Miqrasiya problemi və ikili standartlar: Aİ daxilində yeni fikir ayrılıqları – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Miqrasiya problemi və ikili standartlar: Aİ daxilində yeni fikir ayrılıqları – Newtimes.az

17:15 - 16 / 03 / 2016
Miqrasiya problemi və ikili standartlar: Aİ daxilində yeni fikir ayrılıqları – Newtimes.az

Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasında miqrantlarla bağlı ümumi razılığın əldə edilməsinə Qərbdə münasibət birmənalı deyil.

BMT və insan haqları ilə əlaqəli olan bir sıra beynəlxalq təşkilatlar məsələnin hüquqi aspektinə diqqət çəkərək, meydana çoxlu sayda çətinliklərin çıxacağından bəhs edirlər. Hətta Aİ-nin institutları arasında bu məsələyə yanaşmalar fərqlidir. Bunların fonunda bütövlükdə miqrasiya probleminin necə həll edilə biləcəyi aktual vəzifə kimi qarşıya çıxır. Əslində, bu prosesin kökü Qərbin siyasi dairələrinin həyata keçirdiyi strateji xəttin məzmunundadır. İkili standartlar tədricən indi müşahidə edilən ziddiyyətli məqamların yaranmasına gətirib çıxarıb. Həmin kontekstdə miqrasiya probleminin analizinə ehtiyac görürük.

İnsan haqları və ikili siyasət: uzlaşmayan məqamlar

Türkiyə ilə Aİ-nin miqrantlarla bağlı əldə etdikləri razılıq, deyəsən, bir sıra hüquqi və sosial maneələrlə üzləşir. Aİ-yə üzv olan ölkələr belə həmin məsələdə fərqli mövqe nümayiş etdirirlər. BMT-nin də münasibətinin birmənalı olmadığı hiss edilir. Qaçqınların işi üzrə BMT Ali Komissarı İdarəsinin Avropa təmsilçisi Vinsan Koşetel bir neçə gün əvvəl vurğulamışdı ki, insan hüquqları üzrə Avropa konvensiyası xaricilərin kollektiv deportasiyasını qadağan edir (bax: ООН: беспокойство о гарантии защиты беженцев / "Euronews", 9 mart 2016).

BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi Avropa Parlamenti üzvləri qarşısında çıxış edərkən bildirib: "Mən beynəlxalq hüququn normaları və müdafiəsini nəzərdə tutmayan formada insanların bir ölkədən digərinə göndərilməsini ifadə edən istənilən təklifdən çox narahatam" (bax: əvvəlki mənbəyə). Etiraf edilməlidir ki, yuxarıda gətirilən arqumentlərin hüquqi olması, doğrudan da, qaçqın problemini dünya ictimaiyyəti qarşısında daha kəskin və ziddiyyətli şəkildə qoyur. Əgər insanların qanunsuz olaraq bir yerdən başqa yerə göndərilməsi beynəlxalq hüquqla qadağan edilibsə, onda Aİ hansı əsasla minlərlə miqrantı geriyə qaytara biləcək? Və yaxud təşkilata daxil olan bir sıra dövlətlər öz sərhədlərini miqrantlara bağlayırlarsa, bir qədər sonra bunun hüquqi izahına ehtiyac yaranmayacaqmı?

Maraqlıdır ki, Aİ-nin müxtəlif institutları miqrantların sayının məhdudlaşdırılmasına fərqli münasibət bildirirlər. Məsələn, Avropa Komissiyasının nümayəndəsi Nataşa Berto bəyan edib ki, Şengen zonasının şərtlərinə əməl etməyən miqrantlar Sloveniya ərazisinə buraxılmayacaq (bax: Институты ЕС по-разному смотрят на сдерживание миграции / "Euronews", 9 mart 2016).

Bunun ardınca Serbiya bildirib ki, qaçqınlar üçün kollektiv mərkəz olmayacaq. Əlavə olaraq Avstriya, Makedoniya, Macarıstan və Xorvatiya da miqrantların qeyri-leqal axınının qarşısını alacaqlarını ifadə ediblər (bax: Тысячи мигрантов у греко-македонской границы взывают к "маме Меркель" / "Euronews", 9 mart 2016). Avropa İttifaqı Şurasının başçısı Donald Tusk bəyan edib ki, Avropaya qeyri-mütəşəkkil miqrasiya axınının sonu gəldi. Lakin Avropa Parlamentinin insan hüquqları komitəsindən deyiblər ki, təşkilat müharibə və təqibdən qaçan insanlara sərhədlərini bağlaya bilməz.

Bunlar bir tərəfdən, Aİ-Türkiyə razılaşmasının miqrant problemini aradan qaldırmaqda xeyli çətinliklərlə üzləşəcəyini, digər tərəfdən isə təşkilat daxilində dezinteqrasiya prosesini dərinləşdirə biləcəyini ifadə etməkdədir. Daha çox diqqət çəkən məqam həmin sazişə qarşı hüquqi, sosial, siyasi, mənəvi və təşkilati arqumentlərin qoyulmasıdır. Bu iradların mənbəyi də BMT, insan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar və Aİ-nin daxilindəki müəyyən rəsmi dairələrdir. Etiraf edək ki, kifayət qədər ciddi vəziyyətdir.

Problemin həlli: siyasətlə ədalətin uyğunluğu

Ancaq insan hüquqlarını müdafiə etmək istəyənlər bu prosesdə mühüm bir məqamı unudurlar. Onlar səbəbi göstərmir, nəticəni aradan qaldırmaq üçün mövcud qanunlara və hüquqa istinad edirlər. Özü də bunu həm miqrantların axınını məhdudlaşdırmaq istəyənlər (bu halda Aİ), həm də buna qarşı olanlar edir (BMT, Aİ-nin bir sıra institutları, beynəlxalq təşkilatlar və s.). Daha doğrusu, insanları öz yurd-yuvasından didərgin edən səbəblərin aradan qaldırılması fonunda miqrasiya problemini həll etmək olardı.

Məsələnin bu tərəfi isə yenə də Qərbin həyata keçirdiyi siyasətə bağlıdır. Çünki ABŞ, Aİ, digər böyük geosiyasi güclər ikili standartlar siyasəti yeridirlər. Bunun nəticəsidir ki, Yaxın Şərqdə milyonlarla günahsız dinc sakin dünyanın müxtəlif regionlarına üz tutmaq məcburiyyətindədir. Onlar canlarını ölüm saçan silahlardan qurtarmaq üçün hər yerdə təhqirləri götürür və özlərinə normal həyat qurmaq istəyirlər. Belə olan halda müasir silahlarını satıb milyardlar qazanan şirkətlər öz əməllərini niyə dayandırmırlar? Nəyə görə Avropada oturub, müsəlmanların taleyini təyin etməyə çalışan məmurlar Suriyaya bomba yağdırılmasının qarşısını eyni qətiyyətlə kəsmirlər?

Eyni əsasla sual edə bilərik ki, uzun illərdir Cənubi Qafqazda qaçqınlar ordusunun yaranmasında birbaşa əli olan Ermənistan hakimiyyətinin hərəkətlərinin qarşısı niyə alınmır? İndi qaçqın suriyalıların taleyini "hüquq" əsasında, "mənəvi meyarlara" görə həll etməkdən dəm vuran beynəlxalq hüquq-müdafiə təşkilatları 1 milyon azərbaycanlı qaçqının və məcburi köçkünün öz yurduna dönməsi məsələsini hansı səbəblərdən qətiyyətlə qaldırmırlar?

Bu qəbildən olan suallar çoxdur, bizim onların hamısını sadalamaq fikrimiz yoxdur. Sadəcə, onu ifadə edirik ki, dünya miqyasında ikili standartlar siyasəti nə qədər uzun davam etsə, miqrasiya problemi də bir o qədər uzun sürəcək. Ədalət naminə onu vurğulayaq ki, Türkiyə milyonlarla suriyalıya qapısını açıb, onları himayə etməklə böyük humanizm göstərib.

Hələlik dünyada qaçqınlara belə bir miqyasda qucaq açan ikinci dövlət yoxdur. Bununla yanaşı, Ankara Brüsselin siyasi-diplomatik ibarələrinə də çox etibar etməməlidir. Belə olmasaydı, Aİ-yə daxil olan bir sıra dövlətlər son Brüssel sammitində özlərinin qəbul etdikləri qərara neqativ yanaşmazdılar.

İndi bir sıra siyasətçi və analitik söyləyir ki, Türkiyə Aİ-yə üzv olmaq üçün bu addımı atıb. Başqaları Ankaranın "pul qoparmaq fəndlərindən" bəhs edirlər. Bunların fonunda isə milyonlarla müsəlmanın acı taleyi yada düşmür. Qərbdə müəyyən dairələr üçün hər şey öz xudbin maraqları çərçivəsindədir. Bir suriyalı uşağın həyatının xilasının böyük əhəmiyyət daşıdığını etiraf etməzlər. Bunlara görədir ki, Aİ-Türkiyə razılaşmasının daha çox geosiyasi, siyasi və maliyyə yardımı aspektlərindən danışırlar. Hazırda minlərlə imkansız insan Yunanıstan, Makedoniya, Avstriya, Macarıstan, Sloveniya, Serbiya sərhədlərində imdad diləyir, həyatda qalmaq mücadiləsi verirlər. Həmin ölkələrin başçıları isə qadağa-məhdudiyyətlər qoymaqla məşğuldurlar. Bəyan edirlər ki, qaçqınların Balkanlar yolu bağlandı! Ola bilər, bəs sabah yol kəsməyin bədəlini kimlər ödəyəcək?

Bu sualın cavabını axtarmırlar. Qərb dərk etməlidir ki, dünyada yeni terror dalğalarının əsasını indi onun yeritdiyi miqrasiya siyasəti qoyur. Problemin kökü indi müxtəlif ölkələrin qapısı ağzını kəsmiş dinc sakinlərin çirkli əllərində, tutqun sifətlərində, narazı hərəkətlərində deyil, Qərbin yüksək rahatlığa malik hakimiyyət otaqlarında qəbul olunan qeyri-real qərarlarındadır. Bəşəriyyət siyasətlə əxlaqın, mənəviyyatın və ədalətin kəsişdiyi bir sahədə çapalayır.

Qərb özünün siyasətinin məzmununda və problemlərə yanaşma üsulunda ciddi dəyişikliklər etməlidir. Miqrasiya məsələsi onların asan yaxa qurtara biləcəyi proses deyil. Bununla yanaşı, müxtəlif regionlarda özünü göstərən münaqişələr ədalətli həllini tapmasa, bütövlükdə qlobal problemləri aradan qaldırmaq mümkün olmayacaq. Yaranmış vəziyyətin bu aspektinə nə Vaşinqtonda, nə Brüsseldə, nə də Moskvada lazımi diqqət yetirmirlər. Günah kimdədir?

Newtimes.az

Paylaş:
720

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər