Qələbədən sülhə: Azərbaycanın dövlət gücünün formalaşması və yeni regional rolu

Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı Qələbəni yalnız 44 gün ərzində aparılmış hərbi əməliyyatların nəticəsi kimi izah etmək mümkün deyil.
Bu nəticənin arxasında otuz ilə yaxın dövrdə ardıcıl şəkildə formalaşan dövlətçilik strategiyası dayanır. Siyasi sabitliyin təmin edilməsi, müstəqil iqtisadi potensialın yaradılması, ordu quruculuğu və milli maraqlara əsaslanan xarici siyasət bir-birini tamamlayan proseslər olmuşdur. Başqa sözlə, hərbi - siyasi Qələbə uzunmüddətli dövlət quruculuğunun nəticəsi, postmünaqişə dövründə diplomatik fəallıq isə həmin strategiyanın davamı kimi qiymətləndirilməlidir.
Dövlətçiliyin iqtisadi dayaqları və hərbi gücün formalaşması
Bu strateji xəttin başlanğıcında ümummilli lider Heydər Əliyevin 1993-cü ildən həyata keçirdiyi dövlətin möhkəmləndirilməsi siyasəti dayanır. Müstəqilliyin ilk illərində təhlükəsizlik, idarəetmə, siyasi və iqtisadi böhranla üzləşmiş Azərbaycan üçün başlıca vəzifə dövlət institutlarının davamlılığını təmin etmək idi. 1994-cü il 20 sentyabr tarixli “Əsrin müqaviləsi” isə təkcə enerji sektoruna xarici sərmayə cəlb etmədi; Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sisteminə daha müstəqil subyekt kimi daxil olmasına şərait yaratdı.
Sonrakı mərhələdə Prezident İlham Əliyev bu siyasi-iqtisadi xətti yeni imkanlarla genişləndirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi, Cənub Qaz Dəhlizinin reallaşdırılması və enerji ixracının şaxələndirilməsi iqtisadi resursları artırmaqla yanaşı, Azərbaycanın tərəfdaş ölkələr üçün strateji əhəmiyyətini yüksəltdi. Dünya Bankının məlumatlarına əsasən, ölkənin nominal ümumi daxili məhsulu 2000-ci ildə təqribən 5,3 milyard ABŞ dollarından 2025-ci ildə 75,9 milyard dollara çatmışdır. Bu göstərici iqtisadi inkişafın bütün keyfiyyət parametrlərini ifadə etməsə də, dövlətin maliyyə imkanlarının necə dəyişdiyini aydın göstərir.
Burada əsas məqam iqtisadi potensialın hərbi - təhlükəsizlik potensialına çevrilməsidir. Müdafiə xərcləri, texniki təchizatın yenilənməsi, hərbi təhsil və şəxsi heyətin hazırlığı paralel şəkildə inkişaf etdirildi. 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması yerli istehsal və təmir imkanlarını genişləndirən institusional addım idi. Ordunun idarəetmə və döyüş hazırlığı sistemində aparılan islahatlar, Türkiyə və digər dövlətlərlə hərbi əməkdaşlıq, birgə təlimlər və müasir texnologiyaların mənimsənilməsi silahlı qüvvələrin peşəkarlığını artırdı. 2020-ci ildə əməliyyatların planlaşdırılması, kəşfiyyat və zərbə vasitələrinin əlaqələndirilməsi bu dəyişikliklərin praktiki nəticəsini nümayiş etdirdi. Bununla belə, Qələbəni yalnız texnoloji üstünlüyə bağlamaq doğru olmazdı: strateji rəhbərlik, şəxsi heyətin hazırlığı, mənəvi-psixoloji amillər və diplomatik mühit də həlledici əhəmiyyət daşıyırdı.
Qələbənin diplomatik əsasları və sülh təşəbbüsü
Azərbaycanın uğurlu xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri böyük güclərlə münasibətlərdə praqmatik tarazlığın qorunmasıdır. Enerji və nəqliyyat layihələri ölkənin beynəlxalq əlaqələrini genişləndirdi, çoxtərəfli platformalarda fəallıq isə diplomatik manevr imkanlarını artırdı. Bu amillər 2020-ci ildə hərbi məqsədlərlə siyasi imkanların uzlaşdırılmasına kömək etdi. 2020-ci ilin noyabrında əldə edilmiş nəticələr və 2023-cü ilin sentyabr hadisələrindən sonra Azərbaycanın ölkə ərazisi üzərində suveren nəzarətini tam bərpa etməsi Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırdı.
