“SOCAR PETROLEUM” və “KFC Azerbaijan” YDM-lərdə restoran şəbəkəsini genişləndirir - FOTO

"SOCAR PETROLEUM" QSC və "KFC Azerbaijan" şirkətləri SOCAR brendli yanacaqdoldurma stansiyalarında KFC restoranlar şəbəkəsinin geniş miqyasda artırılmasını nəzərdə tutan əməkdaşlıq memorandumu imzalayıblar.
Tərəfdaşlıq çərçivəsində yaxın 12 ay ərzində ölkənin aparıcı və geniş xidmət şəbəkəsinə malik “SOCAR PETROLEUM” yanacaqdoldurma stansiyalarının ərazisində yeni KFC restoranlarının açılması planlaşdırılır.
Birgə layihə keyfiyyətli yanacağı, rahat infrastrukturu, fasiləsiz xidmət mədəniyyətini (24/7) və KFC-nin dünyaca məşhur təamlarını vahid məkanda birləşdirərək sürücülər, səyahətçilər və onların ailələri üçün yeni səviyyəli xidmət formalaşdırmağı hədəfləyir. Yeni restoranların açılışı KFC-ni ölkə sakinləri və qonaqları üçün daha da əlçatan etməyə, eləcə də xidmət rahatlığını artırmağa imkan verəcək.
Layihənin mühüm hissələrindən biri yeni iş yerlərinin yaradılması və ölkənin kadr potensialının inkişaf etdirilməsi olacaq. Şəbəkənin genişlənməsi restoran biznesi sahəsində gənc mütəxəssislərin peşəkar hazırlığı, karyera yüksəlişi və inkişafı üçün əlavə imkanlar açacaq.
Hazırda Azərbaycanda KFC şəbəkəsi 42 restorandan ibarətdir. Məhsulların təzə hazırlanması və yüksək keyfiyyəti brendin əsas prinsiplərindən biri olaraq qalır. Toyuq əti hər gün birbaşa restoranlarda hazırlanır və hər bir parça KFC-nin unikal resepti əsasında əllə panirlənir. Hazırlanma zamanı farş və emal olunmuş ət məhsullarından deyil, yalnız bütöv toyuq ətindən istifadə edilir. Bu yanaşma ənənəvi dadı və KFC-nin yüksək keyfiyyət standartlarını qoruyub saxlamağa şərait yaradır.
"SOCAR PETROLEUM" və "KFC Azerbaijan" tərəfdaşlığı müştəri rahatlığı və xidmət səviyyəsində yeni standartlar müəyyən edərək Azərbaycanın müasir yolboyu infrastrukturunun inkişafında mühüm bir addım olacaq.













