“Centre Daily News”-da azərbaycanlıların soyqırımından bəhs edən məqalə dərc edilib
Amerikada çıxan “Centre Daily News” qəzetində “Azərbaycanlıların soyqırımının ildönümü qeyd edilir” sərlövhəli məqalə dərc edilib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, materialda 1918-ci ilin mart hadisələrindən – erməni quldur dəstələrinin Bakıda, Şuşada, Qubada, Şamaxıda və Azərbaycanın digər bölgələrində törətdiyi qırğından bəhs edilir. Qəzet yazır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonra hökumət mart hadisələrini təhqiq edib. 1919-cu və 1920-ci illərdə 31 mart Azərbaycanda milli matəm günü kimi qeyd edilib. Sovet dövründə azərbaycanlılar həmin matəm gününü qeyd edə bilmirdilər, lakin 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən sonra bu hadisənin ildönümü rəsmi səviyyədə qeyd olunur.
Məqalədə bildirilir ki, 2009-cu və 2010-cu illərdə Nevada ştatının qubernatoru martın 31-nin azərbaycanlıların soyqırımı qurbanlarının Xatirə günü kimi tanınması barədə proklamasiya dərc edib. 2011-ci ildə Texas ştatından konqresmen Con Zervas analoji məzmunlu proklamasiya imzalayıb. Dünyanın bir neçə ölkəsi də azərbaycanlıların soyqırımını qanunvericilik səviyyəsində tanıyıb.
Xatırladaq ki, məqalə ABŞ Azərbaycanlılar Şəbəkəsinin hər il keçirdiyi Amerika ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi barədə məlumatlandırma kampaniyası nəticəsində dərc edilib.
1news.az