“Üç rəngli bayrağımız üçün son damla qanımıza qədər vuruşmağa hazırıq” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Cəmiyyət

“Üç rəngli bayrağımız üçün son damla qanımıza qədər vuruşmağa hazırıq” – Prezidentə yazırlar

20:33 - 05 / 04 / 2016
“Üç rəngli bayrağımız üçün son damla qanımıza qədər vuruşmağa hazırıq” – Prezidentə yazırlar

Xəbər verildiyi kimi, saat 12:00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

Qarabağda gedən döyüşlər cəmi bir neçə gün çəksə də, Azərbaycan xalqı üçün əsl sınaq, mübarizlik, birlik imtahanı oldu və əminliklə deyə bilərik ki, bu imtahandan üzüağ çıxdıq. İtkilərimiz, yaralılarımız olsa da, rəşadətli, igid əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində Azərbaycan çoxdandır ki, arzusunda olduğu, yaşamaq istədiyi bir hissi – QƏLƏBƏ hissini daddı.

İgid döyüşçülərimiz neçə illərdir ki, düşmən tapdağı altında inləyən, bizi haraya, qisasa səsləyən torpaqlarımızın bir hissəsini azad etdilər və üçrəngli bayrağımızı ora sancdılar. Bu, bizim tezliklə Qarabağda, Şuşada da Azərbaycanımızın şanlı bayrağının dalğalanacağına ümidimizi daha da artırdı.

Lakin bu qələbə heç də asan başa gəlmədi. Neçə-neçə igid oğlunun al qanı Vətən torpağına qarışdı, ruhları isə əbədiyyətə qovuşdu. Bəli, onlar öz canlarını, qanlarını öz Vətəni, xalqı yolunda qurban verərək ŞƏHİDLİK zirvəsinə ucaldılar.

Baş verən son hadisələr həm də bizə sözün həqiqi mənasında necə böyük bir XALQ olduğumuzu göstərdi. Ermənilər Ordumuzun zərbələrinə tab gətirməyib silah-sursatlarını qoyub qaçmağa başladıqları halda, on minlərlə igid oğul və qızlarımız Vətən uğrunda canlarından keçmək üçün cəbhə bölgələrinə can atdı. Bu, necə böyük, qorxmaz, vətənpərvər bir xalq olduğumuzu bir daha sübut etdi. İndi hər birimiz ulu öndər Heydər Əliyevin dediyi kimi, ürəkdən “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” deyə bilər.

Cəmi bir neçə gün davam edən döyüşlər həm də Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha sübut etdi. Bir daha şahid olduq ki, Ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə hər an hazırdır və buna qadirdir. Bu isə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü və düzgün siyasətin nəticəsidir. Ən müasir silahlarla təchiz olunan Ordumuz günü gündən güclənməkdə davam edir. Bu isə torpaqlarımızı işğal altında saxlayan düşmənin və onun havadarlarının canına vəlvələ salır. Çünki yaxşı bilirlər ki, gec-tez Ordumuz işğal olunmuş torpaqlarımızı azad edəcək.

Döyüşlər dayandırıla bilər, lakin müharibə hələ bitməyib. Və nə qədər ki, Azərbaycan torpaqları işğaldan tam azad olunmayıb bitməyəcək.

Son hadisələrlə bağlı toxunmaq istədiyimiz başqa bir məqam isə xalqımızın nümayiş etdirdiyi həmrəylikdir. Sübut etdik ki, biz yalnız sözdə deyil, əməldə də birik və ümumi maraqlar naminə birləşməyi, həmrəy olmağı bacarırıq. Sevindirici məqam isə ondan ibarətdir ki, yalnız Azərbaycandakı insanlar deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da Qarabağda döyüşlər gedən zaman öz dəstəklərini nümayiş etdirməklə sübut etdilər ki, harada yaşamaqlarından asılı olmayaraq hər an Vətənimizin köməyinə gəlməyə hazırdırlar.

