Naxçıvan məktəblilərinin Heydər Əliyev Mərkəzi ilə tanışlığı - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikası məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət dörd qrup martın 26-da Heydər Əliyev Mərkəzində olub.
Məktəblilərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin zəngin irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib. Bundan əlavə, Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Vurğulanıb ki, Mərkəzdə rəsmi qəbulların, müxtəlif beynəlxalq konfransların, iclasların və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Mərkəzdəki Heydər Əliyev Muzeyi şagirdlərdə böyük maraq doğurub.
Məlumat verilib ki, muzey ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində açılıb. Muzeyin “Fotolarda əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim olunur. Materiallar hər mövzu üzrə Azərbaycan və ingilis dillərində olmaqla səsli formatda təqdim edilir.
Qonaqlar, həmçinin Mərkəzin “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Qeyd edilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri yer alıb, mis məmulatlar xüsusi maraq doğurur. Azərbaycanın qədim musiqi alətləri orijinal formada – səsli təqdim olunur. Azərbaycanın milli geyimlərinin, qədim sikkələrinin nümayiş olunduğu ekspozisiyada qonaqların diqqətinə müxtəlif dillərdə müqəddəs kitablar da çatdırılır.
Məktəblilər Bakıda və regionlardakı tarixi memarlıq abidələrinin maketlərini əks etdirən “Mini Azərbaycan” sərgisi ilə tanış olublar.
Şərur rayonu Kərimbəyli kənd orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Sürəyya ƏkbərovaAZƏRTAC-a müsahibəsində bildirib: “Bakı ilə tanışlıq məndə unudulmaz təəssürat yaratdı. Paytaxtımız Bakı Azərbaycanın ən gözəl və qonaqpərvər şəhərlərindən biridir. Mən Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan olduqca məmnun qaldım”.
Culfa şəhər 3 nömrəli orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Elgün Həşimov isə maarifləndirici tur-aksiyanın gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsinə mühüm təsir göstərdiyini vurğulayıb. O, ölkəmizlə yaxından tanışlıq və Bakıya gəlmək imkanının yaradılmasına görə təşkilatçılara təşəkkürünü bildirib.
AZƏRTAC