Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Kür çayı və onun qollarında biogen maddələr normadan dəfələrlə artıqdır
Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə mart ayının II ongünlüyü üçün növbəti monitorinqlər həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən 1news.az-a verilən məlumata görə, mart ayının II ongünlüyündə Kür çayında suyun sərfi mart ayının I ongünlüyünə nisbətən 21 m3/san azalaraq, 242 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.5, Ağstafaçayda 3.7, Ağstafaçay su anbarında isə 3.2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Mart ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3.6, I Şahsevəndə 3.4, Bəhramtəpədə isə 3.3 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.89-6.47 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1news.az