Elmar Məmmədyarov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb - FOTO
Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqton Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amano ilə görüşüb.
1news.az-ınnazirliyin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və AEBA arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, ölkəmizin bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.
Nazir Elmar Məmmədyarov Nüvə materialının fiziki mühafizəsi haqqında Konvensiyaya Düzəlişin Azərbaycan Respublikası tərəfindən təsdiq edilməsi barədə sənədi depozitari rolunda çıxış edən AEBA-nın baş direktora təqdim etdi.
AEBA baş direktoru ölkəmizin sözügedən Düzəlişi təsdiq etməsinin sənədin qüvvəyə minməsi istiqamətində həyata keçirilən səylərə əhəmiyyətli töhfə verdiyini vurğulayaraq, dərin təşəkkürünü bildirdi. AEBA tərəfi son zamanlar bu sahədə böyük irəliləyişlər əldə edildiyini və yaxın vaxtlarda Düzəlişin qüvvəyə minəcəyinə ümidvar olduğunu qeyd etdi.
Yukiya Amano daha sonra səhiyyə, kənd təsərrüfatı, sənaye və su ehtiyatlarının idarə edilməsi kimi sahələrdə nüvə texnologiyalarının tətbiq olunması barədə məlumat verdi. AEBA-nın öz təcrübəsi ilə xərçəng və şəkərli diabet kimi xəstəliklərin müalicəsində, habelə dünyada yayılmaqda olan təhlükəli viruslarla mübarizədə yaxından iştirak etdiyini diqqətə çatdırdı.
Y.Amano AEBA ilə ölkəmiz arasında həyata keçirilən Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin təsis edilməsinə görə razılığını ifadə edərək, cari ilin 15 aprel tarixində sözügedən mərkəzin açılışında yüksək vəzifəli AEBA rəsmisinin də iştirak edəcəyini diqqətə çatdırdı.
Elmar Məmmədyarov su ehtiyatlarının idarə edilməsi və kənd təsərrüfatı kimi sahələr də daxil olmaqla, AEBA ilə əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin və bu məqsədlə AEBA mütəxəssisləri ilə məsləhətləşmələrin intensivləşdirilməsinin ölkəmiz üçün maraq kəsb etdiyini vurğuladı.
Görüş zamanı həmçinin Ermənistanda yerləşən və bölgəmiz üçün ciddi təhlükə mənbəyi olan köhnəlmiş “Metsamor” atom elektrik stansiyasının fəaliyyətindən irəli gələn təhdidlər əsas müzakirə mövzusu oldu.
1news.az