Qarabağ qaziləri Ali Baş komandana müracət etdilər
Birinci Qarabağ müharibəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda vuruşmuş qazilərimiz Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanına müraciət ediblər.
1news.az-ın verdiyi məlumata əsasən, müraciətdə deyilir:
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə.
Azərbaycan Respublikasının Müdafiə Naziri cənab Zakir Həsənova, Azərbaycan Respublikasının Səfərbərlik xidmətinin rəisi cənab Arzu Rəhimova.
Cənab Komandan, Cənab Nazir, cənab xidmət rəisi-son günlər Azərbaycan ordusunun davamlı zərbələri nəticəsində bir sıra yaşayış məntəqələrimiz azad olundu. Düşmən hələ də təslim olmaq əzmində deyil.
Belə bir zamanda dövlət məmurlarının keçmiş Qarabağ müharibəsi iştirakçıları, ehtiyatda olan zabitləri adından, Azərbaycan naminə, Vətən naminə, Dövlətçilik naminə, Sizə müraciət edirik:
- Bizlərin səfərbər olunması, komplektləşdirilməsi, ön cəbhəyə yola salınması ücün elə bu gün əmr verəsiniz.
- Aramızda ixtisaslı hərbi mütəxəssislər, döyüşcülər, tibb işçiləri var. Bu insanların uzun illər hərbi sahədə olan bilik və bacarıqlarından istifadə olunması üçün göstəriş verəsiniz.
- Ölkədə vətənpərvərliyin, döyüş əhval-ruhiyyəsinin qaldırılması, gənc nəslin kecmiş döyüşçülərin bu hərəkətindən daha da ruhlanması üçün şərait yaradasınız.
- Düşmənin təbliğat və axmaq, ucuz hərəkəti olan, keçmiş başkəsənləri döyüşə göndərməyinə cavab olaraq, şərait yaradasınız ki, biz yarımçıq qoyduğumuz döyüşümüzü davam etdirək və qisasımızı alaq.
- Nəzərinizə çatdırırıq ki, öz tərəfimizdən komplektləşdirilmə zamanı, qoyulan tapşırığa, verilən əmrlərə dəqiqliklə əməl edəcəyimizə söz veririk. Əks halda qanunda nəzərdə tutulmuş hər bir cəzanı qəbul etməyi qərara aldıq.
- Bu qərarı verəcəyiniz təqdirdə toplanış yerinə, hazırlıqlı gəlməyi özümüzün müqəddəs borcumuz hesab edirik.
Qərar verin, Azərbaycan, Vətən, Torpaq, Dövlətçilik naminə”.
1news.az