“Azərbaycan ailəsi-2016” film festivalına start verilib - FOTO
Martın 29-da Bakıda Heydər Əliyev Fondunun, BMT-nin Əhali Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi 2016” film festivalına start verilib.
Bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən tədbirdə 2009-cu ildən təşkil olunan festivalın əhəmiyyətindən danışılıb. Komitənin sədr müavini Aynur Sofiyeva çıxışında bildirib ki, festivalın əsas məqsədi dövlət ailə siyasətinin həyata keçirilməsi, milli mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliğidir.
BMT-nin Əhali Fondunun proqram müşaviri Bəhicə Əliyeva, Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov və başqaları çıxış edərək festivalın əsas hədəfləri barədə məlumat veriblər. Qeyd edilib ki, əsas hədəflərdən biri cəmiyyətdə bu istiqamətdə mövcud olan problemləri işıqlandırmaqla onların həlli yollarının axtarılması və ailə institutunun daha da güclənməsinə nail olmaqdır. Bu filmlərdə müsbət keyfiyyətlərlə yanaşı, erkən nikah, uşaqların, xüsusilə qızların təhsildən yayınmaları, insan alveri, ailənin psixoloji vəziyyəti, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə reinteqrasiyası də öz əksini tapmalıdır.
Vurğulanıb ki, dövlətimiz milli mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük səylər göstərir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət ailə siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidentinin ailələrin inkişafı və sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində imzaladığı müvafiq fərman və sərəncamlar, təsdiq etdiyi proqramlar bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Festivala marağın ildən-ilə artması da diqqətə çatdırılıb. Bildirilib ki, festivalın peşəkar səviyyədə və geniş miqyasda keçirilməsi üçün müsabiqə elan edilib. Müsabiqəyə təqdim olunan işlər görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. “Azərbaycan ailəsi” adlı filmlər festivalının keçirilməsinin şərtlərini, qaliblərin müəyyənləşdirilməsi və mükafatlandırılması qaydalarını özündə əks etdirən əsasnamə və iştirakçılar üçün anket təşkilat komitəsi tərəfindən hazırlanıb. Festivalın məqsədinə və ideyasına uyğun olan bədii, sənədli, animasiya filmlərini, sosial çarxları, televiziya verilişlərini və fotoşəkillərini aprelin 1-dən oktyabrın 1-dək Təşkilat Komitəsinə təqdim etmək olar.
AZƏRTAC