Vaşinqtonda Azərbaycanla ABŞ arasında müdafiə məsləhətləşmələri keçirilib
Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərində Azərbaycanın Müdafiə Nazirliyi və ABŞ-ın Müdafiə Departamenti arasında ikitərəfli müdafiə məsləhətləşmələri həyata keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən 1news.az-a verilən məlumata görə, məsləhətləşmələr zamanı Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq kontekstində ikitərəfli hərbi əməkdaşlıq, NATO çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək planlar müzakirə edilib.
Azərbaycan tərəfindən Müdafiə və Xarici İşlər nazirliklərinin təmsilçilərindən ibarət nümayəndə heyətinə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov, ABŞ tərəfindən isə Müdafiə və Dövlət departamentləri, Birləşmiş Qərargah, Avropa Komandanlığı, Oklahoma Milli Qvardiyasının təmsilçilərindən ibarət nümayəndə heyətinə ABŞ Müdafiə katibinin köməkçisinin müavini Maykl Karpenter rəhbərlik edib.
Tədbirdə həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov iştirak ediblər.
1news.az