Fərqlənmə diplomu, hüquq üzrə fəlsəfə doktoru - Yenidən Ombudsman seçilən Səbinə Əliyevanın DOSYESİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərqlənmə diplomu, hüquq üzrə fəlsəfə doktoru - Yenidən Ombudsman seçilən Səbinə Əliyevanın DOSYESİ

Qafar Ağayev12:47 - Bu gün
Fərqlənmə diplomu, hüquq üzrə fəlsəfə doktoru - Yenidən Ombudsman seçilən Səbinə Əliyevanın DOSYESİ

Səbinə Əliyeva növbəti dəfə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) seçilib.

1news.az yenidən Ombudsman seçilən Səbinə Əliyevanın dosyesini təqdim edir.

Səbinə Yaşar qızı Əliyeva 1980-ci il mayın 7-də Bakı şəhərində anadan olub.

Səbinə Əliyeva 1996-cı ildə Bakı şəhəri Nəsimi rayonu 8 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomları ilə başa vurub.

2009–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil alıb.

2016-cı ildə “Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası” mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.

ƏMƏK FƏALİYYƏTİ VƏ KARYERASI

Səbinə Əliyeva əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində başlayıb. O, burada müxtəlif vəzifələrdə çalışıb, 2015-ci ildən isə aparat rəhbərinin müavini vəzifəsini tutub.

Azərbaycan Prezidentinin 21 iyun 2016-cı il tarixli sərəncamı ilə Səbinə Əliyevaya 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilib.

29 noyabr 2019-cu ildə Prezident tərəfindən Ombudsman vəzifəsinə irəli sürülən üç namizəd arasından Milli Məclis tərəfindən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili seçilib.

22 oktyabr 2026-cı ildə Prezident İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 14-cü bəndini və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun müvafiq müddəalarını rəhbər tutaraq Səbinə Əliyevanın namizədliyini Ombudsman vəzifəsinə yenidən seçilməsi üçün Milli Məclisə təqdim edib.

BEYNƏLXALQ FƏALİYYƏTİ

Səbinə Əliyeva bir sıra beynəlxalq konfrans və simpoziumlarda iştirak edib. Çin, Avstriya, Böyük Britaniya və Yunanıstanda keçirilən tədbirlərdə təmsil olunub.

O, MDB Parlament Assambleyasının xüsusi kurslarını bitirib. Türkiyə Konstitusiya Məhkəməsinin təşkilatçılığı ilə keçirilən Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının “Söz və toplaşmaq azadlığı” mövzusunda yay məktəbində iştirak edib.

Bundan başqa, Almaniyada “Hüquqi transformasiya naminə hüquqi dialoq” adlı təlimlərdə, Fransanın Sarbon Biznes Məktəbində isə “Liderlik və strateji idarəçilik bacarıqları” mövzusunda seminarda iştirak edib.

AİLƏSİ

Səbinə Əliyeva, Azərbaycanın O diplomatı, keçmiş deputat və Milli Məclis sədrinin sabiq müavini Yaşar Əliyevin qızıdır.

O, Milli Məclisin komitə sədri Siyavuş Novruzovla ailəlidir.

İki övladı var.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər