Erməni silahlı qüvvələri təmas xəttində yerləşən məktəbi gülləbaran edib
Məlum olduğu kimi, Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə məruz qalıb.
1news.az-ın Təhsil Nazirliyin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində evin sahibi və onun 13 yaşlı nəvəsi, Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadə yaralanıb. Qolundan qəlpə yarası alan S.Vəlizadə hazırda Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alır.
Məlumata görə, intensiv atəş xəttində yerləşən sərhədyanı bölgələrin ümumtəhsil müəssisələrində tədris mühiti pozulub. Aprelin 2-də Ermənistan tərəfindən Ağdam rayonunun cəbhəboyu kəndlərinin ağır artilleriya atəşinə tutulması nəticəsində rayonun Ə.Quliyev adına I Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Nəticədə məktəbdə tələfat olmasa da, təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Eləcə də məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb və otaqların pəncərə şüşələri sınıb.
Həmin gün rayonun Ayaq Qərvənd kənd tam orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində məktəb binasına zərər dəyib, divarlar zədələnib.
Təhsil Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq huquq prinsiplərinə zidd olaraq, cəbhəboyu ərazilərdə dinc əhalinin, təhsil müəssisələrinin atəşə tutulmasını pisləyir və məktəbliləri hədəfə almaqla onların təhsil hüququnu məhdudlaşdıran vəziyyətin ciddi narahatçılıq doğurduğunu bildirir.
Xatırladaq ki, hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb.
Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.
“Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub”, - Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.
Həmçinin Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır. Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq.
1news.az