Macar nəşri Mübariz İbrahimovun igidliyi haqqında məqalə dərc edib - FOTO
Parlamentdəki təmsilçilərinin sayına görə ikinci yerdə olan “Daha yaxşı Macarıstan uğrunda” Partiyasına yaxınlığı ilə tanınan “Alfahir” nəşri Azərbaycanın işğal olunmuş ərazilərində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaranan gərgin vəziyyət haqqında material dərc edib.
“Suriya, Ukrayna... Azərbaycan” başlıqlı məqalə (http://alfahir.hu/sziria_ukrajna_azerbajdzsan) “dondurulan münaqişənin donunun açılmasından” bəhs edir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məqalədə qeyd olunur ki, türkdilli hun mənşəli azərbaycanlılar tarixi torpaqlarına sədaqətləri ilə fəxr edir, adı türk dilində olan Qarabağ bölgəsi də bu ərazilərdən biridir.
Məqalədə xatırladılır ki, Ermənistanın təcavüzü nəticəsində təxminən bir milyon nəfər Ermənistandan qaçqın və Qarabağdan məcburi köçkün vəziyyətinə düşüb. “Alfahir” nəşri sonuncuları “daxili köçkünlər” adlandırır, bununla da Qarabağın Azərbaycan ərazisi olmasına işarə edir. Məqalədə qeyd olunur: “Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ Azərbaycan ərazisidir”.
Materialda cəbhəyanı zonada yerləşən Azərbaycan kəndlərinin sakinlərinin həyatından söz açılır.
Məqalə müəllifi Azərbaycan hərbçilərinin yüksək döyüş ruhundan və Milli Qəhrəman Mübariz İbrahimovdan söz açır. M. İbrahimovun fotosunu da dərc edən “Alfahir”də qeyd olunur ki, Azərbaycanda neçə-neçə küçə, meydan və məktəb onun adını daşıyır. Milli Qəhrəmanın 2010-cu ilin iyununda igidlik göstərərək şəhid olduğu Çaylı kəndinin fotosu da nəşrdə yer alıb.
Məqalənin sonunda Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlığı və ümummilli lider Heydər Əliyevin “bir millət – iki dövlət” kəlamı qeyd olunub. Sitat həm orijinal transkripsiyada, həm də macar dilinə tərcümədə verilib.
1news.az