Əhməd Davudoğlu Prezident İlham Əliyevə zəng edib
Türkiyənin Baş naziri Əhməd Davudoğlu aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Türkiyənin Baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib, Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb və öz dəstəyini ifadə edib.
Dövlət başçısı Azərbaycan ordusunun təmas xəttində Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldığını və lazımi cavab verdiyini bir daha vurğulayıb.
Xatırladaq ki, hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb.
Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.
Müdafiə Nazirliyi bəyan edib ki, cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək və kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırır.
Bundan əlavə, Müdafiə Nazirliyi Ermənistanın bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yayılan məlumatlar kökündən yalandır, təxribat xarakterlidir və dezinformasiya məqsədi daşıyır.
1news.az