Sevindirici məqam isə həm də ondan ibarətdir ki, başqa xalqların, millətlərin nümayəndələri, özünü bizə dost, qardaş hesab edən dövlətlər də bizimlə həmrəy olduqlarını nümayiş etdirdilər. Hətta bununla qalmayıb Qarabağda gedən döyüşlərdə Ordumuzla çiyin-çiyinə vuruşmağa hazır olduqlarını bəyan etdilər.

Dövlət başçısının ünvanına gələn məktublar da xalqımızın döyüş əzminin necə yüksək olduğunu göstərir. Onların bir neçəsini diqqətinizə çatdırırıq:

Digər məktublarla bu linkdə tanış ola bilərsiniz.

Rzayev Bəhruz, Lerik rayonu

“Hörmətli Ali Baş Komandan!

Bu günlər evdə televiziya və internet qarşısından məlumatlanmaq mənə çox ağır gəlir. Birbaşa cəbhədə gedən proseslərin içində olmaq istəyirəm. Mənfur düşmənlərimizə qarşı vuruşmağı özümə borc bilirəm. Bir Azərbaycan vətəndaşı kimi könüllü sürətdə cəbhə xəttinə yollanmaq fikrindəyəm. Əminəm ki, torpaqlarımızın düşmən tapdağı altında qalmasına tezliklə son qoyulacaq”.

Vəliyev Sənan, Azərbaycan Respublikası, Abşeron rayonu

“Hörmətli cənab Prezident!

Biz hamımız Sizinlə qürur duyuruq. Allah Sizə can sağlığı, əliniz-qolunuza güc-qüvvət versin. Bu gücünüzlə, müdrik və uzaqgörən siyasətinizlə, elinizlə birlikdə düşmənə qalib gələcəyinizə inanırıq.

Siz xalqımıza, xalqımız da Sizə dayaqdır!”

Cəfərov Nəriman, Biləsuvar, Azərbaycan

“Hörmətli cənab Prezident.

Cəbhədə əldə olunmuş qələbələrə görə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düşmənə vurulan sarsıdıcı zərbələr hər bir azərbaycanlını ürəkdən sevindirir. Mən də öz növbəmdə hər an köməkliyimi göstərməyə hazıram. Allahdan Sizə möhkəm cansağlığı arzu edirəm”.

Xəlilov İlqar, Cəlilabad rayonu, Qarazəncir kəndi

“Hörmətli cənab Prezident!

Mən hərbi xidmətə qayıtmaq istəyirəm. Vaxtilə, Tərtər rayonunun Qapanlı kəndində avtomatik minaatan batareyasında əsgər kimi xidmət etmişəm. İndi Tərtər rayonunda döyüş gedir və mən evdə qala bilmirəm və orada vuruşmaq istəyirəm. Sizin rəhbərliyinizlə bütün döyüşlərdən qalib çıxacağımıza əminik”.

Muradxanlı Ramin, Kəlbəcər rayonu

“Hörmətli cənab Ali Baş Komandan!

Son günlər baş verən hadisələr bizim çoxdan gözlədiyimiz ermənilərə verilmiş layiqli cavabdır. Allah bu əməliyyat zamanı şəhid olan əsgərlərimizə rəhmət eləsin. Vətən sağ olsun!

Hörmətli cənab Prezident!

Biz daim Sizinləyik, Sizə - Ali Baş Komandanımıza inanırıq. Əminik ki, Sizin rəhbərliyinizlə qısa müddətdə torpaqlarımız işğaldan azad ediləcək. Cəbhədə baş verən son hadisələrlə bağlı onu bildirmək istəyirəm ki, Vətənimizin keşiyində durmağa, onun uğrunda canımı fəda etməyə həmişə hazıram. Bunun üçün əmrinizi gözləyirik”.

Mansırlı İlqar,Tovuz rayonu, Aşağı Quşçu kəndi

“Cənab Ali Baş Komandan!          

