Araz Əzimov ATƏT iştirakçı dövlətlərinin Azərbaycan Respublikasındakı səfirlərini qəbul edib
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov 4 aprel 2016-cı il tarixində ATƏT iştirakçı dövlətlərinin Azərbaycan Respublikasındakı səfirlərini qəbul etdi və işğal edilmiş Azərbaycan əraziləri ətrafında Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca 2 aprel tarixindən etibarən gərginləşmiş vəziyyət ətrafında söhbət apardı.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həlli yolunda atəşkəsin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, qeyd etdi ki, Ermənistan davamlı olaraq, atəşkəsi pozaraq diqqəti sülh prosesinin substantiv məsələlərindən yayındırmağa və beləliklə, status-kvonu uzatmağa çalışır. Nazir müavini Ermənistanın bu provokasiyalarının adətən sülh prosesində müsbət dinamika yarandığı zamanlara təsadüf etməsinə diqqəti yönəltdi.
Nazir müavini atəşkəs və nəticəyönümlü sülh prosesinin dərhal bərpa olunmasının əhəmiyyətini vurğuladı. Azərbaycan rəsmisi bu müstəvidə Azərbaycan tərəfinin birtərəfli atəşkəs elan etdiyini xatırlatdı. O, münaqişənin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilə biləcəyini vurğuladı.
1news.az