Dövlət Neft və Sənaye Universiteti ilə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanıb – FOTO
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu arasında rəsmi əməkdaşlıq müqaviləsi bağlanıb.
1news.az-ın məlumatına görə, ADNSU-da baş tutan imzalama mərasimi Bilik Fondunun nümayəndələri - İcraçı direktor Oqtay Səmədov, Fondun mətbuat katibi Ceyhun Musayev, eləcə də ADNSU-nun rektoru Mustafa Babanlı, professor - müəllim heyəti və aktiv tələbələrin iştirakı ilə həyata keçirilib.
Pratokol Bilik Fondunun icraçı direktoru O.Səmədov və ADNSU-nun rektoru M.Babanlı tərəfindən imzalanıb.
Rektor M.Babanlı Bilik Fondu ilə bağlanan rəsmi əməkdaşlıq müqaviləsini yüksək dəyərləndirib və bunun universitet üçün böyük divident gətirəcəyini deyib. O, əməkdaşlıq müqaviləsində yer alan bəndlərə əsaslanaraq Fondla birlikdə müəyyən layihələrin həyata keçiriləcəyini və yekunda görülən işlərin hesabatının aparılacağını bildirib.
Bilik Fondunun insanların bilikli, bilgili olmasına, onların maarifləndirilməsinə xidmət etdiyini qeyd edən rektor, Fondla universitetin ideya birliyini əsas götürərək, əməkdaşlıq üçün münbit, geniş imknlar yaranacağını ifadə edib.
Fondun gördüyü işlər barədə məlumat verən O.Səmədov bildirib ki, müqavilənin bağlanmasında məqsəd əməkdaşlıq və ümumi işdə üstünlüklərin əldə olunmasına nail olmaqdır. O.Səmədov qeyd edib ki, Bilik Fondu hər zaman ADNSU-ya açıqdır və bu təhsil müəssisəsindən gələn hər bir uğurlu ideyaya dəstək verməyə hazırdır.
İcraçı direktor universitetin müəllim və tələbələri tərəfindən yazılan maarifləndirici kitab və məqalələrin xaricdə nəşr olunmasına dəstək veriləcəyi ilə bağlı təkliflər səsləndirib. Eləcə də texniki universitetlərdə milli mentallığın, etiketin, milli-mədəni dəyərlərin, bədii qirayətin, mədəni davranışın təbliğini əks etdirən maarifləndirmə işinin aparılması ilə bağlı fikirlərini qeyd edib.
1news.az