Biz hər zaman hazırıq və Sizin əmrinizi gözləyirik ki, düşmənə daha ağır zərbələr endirək və şəhidlərimizin qisasını alaq. Düşmən özü də bizim gücümüzü yaxşı bilir və ilk zərbənin təsirində bunu bir daha hiss etmişdir. Elə buna görə də təşviş içindədirlər.

Bizim gücümüz birliyimizdə və milli kökümüzə bağlılığımızdadır.

Yaşasın Azərbaycan!”

Kərimova Heyran, Bakı şəhəri,Nərimanov rayonu

“Hörmətli cənab Prezident!

Qoy Ulu Tanrım Sizə - xalqımızın cəsur oğluna kömək olsun, qanadlarını üzərinizdən əskik etməsin. Bu ağır, çətin işdə yolunuzu nurlandırsın. Dualarımız həmişə Sizinlədir. Qarabağı geri qaytaracağınıza inanırıq. Bunu ilk növbədə sülh yolu ilə istəyirik. Bu işdə beynəlxalq birliklər və təşkilatlar da öz əməyini əsirgəməməlidir. Biz xalq olaraq öz torpaqlarımızın işğalı ilə barışa bilmərik”.

Hacıyeva Nisə,Bakı şəhəri, Nizami rayonu

“Hörmətli cənab Prezident!

Son illərdə Azərbaycanda baş verən hər uğura vətəndaş olaraq çox sevinir, Sizə təşəkkür edir, uğurlar diləyirəm. Bir neçə gündür ölkəmizdə cəbhədə baş verənlər bizi də üzür. Siz sülh insanı olduğunuzu dəfələrlə göstərmisiniz, qarşı tərəf bunu anlamırsa, hücumlarının cavabını bizim ordu lazımınca verəcək. Xanım olmağıma baxmayaraq mən və mənim kimi kişili, qadınlı bütün xalq Sizinlədi, hər an cəbhədə olmağa hazırıq!

Qarabağ Azərbaycanındır, bizə də qayıdacaq!”

Binyatov Rafael, Bakı, Azərbaycan

“Cənab Ali Baş Komandan!

Mən 2014-cü ildə hərbi xidmətdən təxris olmuşam. Vətənimə, xalqıma, Sizə xidmət eləmək üçün yenidən hərbiyə qayıtmaq istəyirəm. Ön xətdə savaşmağa könüllü razıyam. Bu, hər birimiz üçün böyük şərəfdir. Düşmənlərimizə növbəti dəfə layiqli cavab verdik.

Cənab Ali Baş Komandan, Sizə təşəkkürlər”.

Mehmet Balioğlundan, İstanbul, Türkiyə

“Hörmətli Prezidentim İlham Əliyev.

Cəbhəboyu zonada həyata keçirilən əməliyyatlar zamanı şəhid olan qardaşlarımızla əlaqədar Sizə və Azərbaycan xalqına başsağlığı verirəm.

Çox xoşbəxtəm ki, İstanbulda mərhum atanız, ulu öndər Heydər Əliyevin əlini öpmək və Azərbaycana gəldiyim zaman məzarını ziyarət etmək mənə də nəsib olub.

Sizin apardığınız mübarizə mənim, bütün Türkiyə vətəndaşlarının mübarizəsidir. Biz hər zaman yanınızdayıq və Azərbaycandan olan qardaşlarımızla çiyin-çiyinə döyüşmək üçün əmrinizi gözləyirik”.

Əli İlhan Özdemirdən, Ankara, Türkiyə

“Hörmətli cənab Prezident.

Təmas xəttində Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatların qarşısının alınması zamanı Azərbaycan əsgərlərinin şəhid olması ilə əlaqədar Sizə, qardaş xalqımıza başsağlığı verirəm. Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm.

Bu çətin günlərdə bütün dualarımız sizinlədir”.

Nalan Ongun, Ankara, Türkiyə

“Hörmətli Prezidentimiz.

Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alınması ilə bağlı aparılan əməliyyatlarda azərbaycanlı qardaşlarımızın şəhid olması xəbərini Ongun ailəsi olaraq dərin kədər hissi ilə aldıq. Qardaşlarımızın şəhid olmasından mütəəssir olduğumuzu və bu kədərinizə şərik olduğumuzu Sizə bildirmək istəyirəm. Şəhid qardaşlarımıza Allahdan rəhmət, Sizə və bütün Azərbaycan xalqına başsağlığı diləyirəm”.

Fərrux Zeynalov, Lauingen, Almaniya

“Cənab Ali Baş Komandan!

Mən Almaniyada yaşayıram və ölkədə gedən prosesləri izləyirəm. Hərbi xidmətimi 2010-cu ildə xüsusi təyinatlı batalyonda başa vurmuşam. Sizin qorxmazlığınız və mərdliyiniz bizə ruh verir, əgər lazım olarsa Sizin komandanlığınız altında döyüşə qatılmağa hazıram. Xahiş edirəm, bizə imkan verin alnı açıq, başı yuxarı gəzək. Qarabağsız bunu etmək olmur. Allah Sizi gorusun. Sizin bir əmriniz yetər gənclərin silaha sarılması üçün”.

Anar Əzimov, Novokuznetsk, Rusiya

“Cənab Ali Baş Komandan!

Əvvəla Sizi və xalqımı bəzi kəndlərimizin işğaldan azad olunması münasibəti ilə təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin ailələrinə Allahdan səbr diləyirəm. Bir şeyi unutmayaq. Torpaq əgər uğrunda ölən varsa vətəndir. Mən çox istərəm şəhid qardaşlarımızın qanı yerdə qalmasın. Torpaqlarımız erməni işğalından təmizlənsin. Bütün dünya şahiddir ki, Azərbaycan məsələnin sülh yolu ilə həlli üçün əlindən gələni etmişdir və etməkdədir.

Cənab Ali Baş Komandan! Əmrinizi gözləyirəm”.

Cavid Nəsirli, Sankt-Peterburq, Rusiya

“Hörmətli cənab Prezident!

Cəbhədəki uğurlu addımlara görə Sizi və öz xalqımı təbrik edirəm! Mən Rusiyada Qarabağ döyüşlərinin hər anını izləyir və ordumuza dua edirəm. Sankt-Peterburqda yaşayan həmvətənlərim adından səfərbərlik elan etməyinizi, Vətənimiz, Üç rəngli bayrağımız üçün son damla qanımıza qədər vuruşmaq istədiyimizi bildiririk. Bu həmrəyliyin qarşısında düşmən dayana bilməz”.

Mustafa Toklu, Konya, Türkiyə

“Hörmətli cənab Prezident.

Mən Sizə Türkiyənin Konya şəhərindən yazıram. Bir türk olaraq Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına verdiyi tutarlı cavabdan qürurlanır. Qardaş Azərbaycan tək deyil. Biz daim Sizin yanınızdayıq.

Möhtərəm Prezident, mən özümə güvənən adamam, silahla davranmağı və təbiət şərtlərinə uyğunlaşmağı bacarıram. Əgər əmriniz olarsa, qardaşlarımızla çiyin-çiyinə vuruşmağı özümə şərəf bilərəm. Allah Sizi və Azərbaycan xalqını qorusun”.

Cavid Məmmədlidən, Edinburq, Birləşmiş Krallıq

“Hörmətli cənab Prezidentim.

Sizi və bütün Azərbaycan xalqını əldə etdiyimiz qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Mən də bir Azərbaycanlı kimi, ata yurdu işğal altında olan bir şəxs kimi müqəddəs missiyamızı yerinə yetirməyə hazıram və Sizin əmrinizi gözləyirəm. Allah Sizi hifz etsin və qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Mahir Həmzəyevdən, Vilnüs, Litva

“Zati-aliləri cənab Prezident İlham Əliyev!

