Səməd Seyidov: “Ermənistan layiqli cavab alaraq işğal altında saxladığı ərazilərin bir qismini itirib”
“Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yanvar sessiyası ərəfəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Avropa Şurasına AŞ PA-da Dağlıq Qarabağla bağlı qətnamə qəbul edilməməsi ilə əlaqədar çağırışı Ermənistanın dünənki və srağagünkü təxribatlara yol verməsinə əlverişli şərait yaratmışdı”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, AŞ PA-da həmin qətnamə qəbul edilsəydi, bəlkə də ermənilər beynəlxalq səviyyədə növbəti qınaq sənədi ortaya çıxdığı üçün təxribatlara heç getməz, ehtiyat edərdilər: “Ancaq gördülər ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri onlara dəstək verir. Həm də Azərbaycanın belə yüksək səviyyədə fəaliyyəti göz qabağında olanda təxribata yol verməliydilər”.
S. Seyidovun fikrincə, Ermənistan köhnə üsullardan istifadə edərək təxribatlar edir ki, Azərbaycanı beynəlxalq səviyyədə mənfi imicdə təqdim etsin: “Təxribat törətmiş Ermənistan layiqli cavab alaraq işğal altında saxladığı ərazilərin bir qismini itirib. Həmin əraziləri itirməsi də ona dəlalət edir ki, artıq Ermənistanın normal hərbi potensiala malik deyil. Beynəlxalq təşkilatlar, qurumlar da erməni yalanından beziblər. Serj Sərkisyan dünən isterika vəziyyətində beynəlxalq təşkilatlara müraciət edirdi. Onlar nə qədər nəsə etməyə çalışsalar da, dünya ictimaiyyəti reallığı çox gözəl bilir. Prezident İlham Əliyev Vaşinqtonda dünya liderlərinin iştirak etdiyi nüvə təhlükəsizliyi sammitində bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, işğal altındadır, azad edilməlidir. Əminəm ki, işğalçının ifşa olunması prosesi beynəlxalq təşkilatlar səviyyəsində daha yüksək səviyyədə təşkil olunacaq. Biz isə həm Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti olaraq, Avropa Şurasına, həm də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq müxtəlif beynəlxalq təşkilatlara, ATƏT-ə, Avropa Parlamentinə sənədləri rəsmi qaydada sübutlarla göndərəcəyik”.
Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə APA-ya bildirib ki, aprelin 15-16-da ATƏT-in fəaliyyətdə olan sədri Almaniyanın rəsmi təşkilatçılığı ilə “dondurulmuş” münaqişələrə dair seminar keçiriləcək: “ATƏT Parlament Assambleyasının yaz sessiyası nəzərdə tutulmayıb. Amma seminar ATƏT Parlament Assambleyasının xətti ilə keçiriləcək. Almaniyanın təcrübəsinin öyrənilməsi baxımından seminar “dondurulmuş” münaqişələrə həsr olunacaq. ATƏT-in fəaliyyətdə olan sədri “dondurulmuş” münaqişələrə diqqəti yönəltmək üçün belə bir seminar keçirir. Biz həmin seminarda Ermənistanın təmas xəttindəki təxribatları ilə bağlı məsələni qaldıracağıq. Dağlıq Qarabağ münaqişəsinin nə vaxtsa alovlanacağı və bölgə, ATƏT regionu üçün təhlükəli həddə gəlib çatacağı barədə proqnozlarla əlaqədar əlamətlər artıq ortadır. Ona görə də düşünürəm ki, ATƏT vasitəçi təşkilat kimi bu məsələdə mövqeyini ortaya qoymalıdır”.