşısında təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də dövlət suverenliyinin, regional mövqelərinin və milli təhlükəsizlik sisteminin möhkəmləndirilməsi vəzifəsini qoymuşdu. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi bu baxımdan regionda mövcud siyasi konfiqurasiyanı dəyişdirdi. Bu nəticənin əldə olunmasında bir neçə amilin qarşılıqlı əlaqəsi xüsusi əhəmiyyət daşıyırdı”.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli ordu quruculuğu, müdafiə potensialının gücləndirilməsi, hərbi-texnoloji imkanların genişləndirilməsi, diplomatik fəaliyyət və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi müharibənin nəticəsinə təsir edən əsas amillər idi.

“Müzəffər Ordumuz isə bütün bu hazırlığın real gücünü döyüş meydanında nümayiş etdirdi. Burada xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan 44 gün ərzində yalnız hərbi əməliyyatlar aparmadı. Eyni zamanda, uzun illər ərzində formalaşmış və regionda siyasi status-kvonu qoruyan mexanizmlər dəyişdi. Bu, Cənubi Qafqazda qüvvələr nisbətinə, təhlükəsizlik arxitekturasına və beynəlxalq aktorların regiona münasibətinə təsir göstərən yeni mərhələnin başlanğıcı oldu. Zəfərmizin  siyasi əhəmiyyəti onun müharibədən sonrakı mərhələdə davam edən nəticələrində də özünü göstərir”.

Politoloq hesab edir ki, tarixi Zəfərdən sonra Azərbaycanın qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası və regionda yeni geosiyasi reallıqların formalaşdırılması kimi mürəkkəb vəzifələr dayanır.

“30 il İşğal altında qalmış ərazilərin azad edilməsi ilə qarşıda daha böyük və mürəkkəb vəzifələr dayanırdı. Dağıdılmış infrastrukturun bərpası, minalardan təmizləmə, yeni yaşayış məntəqələrinin salınması, nəqliyyat və enerji sistemlərinin qurulması, insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi genişmiqyaslı dövlət siyasəti tələb edirdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə yalnız tikinti və infrastruktur layihələri kimi baxmaq olmaz. Burada söhbət idarəetmənin bərpasından, iqtisadi məkanın yenidən formalaşdırılmasından, sosial həyatın dirçəldilməsindən və həmin ərazilərin ölkənin ümumi inkişaf sisteminə inteqrasiyasından gedir. Böyük Qayıdışın mahiyyəti də məhz bundan ibarətdir. Digər mühüm məqam isə ondan ibarətdir ki, müharibədən sonra Azərbaycanın qarşısında yeni təhlükəsizlik və geosiyasi çağırışlar meydana çıxdı.  Regionda maraqları olan beynəlxalq güclərin mövqeləri, Ermənistanın gələcək siyasi kursu, Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin perspektivi və sülh prosesinin gələcəyi Azərbaycanın dövlət strategiyasının davamlı şəkildə həyata keçirilməsini zəruri edir”.

“Mən hesab edirəm ki, Zəfərdən sonrakı dövrün əsas xüsusiyyəti hərbi uğurun siyasi, iqtisadi və institusional nəticələrinin möhkəmləndirilməsidir”, - deyə o fikrinə davam edib:

“Çünki dövlətin gücü yalnız müharibədə əldə etdiyi nəticələrlə deyil, həmin nəticələri uzunmüddətli inkişaf və təhlükəsizlik təminatına çevirmək qabiliyyəti ilə də ölçülür. Bu gün Zəfər Günü həm şəhidlərimizin xatirəsi qarşısında ehtiram, həm Ordumuzun göstərdiyi qəhrəmanlığın tarixi qiymətləndirilməsi, həm də dövlətimizin qarşısında duran yeni vəzifələrin dərk edilməsi günüdür. 44 günlük müharibə Azərbaycanın müasir tarixində bir mərhələni başa çatdırdı. Qarabağ və ətraf rayonlarda aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış və yeni regional reallıqların formalaşması isə bu tarixi nəticənin növbəti mərhələsini təşkil edir”.

Paylaş:
156

Son xəbərlər

Bütün xəbərlər