Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası:"Ermənilər hər fürsətdə türkə qarşı olan düşmənçiliyini büruzə verir"
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Fedarasiyası (TADDEF) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününun 98-ci ildönümüylə əlaqədar bəyanat verib.
1news.az xəbər verir ki, bu barədə "Report"a qurumun sədr müavini Sərdar Ünsal bildirib.
Bəyanatda qeyd olunub ki, aradan yüz illər keçsə də, ermənilərin türk və müsəlmanlara qarşı törətdikləri soyqırımlar unudulmayacaq: "Ermənilər Azərbaycanın şimalında və cənubunda kütləvi qırğınlar həyata keçiriblər. Silahlı erməni dəstələri 1918-ci ilin mart ayı ərzində Azərbaycanda misli görünməyən vəhşiliklər törədərək Bakı, Şamaxı, Qarabağ, Gəncə, Quba, Xoy, Salmas, Təbrizdə və digər şəhərlərdə günahsız insanları qətlə yetiriblər. Mart soyqırımı qurbanlarının sayı yüz minə çatır. Ermənilərin törətdikləri və bir ay davam edən qırğınlar Qafqaz İslam Ordusunun Azərbaycan torpaqlarını düşmən işğalından azad etməsi ilə sona çatıb. Ermənilərin azərbaycanlılara qarşı cinayətləri sovet dövründə də davam etdirilib, yüz minlərlə günahsız insan öz doğma torpaqlarından didərgin salınıb. Erməni zülmündən və qətliamlarından əziyyət çəkən bir ölkə olan Azərbaycanda ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra tarixi faciələrə siyasi qiymət verilib. Ulu öndərin 1998-ci il 26 mart tarixli fərmanı ilə martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edilib".
Qeyd olunub ki, Azərbaycanın işğal altındakı torpağına ana və atasının qəbrini ziyarət etməyə gedən iki azərbaycanlı hələ də əsirlikdədir: "Ermənilər hər fürsətdə türkə qarşı olan düşmənçiliyini büruzə verir. Bu gün erməni diasporu dünyanı öz yalanları ilə aldatmaqda davam edir. Ermənilərin törətdiyi soyqırım hər yerdə bildirilməli, nəsildən nəsilə çatdırılmalıdır. Bu gün ermənilər uydurma erməni soyqırımı ilə bağlı yalanlarını dünyada qəbul etdirməyə çalışırlar".
1news.az