Ermənilərin Ağdamda bir nəfər dinc sakini öldürdülər, 5 nəfəri isə yaraladılar
Ağdam rayonunun bir sıra yaşayış məntəqələri, o cümlədən Sarıçoban, Əhmədağalı, Orta Qərvənd, Qaradağlı və Səfərli kəndləri aprelin 4-də erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə artilleriya qurğularından intensiv atəşə məruz qalıb.
1news.az xəbər verir ki, bu barədə Ağdam rayon prokurorluğu və Polis Şöbəsinin məlumatında qeyd olunub.
Məlumata görə, həmin tarixdə saat 16:00 radələrində rayonun Sarıçoban kəndinin ərazisinə düşmüş 3 ədəd mərminin partlaması nəticəsində kənd sakini, 1968-ci il təvəllüdlü Cəfərov İlqar Hidayət oğlu qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Saat 17:00 radələrində rayonun Əhmədağalı kəndinin ərazisində yerləşən məscidin yaxınlığına düşmüş mərminin partlaması nəticəsində orada qoyun otaran kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu qəlpə yarası xəsarətləri alaraq hadisə yerində ölüb, 30-a qədər qoyun-quzu tələf olub.
Rayonun Orta Qərvənd kəndinin ərazisinə atılmış mərminin partlaması nəticəsində kənd sakini, 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu və 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Saat 20:00 radələrində rayonun Qaradağlı kəndinin ərazisində mərminin partlaması nəticəsində yanmış ev rayon dövlət yanğın mühafizə hissəsinin işçiləri tərəfindən söndürülərkən həmin yerə atılmış digər mərminin partlaması nəticəsində yanğını söndürən rayon dövlət yanğın mühafizə hissəsinin manqa komandiri, 1974-cü il təvəllüdlü Mustafayev Akif Musa oğlu qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Rayonun Səfərli kəndinin ərazisinə düşmüş mərminin partlaması nəticəsində kənd sakini, 2000-ci il təvəllüdlü Məhərrəmova Pakizə Fərman qızı qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Hər beş fakt üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.
1news.az