Samir Hümbətov: 8 Noyabr Zəfəri regionda geosiyasi qüvvələr nisbətini Azərbaycanın xeyrinə dəyişdi | 1news.az | Xəbərlər
Siyasət

Samir Hümbətov: 8 Noyabr Zəfəri regionda geosiyasi qüvvələr nisbətini Azərbaycanın xeyrinə dəyişdi

Oksana Orucova11:52 - Bu gün
Samir Hümbətov: 8 Noyabr Zəfəri regionda geosiyasi qüvvələr nisbətini Azərbaycanın xeyrinə dəyişdi

8 Noyabr 2020-ci il Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini təşkil edən, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni və Qarabağın tacı hesab edilən Şuşa şəhərinin işğaldan azad olunmasını simvolizə edir.

2020-ci ildən etibarən bu əlamətdar tarix paytaxt Bakıda və ölkənin müxtəlif bölgələrində böyük təntənə və qürur hissi ilə qeyd olunur.

Hər il 8 Noyabr yaxınlaşdıqca Azərbaycan cəmiyyətində bir-birinə zidd, lakin eyni dərəcədə dərin hisslər - sevinc, qürur, kədər və nisgil yenidən canlanır. Bir tərəfdən, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi, xalqımızın yaşadığı ağır günlər və itkilər yada düşür, digər tərəfdən isə 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyulması, Qarabağın azadlığına qovuşması və tarixi ədalətin bərpası böyük sevinc və qürur hissi doğurur. Məhz bu baxımdan 8 Noyabr Azərbaycan xalqının yaddaşında həm hüznün, həm də Zəfərin, həm itkilərin, həm də milli birliyin və qələbə əzminin təcəssümü kimi xüsusi yer tutur.

Bu şanlı günlə bağlı politoloq Samir Hümbətov 1news.az-a açıqlama verib. Politoloq açıqlamasında bildirib ki, bu qələbədən sonra uzun müddət regionda aparıcı gücə sahib olan Rusiyanın təsir imkanları zəiflədi:

“8 Noyabr Zəfəri regionda həm regional, həm də qlobal aktorların mövqelərinin dəyişməsinə səbəb oldu. İlk növbədə, Azərbaycanla Ermənistan arasında güc nisbəti dəyişdi və bu dəyişiklik Azərbaycanın xeyrinə baş verdi.

Bundan əlavə, uzun müddət regionda aparıcı mövqeyə malik olan Rusiyanın təsir imkanları müəyyən dərəcədə zəiflədi və Rusiya ilə Türkiyə arasında yeni geosiyasi balans formalaşmağa başladı. Bununla paralel olaraq, ATƏT-in Minsk qrupu faktiki olaraq regiondakı əvvəlki rolunu itirdi. Bu proses Fransanın regiondakı təsir imkanlarının məhdudlaşmasına və siyasi proseslərdən kənarda qalmasına da şərait yaratdı.

Azərbaycanın bu qələbə ilə beynəlxalq ictimaiyyətə verdiyi əsas mesaj ondan ibarət idi ki, regionda dondurulmuş münaqişələrin qeyri-müəyyən müddət ərzində davam etməsi mümkün deyil. Münaqişələrin həlli istiqamətində siyasi iradə və qətiyyət nümayiş etdirildikdə, nəticə əldə etmək mümkündür. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd məlum qətnaməsi mövcud idi və uzun illər ərzində onların icrası təmin olunmamışdı, Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi vasitələrlə bərpa etməyə nail oldu”.

Politoloq həmin dövrlərdə xalqın qələbə əzmini və milli ruhunu da diqqətə çatdırıb:

“Digər mühüm məqam isə xalqın qələbə əzmi və milli ruhu ilə bağlıdır. Hər hansı bir xalqın qələbə iradəsini müəyyən müddətə zəiflətmək, onun mübarizə əzmini sarsıtmaq mümkün olsa da, bunu əbədi olaraq davam etdirmək mümkün deyil. Zaman keçdikcə xalq yenidən toparlana, öz gücünü səfərbər edə və qarşıya qoyduğu məqsədlərə nail ola bilər.

Beləliklə, hesab edirəm ki, bütün bu proseslər Azərbaycanın hərbi-siyasi qələbəsinin yalnız ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və regionda mövcudluğunun təsdiqi baxımından tarixi əhəmiyyət daşıdığını göstərir”.

Son olaraq politoloq qeyd edib ki, 8 Noyabr Zəfəri Azərbaycan xalqının və Azərbaycan dövlətinin varlığını, gücünü və müstəqil siyasi iradəsini nümayiş etdirən mühüm tarixi mərhələyə çevrildi.

 

Paylaş:
125

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər