“UBM Group” 31 mart soyqırımı ilə bağlı kampaniya həyata keçirir
Hər ilin bəzi təqvim günləri xalqımız üçün qara hərflərlə yazılan tarixi faciələrlə xatırlanır. Belə tarixlərdən biri də 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür.
1918-ci il martın 31-dən başlayaraq aprelin 2-dək erməni daşnak və bolşevik dəstələri tərəfindən minlərlə azərbaycanlı qətlə yetirilib, çoxlu sayda yaşayış binaları, məscidlər yandırılıb, əhalinin əmlakı qarət edilib.
Martın 30-dan 31-nə keçən gecə ermənilərin törətdiyi soyqırım nəticəsində, təkcə Bakıda 11 minə yaxın dinc sakin, o cümlədən qadın, uşaq və yaşlı insanlar vəhşicəsinə öldürülüb. Martın 31-də Şamaxı qəzasında erməni daşnakları ümumilikdə16 mindən çox azərbaycanlını, Quba kəndlərində isə 2 mindən çox günahsız insanı qətlə yetiriblər. Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Muğanda və Dağlıq Qarabağda yüzlərlə kəndi yandırıblar.
Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamına əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, bütün dünyada bu münasibətlə müxtəlif tədbirlər, konfranslar, anım mərasimləri keçirilir.
Korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçirən “UBM Group” 31 mart soyqırımı ilə bağlı həqiqətləri geniş coğrafiyada yaymağı qarşısına məqsəd qoyub. Bu məqsədlə şirkət tərəifindən Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrində “Armenian Terror” adlı səhifə yaradılıb, fəal təbliğat kampaniyasına start verilib.
Şirkət tərəfindən xüsusi olaraq hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilir. Bütün dünyanı əhatə etmək məqsədilə bu təbliğat materialları Azərbaycan dili ilə yanaşı ingilis, rus, alman və fransız dillərində də hazırlanıb.
Xatırladaq ki, “UBM Group” bu ilin əvvəlindən 20 Yanvar hadisələri ilə bağlı və “Xocalıya həqiqət” kampaniyası çərçivəsində bütün sosial şəbəkələr və digər resurslar vasitəsilə geniş təbliğat işləri aparıb.
“Biz dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizi bu işdə fəal iştiraka dəvət edirik. Gəlin, tariximizi unutmayaq, unudulmasına da imkan verməyək. Sizi bizim paylaşdığımız təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə çağırırıq.
Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün aşağıda qeyd olunmuş linklər və #armenianterror #31marchgenocide həştəqlərindən istifadə etməyinizi xahiş edirik”- deyə, “UBM Group”dan bildiriblər:
https://www.facebook.com/armenianterror/
https://twitter.com/armenianterror_/
https://www.instagram.com/armenian_terror/
https://www.youtube.com/channel/UCPw6RiumvfoSK7bNGDwB3Ew/videos
1news.az