Litva Azərbaycanlıları Cəmiyyəti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan Ordusunun atdığı bütün addımları birmənalı dəstəkləyir və Ordumuzun irəliləməsini alqışlayır. Ordumuza uğurlar arzulayır və bildiririk ki, istər döyüş əməliyyatlarında iştirak etməyə, istərsə də təbliğat və informasiya qovğasında Ordumuza Baltik ölkələrində hər cür dəstək verməyə, xalqımızın haqq səsini Litva ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni etməyə həmişə hazır olduğumuz kimi indi də hazırıq.

Azərbaycan diasporunu, xaricdə yaşayan bütün həmvətənləri bu məsuliyyətli və həlledici tarixi mərhələdə Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirməyə, Ordu və onun Ali Baş Komandanı İlham Əliyev ətrafında sıx birləşməyə çağırırıq.

Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusu ilə təmas xəttində baş verən döyüş qarşıdurması zamanı verdiyimiz itkilərlə bağlı xalqımızın yaşadığı acını ürəkdən bölüşürük. Ərazi bütövlüyümüz uğrunda şəhid olmuş hərbi qulluqçuların ailələrinə, yaxınlarına, həmçinin Zati-aliləri Sizə və bütün Azərbaycan xalqına Litva azərbaycanlıları adından dərin hüznlə başsağlığı verir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir və yaralılara şəfa arzu edirik. Vətən sağ olsun! Haqq işi uğrunda mübarizədə tarixi vətənimiz Azərbaycana qələbələr arzu edirik”. 

Menderes Çağlayandan, Köln, Almaniya

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev.

Mən Almaniyada yaşayan türkəm. Ermənilərlə döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin yeri mütləq cənnətdədir. Qardaş Azərbaycan xalqının başı sağ olsun. Azərbaycan Ordusuna yeni qələbələr arzu edirəm. Qardaş ölkənin torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil. Bunu Siz edəcəksiniz. Sizə uğurlar olsun. Sizi çox sevirik”.

Ərşət Salihi, Bağdad, İraq

“Hörmətli Prezident İlham Əliyev.

Biz İraq türkmənləri Azərbaycan xalqının yanındayıq.

Ermənistanın son günlər cəbhə bölgəsində törətdiyi təxribatlar bizi qəzəbləndirib. Şəhid olan azərbaycanlı əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar Vətən uğrunda şəhid olublar. Bu, türk üçün böyük şərəfdir. Azərbaycan Ordusunun cəbhədəki uğurlarına çox sevinirik. Qəhrəman Azərbaycan əsgəri işğalçı ermənilərin dərsini verdi. Bütün cəbhə boyu Azərbaycanın hərbi üstünlüyü, inşallah, böyük qələbəyədək davam edəcək.

Biz İraq türkmənləri sözümüz, soyumuz, kökümüz bir olan Azərbaycanla birgə olmaqdan şərəf duyuruq. 1918-ci ildə Azərbaycanın qurtuluşu üçün Nuri Paşanın ordusunda yer aldığımız və bu gün Bakıda Şəhidlər xiyabanında uyuyan türk şəhidlərimiz kimi şərəf duyuruq. Allah köməyiniz olsun. Yaşasın Azərbaycan-İraq türkmənləri dostluğu, birliyi, bərabərliyi”.

Ferdi Yıldırımdan, İstanbul, Türkiyə

“Hörmətli cənab Prezident İlham Əliyev!

Allah Sizin və soydaşlarımızın yardımçısı olsun. Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun cəbhədə uğurları bizi çox sevindirir. Mən doğma qardaşlarım azərbaycanlılarla birlikdə cəbhədə düşmənə qarşı döyüşməyə hər an hazıram. Əmin ola bilərsiniz ki, Türkiyədə mənim kimi düşünən milyonlarla soydaşınız var. Allah yardımçınız olsun”.

1news.az

Paylaş:
1461

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər