Amerikanın nüfuzlu yəhudi təşkilatının konfransında Azərbaycan və İsrail arasındakı tərəfdaşlıq münasibətləri müzakirə olunub- FOTO
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerikanın ən nüfuzlu yəhudi diaspora təşkilatı - Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) - 2016-ci il üçün siyasi konfransı keçirilir.
1news.az xəbər verir ki, illik əsasda keçirilən konfrans çərçivəsində Azərbaycan və İsrail arasındakı tərəfdaşlıq münasibətlərinə həsr edilmiş “Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu” mövzusunda seminar təşkil olunub.
Artıq neçə illərdir AIPAC siyasi konfranslarında çıxış etmək üçün dəvət olunan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qeyd edilən seminarda əsas natiq qismində çıxış edib. Hayfa Universitetinin professoru, hal-hazırda ABŞ-ın məşhur Corctaun universitetinin araşdırmaçısı kimi fəaliyyət göstərən Brenda Şeyferin moderatorluğu ilə keçən seminarda, həmçinin Cons Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz institutunda İpək Yolu Araşdırmaları proqramının direktoru Svante Kornel çıxış edib.
Səfir Elin Süleymanov Azərbaycan və ABŞ arasında əlaqələrdən danışaraq, iki ölkənin enerji və radikalizmlə mübarizə sahəsində yaxın tərəfdaşlıq münasibətlərin malik olduğunu və ABŞ-ın regionun enerji layihələrinə dəstəyinin əhəmiyyətini qeyd edib. Diplomat, həmçinin hazırkı geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzun müddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulduğunu bəyan edib.
Müsəlman şərqində ilk respublikanın Azərbaycanda təsis edildiyini və qadınlara seçki hüququnun hətta ABŞ-dan əvvəl ölkəmizdə reallaşdırıldığını qeyd edən diplomat bu gün Azərbaycanın proqressiv müsəlman dövləti olaraq inkişafı və tolerantlıq nümunəsinə çevrilməsinin məhz ölkə rəhbərliyinin uzaqgörən siyasəti sayəsində mümkün olduğunu qeyd edib. Səfir dünyanın bir çox bölgələrində radikalizm meyllərinin gücləndiyi bir zamanda Azərbaycanın tolerantlıq ənənələri ilə gündəmə gəldiyi, ölkəmizdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların, o cümlədən yəhudi icmasının sülh və əmin-amanlıq içərisində yaşadığını vurğulayıb.
Azərbaycanla İsrail arasında olan tərəfdaşlığın ölkəmizin praqmatik siyasətinin və mədəniyyətlərarası dialoqa sadiqliyinin göstəricisi olduğunu söyləyən səfir iki ölkə arasında iqtisadi, humanitar və siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, habelə bu tərəfdaşlığı Azərbaycan və yəhudi xalqlarının uzun əsrlər boyu davam edən dostluğuna söykəndiyini bildirib.
Natiqlərin çıxışlarından sonra təşkil edilmiş sual-cavab sessiyasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi proseslər və regional təhlükəsizlik çağırışları kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Martın 22-də yekunlaşması nəzərdə tutulan AIPAC konfransında ABŞ və dünyanın müxtəlif ölkələrindən iyirmi mindən çox nümayəndə, akademik dairə və ictimai təşkilat mənsubları, ABŞ Konqresinin 300-ə yaxın üzvü, habelə bir sıra yüksək vəzifəli rəsmilər iştirak ediblər. Konfransda ABŞ vitse-prezidenti Cozef Bayden, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayn, 2016-cı il prezident seçkilərinə namizədliyini irəli sürmüş sabiq dövlət katibi Hillari Klinton, Texas ştatından olan senator Ted Kruz, biznesmen Donald Tramp, Con Keysik və başqaları çıxış ediblər.
Qeyd etmək lazımdır ki, Amerikada olduqca nüfuzlu siyasi tədbir olan AIPAC konfranslarında başlıca olaraq ABŞ və İsraillə əlaqədar müzakirələr təşkil edilir və nadir hallarda digər dövlətlərlə bağlı tədbirlərə yer verilir. Buna baxmayaraq, son illər ərzində AIPAC siyasi konfranslarında Azərbaycan ilə İsrail arasında münasibətlərə dair xüsusi tədbirin keçirilməsi artıq bir ənənəyə çevrilib və bu da bir daha ölkəmizin artan strateji əhəmiyyətindən xəbər verir.