Cakartada “ASAN Xidmət” haqqında interaktiv təqdimat keçirilib
İndoneziyanın Cakarta şəhərində “ASAN Xidmət” haqqında interaktiv təqdimat keçirilib.
1news.az-ın məlumatına görə, bu ölkə prezidentinin Yaxın Şərq və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri üzrə Xüsusi Elçisi Ofisinin təşəbbüsü ilə “İƏT ölkələrində qabaqcıl təcrübələr: Vahid pəncərə xidmətləri. Azərbaycanın ASAN Xidməti” mövzusunda baş tutan təqdimatda Azərbaycanın İndoneziyadakı səfirliyinin kompüter və video materiallarından istifadə olunub.
İƏT-ə üzv olan ölkələrin Cakarta şəhərində akkreditə olunmuş 29 diplomatik nümayəndəliyinin diplomatlarının, eləcə də İndoneziyanın aidiyyəti dövlət qurumları, o cümlədən xarici işlər nazirliyinin məsul əməkdaşlarının iştirak etdiyi tədbirdə səmərəli ictimai idarəetmə sistemi kimi “ASAN Xidmət”ə dair məlumat verilib, bu sistemin şəffaflıq və məsuliyyəti təmin etməklə korrupsiya üçün şəraitin aradan qaldırılmasında mütərəqqi vasitəyə çevrildiyi bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış, ölkəmizin mütəxəssislərinin hazırladığı proqram təminatı vasitəsilə müasir informasiya texnologiyalarının tətbiq olunduğu “ASAN Xidmət” mərkəzlərində vətəndaşlara dövlət və özəl təşkilatların 265-dən artıq xidməti təklif olunur.
Təqdimatda həmçinin, “ASAN Xidmət”in “İdeya bankı”, “ASAN İmza”,“ASAN Kadr”, “ASAN Radio”, “ASAN Məktub” və digər uğurlu layihə və fəaliyyət istiqamətləri barədə məlumat verilib və vurğulanıb ki, “ASAN xidmət” ictimai xidmətlərin göstərilməsində qabaqcıl model kimi dünyada tanınır və bu sahəni keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyən ölkələr üçün ən yaxşı təcrübələrdən biridir. BMT Azərbaycanda yaradılmış “ASAN Xidmət”i sosial sahədə ölkənin nailiyyətlərindən biri hesab edərək, onu 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görüb.
Tədbir iştirakçıları “ASAN xidmət” sisteminin ölkələri üçün xüsusi maraq kəsb etdiyini bildiriblər və Azərbaycanın təcrübəsinin ölkələrində tətbiq olunması üçün yaxından öyrənilməsinin vacibliyini qeyd ediblər. Sonda bu sahədə təcrübə mübadiləsinin konkret istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
1news.az