Lakin bu mərhələnin strateji əhəmiyyəti yalnız hərbi-siyasi nəticə ilə məhdudlaşmır. Qalib dövlət olmasına baxmayaraq, Azərbaycan qarşıdurmanın davamını deyil, dövlətlərarası münasibətlərin normallaşdırılmasını gündəmə gətirdi. 2022-ci ilin martında Bakı Ermənistanla münasibətlərin qurulması üçün beş prinsip təqdim etdi. Bu prinsiplər suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, ərazi iddialarından imtinanı, güc tətbiq etməməyi, sərhədlərin müəyyənləşdirilməsini və kommunikasiyaların açılmasını nəzərdə tuturdu. Beləliklə, Azərbaycan sülh gündəliyini ümumi çağırış səviyyəsindən konkret hüquqi çərçivəyə keçirməyi bacardı. Və prosesin davamı olaraq 8 avqust 2025-ci ildə Vaşinqtonda xarici işlər nazirləri razılaşdırılmış sülh sazişi mətnini parafladılar; həmin gün liderlər həm də birgə bəyannamə imzaladılar. Bu baxımdan sülh sazişinin mətninin formalaşmasında Azərbaycanın təşəbbüskar rolu xüsusi qeyd olunmalıdır.
Məhz burada “həm müharibədə, həm sülhdə qalib gəlmək” fikri siyasi məzmun qazanır. Müharibədə qələbə ərazi bütövlüyü və suverenliklə bağlı strateji məqsədə çatmaq idisə, sülhdə uğur həmin nəticələrin qarşılıqlı tanınma, təhlükəsiz sərhədlər və dayanıqlı əməkdaşlıq qaydalarına çevrilməsidir. Bu uğurun tam və davamlı xarakter alması isə təbii ki, sülh sazişinin imzalanması, icrası və tərəflər arasında etimadın möhkəmlənməsindən asılı olacaq. Bu baxımdan sülh Azərbaycan üçün regionda dayanıqlı təhlükəsizlik mühitinin yaradılması ilə yanaşı həm də Qələbənin siyasi-hüquqi nəticələrinin möhkəmləndirilməsi vasitəsidir.
Güclü Azərbaycan və “orta güc” anlayışı
Bugünkü Azərbaycanı son iki yüz ilin ən güclü Azərbaycan dövləti kimi səciyyələndirmək üçün ciddi tarixi-siyasi əsaslar vardır: müstəqil qərarvermə imkanları, geopolitik nüfuz və status, beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində suveren nəzarət, dayanıqlı dövlət institutları, müasir ordu, enerji və tranzit infrastrukturu bu gücün əsas ünsürləri kimi qəbul edilə bilər. Burada son illərdə ölkəmizin “orta güc” kimi dəyərləndirilməsinə də diqqət yönəltmək istərdim. Beynəlxalq münasibətlər nəzəriyyəsində “orta güc” anlayışı yalnız ərazi və əhali ölçüsü ilə müəyyən edilmir. Tədqiqatlarda maddi resurslar, regional təsir, müstəqil diplomatik təşəbbüs və çoxtərəfli institutlarda fəallıq əsas meyarlar kimi göstərilir. Qeyd edək ki, anlayışın hamı tərəfindən qəbul edilən vahid tərifi yoxdur. Bu da vacib məqamdır ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra daha tez - tez “formalaşmaqda olan orta güc” kimi qiymətləndirilir.
Nəhayət, son olaraq qeyd etmək istərdim ki, Azərbaycanın keçdiyi yol vahid strateji məntiqə söykənir: Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və enerji siyasəti Prezident İlham Əliyevin dövründə iqtisadi, hərbi və diplomatik imkanların qarşılıqlı şəkildə gücləndirilməsi ilə davam etdirilmişdir. Qələbə bu strategiyanın ən mühüm nəticəsi, sülh gündəliyi isə onun uzunmüddətli təhlükəsizlik sisteminə çevrilməsi cəhdidir. Qarşıdakı dövrdə güclü Azərbaycanın əsas missiyası əldə edilmiş üstünlükləri davamlı sülhə, şaxələnmiş iqtisadiyyata və daha geniş beynəlxalq nüfuza çevirmək olacaq.
Mətin Məmmədli
BMTMM – nin şöbə müdiri










