TQDK apreldə 30 şəhər və rayonda sınaq imtahanı keçirəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 3-də respublikanın 30 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.
1news.az-ın TQDK-nın saytına istinadla verdiyi xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz, Qazax, Tovuz, Yevlax, Zaqatala, Tərtər, Kürdəmir, İsmayıllı, İmişli, Salyan, Cəlilabad, Quba, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında, ümumilikdə 61 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48123 abituriyent qeydiyyatdan keçib.
İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayacaqlar!
Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.
1news.az